Məhkəmə qərarları › İş №2(007)-685/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-685/2025

19.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-685/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun silinməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında qaz sayğacın oğurlandığına görə hesablanmış və hazırda mənzil sahibi olaraq o, X1 tələb edilən 159 manat 96 qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz" İstehsalat Birliyi qaz paylayıcısı olaraq, qaz qurğusu istifadəçisi X3, qaz sayğacının oğurlandığı əsasdan ona 159 manat 96 qəpik məbləğində borc hesablanmışdır. Hesab edir ki, cavabdehin bu hərəkəti, ishehlakçı olaraq, hüququnun aşkar şəkildə pozulmasına yönəlmiş və üzərinə cavab verməli olmadığı hala görə əlavə öhdəliklər qoyulmuşdur. Belə ki, ünvan 1 xüsusi mülkiyyətindədir. Həmin mənzili xx.xx.2022-ci il tarixdə alqı-satqı yolu ilə əldə etmişdir. Mənzili əldə edəndə qaz sayğacı əvvəlki mülkiyyətçi X2 adında olmuş və alqı-satqı tarixinə qaza borcu olmamışdır. Bu müddət ərzində istifadə edilən təbii qaz üçün də ödənişlər vaxtında və əvvəlcədən edilmişdir. Lakin qaz kartını adına dəyişdirmək üçün müraciət edəndə, 159,96 manat borc olduğundan, imtina edilmiş və borcun ödənilməsi tələb edilmişdir. Aydınlaşdırma zamanı məlum olmuşdur ki, həmin borc, ona və mənzili aldığı ondan əvvəlki deyil, ondan əvvəlki mənzil mülkiyyətçinin dövrünə aiddir. Borc qaz sərfiyyatı ilə deyil, qaz sayğacının oğurlanması ilə bağlıdır. Belə ki, 2019-cu ildə həmin binadan bir-neçə qaz sayğacı oğurlanmışdır, onlardan biri də hazırda mülkiyyətində olan mənzilə aid sayğac olmuşdur. Tələb olunan 159,96 manat da oğurlanmış sayğacın yerinə qoyulmuş yeni sayğacın dəyəridir. Hesab edir ki, həmin məbləğin ondan tələb etməsi yol verilməzdir. Ona görə ki, həmin sayğac onun xahişi və ya razılaşması əsasında qoyulmamışdır. Digər tərəfdən mənzillərə sayğac pulsuz quraşdırılır və mənzil sahibinin saxlancına verilmir. Əksinə sayğaclara nəzarət "Azəriqaz" İB-nin müvafiq qurumlarına aiddir. Sayğac mənzilin daxilində deyil, küçədə quraşdırılmışdır. Mənzil sahibinin istəyi ilə çıxarılmamış, oğurlanmışdır. Belə çıxır ki, hər dəfə sayğac oğurlanar, mənzil sahibi də yeni sayğac üçün pul ödəməlidir. Bu hansı məntiqə uyğundur? Bundan başqa sayğac 5 il bundan əvvəl oğurlanıb və 5 il bundan əvvəl yerinə yenisi quraşdırılmışdır. Onda niyə sayğacın pulunu quraşdırıldığı 2019-cu ildə deyil, 5 ildən sonra tələb olunur? Ona görə də oğurlanmış sayğacın dəyərinin ondan tələbinə son verilməsi, bununla bağlı müştəri hesabında göstərilmiş 159,96 manat borcun silinməsi, sayğacın (müştəri hesabın) adına rəsmiləşdirilməsi, adına yeni kart verilməsinə köməklik göstərilməsi üçün cavabdehə müraciət etsə də, müraciəti cavabsız qalmışdır. Bu baxımdan məsələnin həlli üçün məhkəməyə mürüciət etmək məcburiyyətində qaldı.

Tərəflərin izahatları:

3. İddiaçı ərizə verərək uzunmüddətli ezamiyyətdə olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

7. İddiaçı xx.xx.2023-cü ildə “Azəriqaz" İstehsalat Birliyinə müraciət edərək borcun silinməsini tələb etmişdir.

8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********222-05101-093010 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, İ.Nəsimi küçəsi, 32 saylı evin, 4 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.

9. xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, X4 Bakı şəhəri, Nizami rayonu, İ.Nəsimi küçəsi, 32 saylı evin, 4 saylı mənzilini İddiaçı satmışdır.

10. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilə quraşdırılmış sayğac polisin arayışına əsasən oğurlanmışdır.

11. Abonentin saldosundan görünür ki, 159.96 manat borc hesablanmışdır.

İşin faktiki halları:

12. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilə quraşdırılmış sayğac polisin arayışına əsasən oğurlanmışdır. Mənzil xx.xx.2022-ci il tarixdə iddiaçıya satılmışdır. Həmin sayğac üzrə 159.96 manat borc hesablanmışdır.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın:

4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilə quraşdırılmış sayğac polisin arayışına əsasən oğurlanmışdır. İddiaçı mənzili xx.xx.2022-ci il tarixdə alqısatqı müqaviləsi əsasında almışdır. Borc məbləği isə 2019-cu il tarixdə hesablanmışdır. Göründüyü kimi həmin borc məbləği əsassızdır. Belə ki, 2019-cu ildən bəri cavabdeh tərəfindən tələb edilməmiş, müqavilə öhdəlikləri üzrə tələb müddəti ötmüşdür. Borc məbləği uzunmüddətlidir, hüquqi qüvvəsini itirmişdir. Odur ki, əsassız hesablanmış borc məbləği silinməlidir.

15. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli 159.96 manat məbləğində borc silinməlidir.

Məhkəmə baxışının hədləri:

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Məhkəmə xərcləri:

18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə:

19. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı məxsus **********20004 abonent kodu üzrə hesablanmış 159.96 manat məbləğində borc silinməlidir.

20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus **********20004 abonent kodu üzrə hesablanmış 159.96 manat məbləğində borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar