Məhkəmə qərarları › İş №2(007)-705/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-705/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-705/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 cəlb edilməklə Cavabdeh qarşı "maddi təminatın ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 cəlb edilməklə Cavabdeh qarşı "maddi təminatın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21 noyabr 2018-ci ildə mənimlə bağladığı maddi təminatın ödənilməsinə dair müqavilənin şərtlərinə əməl etməsini təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 08 fevral 2016-cı ildə rəsmi nikahda olduğu Cavabdeh Nərimanov rayon Məhkəməsində boşanmışdır. Onların birgə nikahından 14 iyul 1999-cu il təvəllüdlü X6 və 07 noyabr 2000-ci il təvəllüdlü X4 adlı iki övladları var. 21 noyabr 2018-ci ildə Cavabdeh ilə o, maddi təminatın ödənilməsinə dair müqavilə bağlamışlar. Müqavilə Bakı şəhəri 21 saylı notariat kontorunun xüsusi notariusu X19 tərəfindən təsdiqlənmişdir. Müqavilənin şərtinə görə uşaqların atası-Cavabdeh 2018ci ilin noyabr ayından başlayaraq 2023-cü ilin noyabr ayına kimi hər ay 600 manat ödənməsini öhdəliyinə götürmüşdür. O isə ikinci tərəf olaraq həmin 600 manat pulu uşaqlarının maddi təminatlarının ödənilməsi üçün xərclənməsini öz öhdəsinə götürmüşdür. Müqavilə üç nüsxədən ibarət imiş. Biri notariat kontorunda saxlanılmaqla digər iki nüsxə onlara verilmişdir (yəni ona və Cavabdeh). Lakin müqavilənin şərtinə iki ay əməl olunmuşdur. 2018-ci ilin dekabr ayı və 2019-cu ilin yanvar aylarında, hər ay 450 manat olmaqla, cəmi 900 manat ödənilmişdir. Daha sonra Cavabdeh müqavilənin şərtinə əməl etmiyib pulu ödəməmişdir. Və hər iki nüsxənin bu zamana qədər Cavabdeh olduğu üçün hər hansı bir tədbir görə bilməmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı X9 qanunvericiliyə əsasən ona qarşı maddi təzminatın ödənilməsinə dair ərizə ilə müraciət edərək 2018-ci ilin noyabr ayından ayda 600 manat olmaqla pul tələbedir. İddia ərizəsində qeyd edilir ki, 2018 ci ilin dekabr və 2019-cu ilin yanvar aylarında müqavilənin şərtlərinə əsasən ayda 450 manat olmaqla, cəmi 900 manatın ödənilməsi qeyd edilir. Nəzərinizə çatdırır ki, nikahın pozulmasına baxmayaraq 2019-cu ilin əvvəlindən 2020-ci ilin oktyabr ayının 27-nə kimi ailəliklə birlikdə yaşamışlar. Birgə yaşayış və əvvəlki zamanlarda da ailə üzvlərinin aylıq tələbatları üçün ayda həmin məbləğdən az və ya artıq ödənişlər olmuşdur. Lakin müqaviləyə əsasən heç bir ödəniş olmamışdır. Aşağıda göstərilən faktlara və sübutlara əsasən iddia təmin edilə bilməz. Qeyd edir ki, onların nihahları 02 fevral 2016-cı ildə pozulmuşdur. Bu nikahdan onların 14.07.1999-cu il və 07.11.2000-ci il təvəllüdlü iki övladları var. Onların aralarındakı müqavilə isə 2018-ci ilin noyabr ayında bağlanılmışdır. Göründüyü kimi müqavilə uşaqlar yetkinlik yaşına çatandan sonra bağlanılmışdır. Müqavilənin məzmunundan aydın olur ki, ondan tələb olunan təzminat uşaqların mənafeyini əks etdirmir. Belə olan halda, yəni yetkinlik yaşına çatmış şəxslərə (uşaqlara ) görə iddiaçının ondan pul tələb etmək hüququ yoxdur. Yetkinlilk yaşına çatmış şəxslər tam fəaliyyət qabiliyyətlidir. Buna görədə iddiaçının ona qarşı iddia qaldırmaq hüququ yoxdur. İstinad olunan qanunvericiliyə görə yetkinlik yaşına çatmış (uşaqlar) şəxslər ona qarşı özləri iddia qaldıra bilərlər. Göstərilənlərə əsasən iddiaçının ona qarşı iddia qaldımağa subyektiv hüququ yoxdur. Müqavilə özü-özlüyünda etibarsızdır. İstinad olunan məcəllə hüquq normalarının tələbinə əsasən onların aralarında öhdəlik mövcud olmadığına görə iddiaçı müqavilənin icrasını tələb etmək hüququ yoxdur. Qeyd edilənlərə əsasən iddaçı X10 tərəfindən ona qarşı maddi təzminatın ödənilməsi tələbinə dair iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının 53-cü maddəsinə uyğun olaraq iddia həcminin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, hazırda iddia tələbində dəqiqləşdirmə aparır. Belə ki, Cavabdeh ata olaraq qızları X7 və X2 təhsil almaları, onların maddi təminatının və s. ehtiyaclarının ödəməsi üçün onunla notarial qaydasında təsdiq olunmuş müqavilə imzalamış və bu müqavilə üzrə ona cəmi 450 manat pul ödəmişdir. Sonradan isə müxtəlif bəhanələr gətirib müqavilə üzrə ödənişləri yubatmış, daha sonra isə qəti olaraq pul ödəməkdən imtina etmişdir. Cavabdehlə müqavilə bağlayarkən qızlarının təhsili, ehtiyaclarını və digər təminatlarını onunla ətraflı müzakirə etmiş və bu müqaviləni bağlamışlar. Cavabdeh ata olaraq qızlarının maddi təminatını, o isə ana olaraq qızlararına qayğı göstərmək, onların tərbiyyəsi ilə məşğul olmaq, yaşamalarına kömək edəcəyini üzərinə götürmüşdür. Cavabdeh yüksək pensiya aldığına görə ödəməyi üzərinə götürdüyü 600 manat pulu aybaay ödəmək onun üçün çətin deyildir. Hazırda cavabdeh tam olaraq müqavilə öhdəliklərini yerinə yetirməkdən və üzərinə götürdüyü aylıq 600 manatı ödəməkdən boyun qaçırır. O, hal-hazıradək müqavilə üzrə cəmi 450 manat pul ödəmişdir. Cavabdeh ödəniş etməməsi səbəbindən qızları üçün böyük çətinliklər yaranmışdır. Buna görə də cavabdehdən pulun məhkəmə qaydasında tutulması vacibdir. Hal-hazıradək cavabdeh ödənilməmiş aylar üzrə cəmi 15700 manat pul borclu qalmışdır. Bu məbləğ cavabdehdən tutulub ona ödənilməlidir. Cavabdeh etirazında qızlarının 18 yaşı tamam olduğunu qeyd edib onları saxlamağa borclu olmadığını bildirmişdir. Halbuki, müqavilə bağlayan zaman artıq qızlarının 18 yaşı tamam olmuşdur və cavabdeh bu burədə məlumatlı imiş. O, qızlarının artıq 18 yaşı tamam olduğunu bilir və məhz onların təhsili və digər ehtiyaclarını ödəmək üçün bu müqaviləni bağlamışdır. Həmçinin nəzərə alınmalıdır ki, müqavilə notarial qaydasında təsdiqlənib razılaşdırılmış, cavabdeh tərəfindən mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir. Odur ki, cavabdeh qüvvədə olan müqavilə üzrə öhdəliklərini yerinə yetirməlidir. Qeyd edilənlərə əsasən Cavabdeh cəmi 15700 manat pul tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, 2019-cu ilin əvvəlindən 2020-ci ilin oktyabr ayının axırına qədər iddiaçı ilə bir ailə kimi yaşamışlar. Yaşadıqları dövürdə təminatlarını o, həyata keçirmişdir .Bu müqaviləni bağlamaqlarının səbəbi söz-söhbətlərə son qoymaq imiş. Aliment pulu onun pensiyasından tutulmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahat verərək bildirdi ki, 2018-ci ildə ad günündən 2 həftə sonra 18 yaşı tamam olduğu zaman müqavilə bağlanmışdır. Müqavilə bağlamağı atası özü təklif etmişdir. Atası 2019-cu ilin sentyabrından 2020-ci ilin sentyabrına kimi yanında qaldığı müddətdə öz qidalanması üçün ödənişlər etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Birinci tərəf Cavabdeh ilə ikinci tərəf İddiaçı arasında bağlanmış 21 noyabr 2018-ci il tarixli Maddi təminatın ödənilməsinə dair müqavilədən görünür ki, 1-ci tərəf- ünvan 1 ünvanında yaşayan Cavabdeh (Ş/VAZE № 15568092, 28.06.2015-ci il tarixdə -Asan 4 tərəfindən verilib), 2- ci tərəf Bakı şəhəri, Nərimanov rayonu, X24 ev 15 ünvanında yaşayan X11 - (Ş/V AZE № ********, 14.05.2013-cü il tarixdə -Nərimanov RPİ tərəfindən verilib) aşağıdakı məzmunda müqavilə bağlamışlar: 1.2. Cavabdeh ilə X11 arasında 22.06.1999-cu il tarixli Bakı şəhəri Nərimanov VVADQ şöbəsində qeydə alınmış 269 nömrəli akt qeydinin pozulmasını Nərimanov Rayon Məhkəməsi qət etmiş və bununla bağlı 08.02.2016-cı il tarixli İş № 2(005)-367/2016 nömrəli qətnamə çıxarılmışdır. Birgə nikahdan doğulmuş uşaqlarının 14 iyun 1999-cu ildə doğulmuş X8 və 07 noyabr 2000- ci ildə doğulmuş X5) Universitetlərdə təhsil almaları və onların digər maddi təminatlarının ödənilməsi üçün uşaqların atası-Cavabdeh 2018-ci ilin noyabr ayından başlayaraq 2023cü ilin noyabr ayına kimi hər növbəti ayın 1-nə kimi ayda 600 manat ödənilməsini öz öhdəsinə götürür. 1.3. 2-ci tərəf - X11 isə həmin 600 manat pulun uşaqların (14 iyun 1999cu uldə doğulmuş X6 və 07 noyabr 2000-ci ildə doğulmuş X4) maddi təminatlarının ödənilməsi üçün xərclənməsini öz öhdəsinə götürür. - İddiaçı ******************** saylı kart hesabından görünür ki, İddiaçı sonuncu dəfə 10.12.2018-ci il tarixdə 450 manat aliment ödənişi edilmişdir. Məhkəmə iclasında işin faktiki əsaslarına əsasən müəyyən olundu ki, iddiaçı 08 fevral 2016-cı ildə rəsmi nikahda olduğu Cavabdeh Nərimanov rayon Məhkəməsində boşanmışdır. Onların birgə nikahından 14 iyul 1999-cu il təvəllüdlü X6 və 07 noyabr 2000ci il təvəllüdlü X4 adlı iki övladları var. 21 noyabr 2018-ci ildə Cavabdeh ilə o, maddi təminatın ödənilməsinə dair müqavilə bağlamışlar. Müqavilə Bakı şəhəri 21 saylı notariat kontorunun xüsusi notariusu X19 tərəfindən təsdiqlənmişdir. Müqavilənin şərtinə görə uşaqların atası-Cavabdeh 2018-ci ilin noyabr ayından başlayaraq 2023-cü ilin noyabr ayına kimi hər ay 600 manat ödənməsini öhdəliyinə götürmüşdür. O isə ikinci tərəf olaraq həmin 600 manat pulu uşaqlarının maddi təminatlarının ödənilməsi üçün xərclənməsini öz öhdəsinə götürmüşdür. Müqavilə üç nüsxədən ibarət imiş. Biri notariat kontorunda saxlanılmaqla digər iki nüsxə onlara verilmişdir (yəni ona və Cavabdeh). Lakin müqavilənin şərtinə iki ay əməl olunmuşdur. 2018-ci ilin dekabr ayı və 2019-cu ilin yanvar aylarında, hər ay 450 manat olmaqla, cəmi 900 manat ödənilmişdir. Daha sonra Cavabdeh müqavilənin şərtinə əməl etmiyib pulu ödəməmişdir. Və hər iki nüsxənin bu zamana qədər Cavabdeh olduğu üçün hər hansı bir tədbir görə bilməmişdir. Daha sonra iddiaçı iddia həcminin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh cəmi 15700 manat pul tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 21 noyabr 2018-ci il tarixdə maddi təminatın ödənilməsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən X12 2018-ci ilin noyabr ayından başlayaraq 2023-cü ilin noyabr ayına kimi hər növbəti ayın 1-nə kimi ayda 600 manat ödənilməsini, X11 isə həmin 600 manat pulun uşaqları 14 iyun 1999-cu uldə doğulmuş X3 və 07 noyabr 2000-ci ildə doğulmuş X1 maddi təminatlarının ödənilməsi üçün xərclənməsini öz öhdəsinə götürmüşdür. Hazırda cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər həyata keçirilmir. Belə ki, cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddiaya etirazını bildirmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, uşaqlar yetkinlik yaşına çatdığından iddiaçının ondan pul tələb etmək hüququ yoxdur. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 21 noyabr 2018-ci il tarixli müqavilə bağlanan zaman tərəflərin nikahından doğulmuş 14 iyun 1999-cu uldə doğulmuş X6 və 07 noyabr 2000-ci ildə doğulmuş X4 artıq yetkinlik yaşına çatmışlar və tərəflər bu barədə məlumatı ola-ola yuxarıda qeyd edilən məzmunda müqavilə bağlamışlar. Ona görə də, cavabdeh övladlarının yetkinlik yaşına çatması ilə bağlı etirazını əsaslandırdığı halları heç bir hüquqi əsası yoxdur. MM: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər öz iradələrini ifadə etməklə, heç bir hədə-qorxu, aldatma, yanılma olmadan müqavilə bağlamışlar. Bu fakt işin mübahisələndirilməyən halıdır. Hazırda mübahisə predmeti olan müqavilə qüvvədədir və cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər icra edilmişdir. Cavabdeh məhkəmə iclasında özü də təsdiq etmişdir ki, müqavilə bağlandıqdan sonra tərəfindən heç bir ödəniş edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə belə qənaətə gəlir ki, 21 noyabr 2018-ci il tarixdə iddiaçı tərəfindən iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edilənə kimi, yəni 02 mart 2021-ci il tarixinə kimi müqavilə üzrə ödənilməli olan pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, 21 noyabr 2018-ci il tarixdən 02 mart 2021-ci il tarixə, yəni 27 ay üzrə hər ay 600 manat olmaqla, cəmi 16200 manat pul cavabdehə ödənilməli olsa da, hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması barədə MPMnin 218.3-cü maddəsinin tələbini nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh 15700 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15700 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar