Məhkəmə qərarları › İş №2(007)-729/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-729/2024

31.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-729/2024 31.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1989-cu il təvəllüdlü X10 onun övladıdır. Oğlunun “şizofreniya-paranoid forma” xəstəliyi vardır. Oğlunun bu xəstəliyi ilə əlaqədar olaraq daimi qulluğa, yardıma ehtiyacı vardır. Uzun illərdir ki, oğlu bu xəstəlikdən əziyyət çəkir və onun xəstəliyi getdikcə dərinləşmişdir. Belə ki, xx.xx.1989-cu il təvəllüdlü X10 xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının anlaya bilmir və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Daima kənar şəxsin qulluğuna nəzarətinə ehtiyacı vardır. O, tam fəaliyyət qabiliyyəti olmayan bir şəxsdir. Oğlu bu xəstəliyə görə müalicə olunsa da, lakin heç bir nəticə verməmişdir, çünki bu, müalicəsi olmayan bir xəstəlikdir. Belə ki, xx.xx.2021-ci il tarixli Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan aşkar olduğu kimi övladına “şizofreniya paranoid forma, fasiləsiz gediş, psixi qüsur halı” xəstəliyi diaqnozu qoyulmuş, bunun əsasında stasionar müalicə olunmuşdur. Bundan savayı, professor Elmlər X3 tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli arayışlardan da göründüyü kimi oğlu uzun müddət stasionar müalicə olunmuşdur. Onu da vurğulayır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş arayışdan göründüyü kimi, xx.xx.1989-cu il təvəllüdlü X10 əmək qabiliyyətsizdir. Bundan başqa, həkim psixiatr komissiyasın rəyində də aydın olduğu kimi oğlunun “şizofreniya-paranoid forma” xəstəliyi vardır. Hal-hazırda oğlu, xx.xx.1989-cu il təvəllüdlü X10 İİ dərəcəli əlildir. Belə olan təqdirdə oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun qəyyumu təyin olunması üçün zərurət yaranmışdır. Məhkəmə iclasında Ərizəçi iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik üzrə Komissiyanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 06 mart 1989-cu il tarixdə Cəlilabad rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır; - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Cəlilabad rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır; - XİV-ЖП seriyalı, 381436 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 06 mart 1989-cu il tarixdə Cəlilabad rayonunda doğulmuşdur, atası X8, anası Ərizəçidır; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-in xx.xx.2016-cı il tarixli arayışının surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X10 ikinci qrup əlildir, Şizofreniya-paranoid forma xəstəliyindən əziyyət çəkir. İkinci dərəcəli əlildir. Əmək qabiliyyətsizdir. - 2 nömrəli X4 xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X1 paranoid forma, fasiləsiz gediş, psixi qüsur halı qeydə alınmışdır. - X16 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş X2 tərəfindən 26 yanvar 2015-ci il tarixli verilmiş arayışdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X10 onun tərəfindən ambulator müalicə olunmuşdur. Şizofreniya, paranoid forması, natamam remissiya halı (F20.0) diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024cü il tarixli, 896 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X7 “ŞİZOFRENİYA PARANOİD FORMA, PSİXİ QÜSUR HALİ” (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar (uzun müddətdir psixi xəstə olması, psixi xəstəliklə əlaqədar hərbi xidmət keçməməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında “Paranoid şizofreniya” diaqnozu ilə ikinci dərəcəli əlil olduğunu qeyd edilməsi, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi 2 saylı “Klinik psixiatriya Xəstəxanasında “Şizofreniya paranoid forma. Fasiləsiz gediş. Psixi qüsur halı” diaqnozu ilə stasionar müalicədə olması), həmçinin hazırki müayinənin nəticələri (təfəkkürünün paroloji və autik olması, maraq dairəsinin məhdudluğu, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: yoxlanılan şəxs X7 şizofreniya paranoid forma psixi qüsur halı xroniki psixi xəstəliyi qeyd olunur. Yoxlanılan şəxs X10 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Yoxlanılan şəxs X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas vardır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 06 mart 1989-cu il tarixdə doğulmuş oğlu X10 «şizofreniya paranoid forma, fasiləsiz gediş, psixi qüsur halı» diaqnozu ilə qeydiyyatdadır. Onda şizofreniya paranoid forma psixi qüsur halı xroniki psixi xəstəliyi aşkar olunmuşdur. Bunun nəticəsində özünü idarə etmək və psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyil. Onun daimi kənar şəxsin köməyinə ehtiyacı var. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması barədə xx.xx.2024-cü il tarixli, 896 saylı rəy verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan anası Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 06 mart 1989-cu il tarixdə Cəlilabad rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla bağlı məhkəmə hesab edir ki, hazırkı qətnamə X6 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci maddəsinə əsasə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 06 mart 1989-cu il tarixdə Cəlilabad rayonunda anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X6 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar