Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-732/2025 24.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı cəlb edilməklə cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun silinməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı cəlb edilməklə cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı Cavabdeh İstehsalat Bı̇ rlı̇ yinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 928,65 manat borcum silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, T.Bədəlov küçəsi, 29 saylı ev onun şəxsi mülkiyyətindədir. Həmin evə dair bütün kommunal xidmətləri, o cümlədən təbii qazdan istifadə barədə müqavilə onun adınadır. Müqavilə balanarkən evin ünvanı ünvan 1lər və abonent kodu isə **********00020-dir. Cavabdeh tərəfindən yaşayış evinə təbii qazdan istifadə olunması üçün müqavilə bağlanıb, istifadə olunan qaz sərfiyyatını hesablamaq üçün qaz sayğacı quraşdırılıb və həmin sayğacın üzərinə plomb qoyulub. İstifadə etdikləri təbii qazın pulunu həmişə vaxtıvaxtında ödəyib. Onun xəbəri olmadan cavabdeh tərəfindən həmin evə dair Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi haqqında 01 avqust 2024-cü il tarixli, ******* saylı Akt tərtib edilib. Nəticədə isə onun 928,65 manat borcu yaranıb. Cavabdeh təşkilatı tərəfindən tərtib edilmiş həmin akta, habelə həmin akta əsasən hesablanmış borca qəti etirazını bildirir. Bir daha bildirir ki, onun tərəfindən qaz sayğacına müdaxilə olunmamış habelə təbii qazdan qeyri-qanuni istifadə edilməyib. Təbii qazın verilməsi və əsassız hesablanmış borcun silinməsi barədə cavabdehə etdiyi müraciətləri nəticəsiz qalıb, şifai qaydada ona bildiriblər ki, borcun silinməsi barədə məhkəməyə müraciət etməlidir. Ona görə də, məcbur olub məhkəməyə müraciət edir.
3. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimə işə cəlb edilmişdir.
Cavabdehin etirazı:
4. Cavabdeh İstehsalat Bı̇ rlı̇ yi xx.xx.2025-ci il tarixdə etirazla məhkəməyə müraicət edərək qeyd etmişdir ki, İddiaçı məhkəmə qarşısında qaldırdığı iddiası tam əsassızdır və bu səbəbdən də, təmin edilməməlidir. Belə ki, İddiaçı uzun müddət təbii qazın dəyərini ödəmədən istifadə etməklə Cavabdeh İsatehsalat Birliyinə ödənilməmiş təbii qazın sərfiyyatı üzrə dəyər məbləği 928,65 manat həcmində borcu yaranıb. Bununla əlaqədar əməkdaşların tərəfindən 01 avqust 2024-cü il tarixində ******* saylı akt tərtib etməklə hesabat aparılıb və dəyəri ödənilmədən istifadə edilmiş təbii qazın dəyər məbləıği 928,65 manat olduğu müəyyən edilib. İstehlakçının GASREP proqramından çıxarışa nəzər yetirdikdə onlara məlum olacaq ki, İddiaçı 2015-ci ilin sentyabr ayından 2017-ci ilin mart ayına kimi (1 il 6 ay ərzində) cəmi 23 manat ödəniş həyata keçirib. Ödəniş intizamsızlığı 2 il ərzində istehlakçının 928 manat 65 qəpik borcunun yaranmasına səbəb olub. Qeyd edilənlərə əsasən iddiaya etiraz edir və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər.
İş materialları:
5. Cavabdeh M 1348 saylı aktından görünür ki, qaz sayğaclarının yoxlanması laboratoriyasında xx.xx.2024-cü il tarixdə aparılmış yoxlama zamanı Nizami rayonunda yerləşən 1605AZ**********51 zavod nömrəli qaz sayğacında müəyyən edilmişdir: sayğaca baxış keçirildi, klapanı işlək deyil. Sayğac mənfiyə işləyib. Sayğacın yaddaş arxivi oxundu, istismar müddəsində ALARM-1 rejimi aşkar olunmayıb. Sayğac istismara yararsızdır;
6. Abonentin saldosundan görünür ki, ünvan 2 ünvanında İddiaçı adlı abonentə xx.xx.2024-cü il tarixdə Elster G-6T Diafraqma markalı, 42676608 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********00020-dir. Abonentə 2024-cü ilin sentyabr ayında 928,65 manat borc hesablanmışdır.
7. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələləri Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli mütəcəssis rəyindən görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 2(007)- 732/2025 nömrəli məktubda 2(007)-732/2025 nömrəli mülki iş üzrə mütəxəssis rəyinin alınması Agentliyə həvalə edilmiş və mütəxəssis tərəfindən aşağıda göstərilən məlumatlara dair rəyin təqdim edilməsi xahiş olunmuşdur: 1. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, T.Bədəlov küçəsi,ev 29 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evində (abonent kodu: **********00020) qazdan istifadəyə görə hesablanan borcun məbləği düzgün ola bilərdimi? Rəyin hazırlanması üçün toplanmış materiallara əsasən mütəxəssis qarşısında qoyulmuş sualların mahiyyəti üzrə aşağıdakıları bildirir: 1. Daxil olmuş sənədlər təhlil edilmiş və müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə abonentin qaz xətti üzərində quraşdırılmış smart tipli qaz sayğacı çıxarılaraq mexaniki tipli qaz sayğacı ilə əvəzlənmişdir. Çıxarılan qaz sayğacının elektron hissəsi işləmədiyindən əvvəlcədən ödəniş etmədən qazdan istifadə etmək mümkün olmuşdur. Lakin sayğacdan keçən qazın həcmi sayğacın mexaniki hissəsinin yaddaşında əks edilmişdir. Belə ki, sayğac çıxarılan vaxt mexaniki göstərici 16795 m3 olmuşdur. 16795 m3 qaz həcminin 11674 m3 dəyəri abonent tərəfindən ödənilmişdir. Qalan 16795 m3 —11674 m3 =5121 m3 qaz həcmi isə dəyəri ödənilmədən iddiaçı tərəfindən istifadə edilmişdir. Qeyd edilən qaz həcminin hansı zaman kəsiyində istifadə edildiyini müəyyən etmək mümkün olmadığından minimal tariflə götürsələr (1 m3 üçün 12 qəpik) iddiaçı cavabdehə 614.52 manat ödəməlidir.
Tərəflərin izahatları:
8. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, bu pulu ödəməlidir, amma silinməsini istədiyi borcu ödəməyə imkanı yoxdur. 300 manat təqaüd alır, qohumlarım köməklik etməsə, ac qalar. Mütəxəssis rəyi ilə razıdır, ama borcu ödəməyə imkanı yoxdur.
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 etirazın dəlillərinə uyğun verərək, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus sayğac elektrondur. Elektron sayğac iki hissədən, elektron və mexaniki hissələrdən ibarətdir. Sayğacın elektron hissəsində nasazlıq yarananda mexaniki hissəsi köməkçi hissə kimi işə düşür. Sayğac çıxarılan zaman sayğacın mənfiyə işləməsi aşkar edilib. İddiaçı 2014-cü ilə qədər Cavabdehndən 11804 m3 qaz alıb. Sayğac çıxarılan zaman mexaniki göstəricinin 16795 kub.metr olduğu aşkar olunub. 16795 m3-dən 11804 m3 çıxanda 4991 m3 edib. 1539 m3 10 qəpiyə vuranda 153 manat 90 qəpik, 1765 m3 limiti keçdiyinə görə 20 qəpiyə vuranda vuranda 353 manat, 1687 m3 25 qəpiyə vuranda 421,75 manat edib. O da 928,65 manat edib. Laboratoriya rəyinə əsasən tərtib olunmuş 1348 nömrəli aktda qeyd edilir ki, sayğaca baxış keçirilib, klapan işlək deyil, sayğac mənfiyə işləyib, sayğacın yaddaş arxivi oxundu, istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb. Sayğac istismara yararsızdır. Klapanın işləməməsi o deməkdir ki, klapan bağlanır, amma qaz öz-özünə sərf olunur. Borc, qanunsuz qoşulmaya görə deyil, istifadə olunmuş qaz sərfiyyatının həcmidir, yəni debitor borcdur. Elektron sayğac çıxarılıb, yeni sayğacla əvəz edilib. Sayğaca müdaxilə olunmayıb. Müdaxilə olanda boru sınır, maqnitlə birləşir.
10. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Əlavə olaraq bildirdi ki, borc iddiaçının istifadə etdiyi qaza görə yaranıb. Məhkəməyə mütəxəssis rəyi təqdim edilib.
Məhkəmə baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 3.1.7-ci bəndinə əsasən qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır; 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlamaq hüququna malikdir. 21-ci maddəsinin 1-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
İşin faktiki halı:
16. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri xx.xx.2024-cü ildə İddiaçı məxsus ünvan 2 ünvanına quraşdırılmış qaz sayğacını dəyişdirmişlər. Bundan başqa, M 1348 saylı aktına əsasən məişət qaz sayğaclarının yoxlanması laboratoriyasında xx.xx.2024-cü il tarixdə aparılmış yoxlaması zamanı Nizami rayonunda yerləşən G-6 markalı qaz sayğacına baxış keçirilib, klapanı işlək olmadığı, sayğacın mənfiyə işlədiyi, sayğacın yaddaş arxivinin oxunduğu, istismar müddəsində ALARM-1 rejimi aşkar olunmadığı, sayğacın istismara yararsız olduğunu müəyyən edilib. İddiaçıya qaz sərfiyyatına görə borc kimi 928,65 manat hesablanmışdır. Hazırda iddiaçı hesablanmış borcun silinməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
18. Məhkəmə araşdırması zamanı, həmçinin təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə abonentin qaz xətti üzərində quraşdırılmış smart tipli qaz sayğacı çıxarılaraq mexaniki tipli qaz sayğacı ilə əvəzlənmişdir. Çıxarılan qaz sayğacının elektron hissəsi işləmədiyindən əvvəlcədən ödəniş etmədən qazdan istifadə etmək mümkün olmuşdur. Lakin sayğacdan keçən qazın həcmi sayğacın mexaniki hissəsinin yaddaşında əks edilmişdir. Belə ki, sayğac çıxarılan vaxt mexaniki göstərici 16795 m3 olmuşdur. 16795 m3 qaz həcminin 11674 m3 dəyəri abonent tərəfindən ödənilmişdir. Qalan 5121 m3 qaz həcmi isə dəyəri ödənilmədən iddiaçı tərəfindən istifadə edilmişdir. Qeyd edilən qaz həcminin hansı zaman kəsiyində istifadə edildiyini müəyyən etmək mümkün olmadığından minimal tariflə götürülərsə (1 m3 üçün 12 qəpik) iddiaçı cavabdehə 614,52 manat ödəməlidir. Yəni iddiaçı tərəfindən 614,52 manat ödəniş edilməli olduğu müəyyən edilsə də, qaz sayğacı əvəzləndikdən sonra iddiaçı 928,65 manat borc hesablanmışdır. Belə ki, iddiaçıya hesablanmış 928,65 manat borc 614,52 manat hissəsində əsaslı olduğundan, qalan 314,13 manat hissəsinin hesablanmasına əsas olmuş mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, yəni həmin məbləğdə borcun olması müvafiq qaydada sübuta yetilməməmişdir. Bu səbəbdən məhkəmə iddianı tələbini qismən, yəni əsassız yazılmış 314,13 manat borcun silinməsi hissəsində əsaslı hesab edir.
19. Məhkəmə qeyd edir ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən vaxtaşırı dövlət yoxlamasından keçirilməlidir. Belə ki, quraşdırılmış qaz sayğaclarının sazlığına, onların işlər olub-olmamasına nəzarəti həyata keçirməklə bağlı cavabdehliyi qaz paylayıcısı daşıyır.
20. Göstərilənlərə əsasən məhkəmə qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və hesab edir ki, Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 314,13 manat borcu silinməlidir.
Nəticə:
21. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus ünvan 2 ünvanı üzrə (Abonent kodu: **********00020) Cavabdeh tərəfindən hesablanmış 314,13 manat borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
22. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 2 ünvanı üzrə (Abonent kodu: **********00020) Cavabdeh tərəfindən hesablanmış 314,13 manat borc silinsin. Məhkəmə xərcləri üzrə 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva