Məhkəmə qərarları › İş №2(007)-75/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-75/2024

29.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-75/2024 29.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Bəkirova (Nəsiyeva) Cəmilə Şahbaz qızının cavabdeh Azərişıq” ASC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “qanunsuz hesablanmış elektrik enerjisi borcunun silinməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı Bəkirova (Nəsiyeva) Cəmilə Şahbaz qızının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bəkirova (Nəsiyeva) Cəmilə Şahbaz qızının cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış elektrik enerjisi borcunun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı Bəkirova (Nəsiyeva) Cəmilə Şahbaz qızı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış elektrik enejisi borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ona hesablanmış 560,25 manat borcun əsassız olduğu üçün silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. Onunla Cavabdeh ASC arasinda elektrik enerjisi təchizatına dair müqavilə bağlanmışdır. O, da bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq sayğac vasitəsilə hesablanan elektrik enerjisinin haqqını ödəyir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərkən elektrik enerjisindən sayğacdan kənar istifadə etməklə əlavə qoşulma olması barədə akt tərtib edilmişdir. Bunu əsas gətirərək ona artıq enerji sərfiyyatı və həmin sərfiyyata uyğun 560,25 manat borc hesablanmışdir. Bu borcun hesablanması barədə ona tərtib olunmuş akt verilmiş və lakin bu məbləğin hansı əsasla hesablanması bildirilməmişdir. Bundan əlavə olaraq bildirir ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən əvvəlki aylarda sayğaca baxış keçirilərkən heç bir nöqsan aşkar edilməmişdir. Əvvəlki aylarda nöqsan olmadığına görə də 560,25 manat borcun hesablanması tam əsassızdir. Cavabdeh tərəfindən ona yüksək məbləğdə borcun hesablanması heç bir qanuna və məntiqə sığmır. Buna görə də artıq hesablanmış borc silinməlidir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı Bəkirova (Nəsiyeva) Cəmilə Şahbaz qızının nümayəndəsi X4 iddia tələbini müdafiə etdi, əlavə olaraq bildirdi ki, onlarda kənar xətt çəkilməmişdir. Sadəcə binaya ümumi nazik kabel xətti çəkilmişdir. Bu da binanın işıqlandırılması üçündür. Bu səbəbdən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 bildirmişdir ki, iddia tələbini qəbul etmir. Abonentin sayğacdan kənar xətti aşkar edilmişdir ona görə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

5. Cavabdeh "xxxx" ASC-yə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 29 noyabr 2022-ci il tarixli R 281301 saylı aktdan görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 14 saylı evin, 18 saylı mənzilinə quraşdırılmış sayğacın yoxlanması zamanı məlum olub ki, abonent elektrik enerjisindən sayğacdan kənar istifadə edir.

9. Abonentin **********40018 nömrəli saldosundan görünür ki, Bəkirova (Nəsiyeva) Cəmilə Şahbaz qızının "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 27 dekabr 2022-ci il tarixində EİQ pozulması nəticəsində 552,50 manat məbləğində borcu vardır.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2024-cü il tarixli, 3-16-16/2-3/2265 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 14 saylı evin 18 nömrəli mənzilində quraşdırılmış elektrik sayğacı üzərində və xəttində hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz və əlavə xətt aşkar edilmədi.

İşin faktiki halları:

11. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş 29 noyabr 2022-ci il tarixli akta əsasən iddiaçı Bəkirova (Nəsiyeva) Cəmilə Şahbaz qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 14 saylı evin, 18 saylı mənzilinə quraşdırılmış sayğacın yoxlanması zamanı məlum olmuşdur ki, abonent elektrik enerjisindən sayğacdan kənar istifadə edir. Abonentin saldosundan görünür ki, iddiaçı tərəfindən 27 dekabr 2022-ci il tarixinə EİQ pozulması nəticəsində 552,50 manat borc hesablanmışdır. Hazırda iddiaçı, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

12. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun:

8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın:

1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 5.2.1-ci bəndinin tələbi isə onu göstərir ki, mübahisəli sayğacdakı birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilat olaraq cavabdehin üzərinə düşür. 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.33-cu bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

Məhkəmə baxışının hədləri:

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

17. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir.

18. Göründüyü kimi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının 22 fevral 2024-cü il tarixli rəyinə əsasən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 14 saylı evin 18 nömrəli mənzilində quraşdırılmış elektrik sayğacı üzərində və xəttində hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz və əlavə xətt aşkar edilməmişdir. Odur ki, kənar xəttin məhz iddiaçı tərəfindən çəkilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Qeyd olunan iş üzrə sübutetmə yükü "xxxx" ASC-nin üzərinə düşür. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir.

19. O cümlədən, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş R № 281301 saylı aktdan da göründüyü kimi, akt tərtib edilərkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü maddəsində nəzərdə tutulmuş qaydada mənzil sahibinin iştirakı təmin edilməmiş, mənzil sahibinin izahatı və mülahizələri akta əlavə edilməmişdir. Məhkəmə iclasında iddiaçı da akt tərtib edildiyi zaman məlumatının olmadığını, sonradan xəbəri olduğunu qeyd etmişdir.

20. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla iddiaçı Bəkirova (Nəsiyeva) Cəmilə Şahbaz qızının (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış borc silinməlidir. Məhkəmə silinməli olan borc məbləğinə münasibətdə isə qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş abonent saldosundan görünür ki, akt tərtib edikdikdən sonra sayğacdan kənar qoşulma olması əsası ilə 552,50 manat borc hesablanmış, qalan məbləğ isə enerji sərfiyyatı üçün hesablanmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, sözügedən akt əsasında hesablanmış 552,50 manat borc silinməlidir.

Nəticə:

21. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bəkirova (Nəsiyeva) Cəmilə Şahbaz qızına **********40018 abonent kodu üzrə hesablanmış 552,50 manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir.

22. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

23. Məhkəmə-trasoloji ekspertizası tədqiqatının dəyəri olan 110 manatın 108 manatı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 2 manatı iddiaçı Bəkirova (Nəsiyeva) Cəmilə Şahbaz qızından tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 24 . Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bəkirova (Nəsiyeva) Cəmilə Şahbaz qızına **********40018 abonent kodu üzrə hesablanmış 552,50 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Məhkəmə-trasoloji ekspertizası tədqiqatının dəyəri olan 110 manatın 108 manatı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 2 manatı iddiaçı Bəkirova (Nəsiyeva) Cəmilə Şahbaz qızından tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar