Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-752/2024 05.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və borca görə əsassız silinmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və borca görə əsassız silinmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə su sayğacının quraşdırılması barədə onunla cavabdeh "xxxx" ASC arasında su paylayıcısı ilə məişət su qurğusu istifadəçisi arasında suyun alqı-satqı müqaviləsi bağlanıb və həmin müqavilə əsasında onun mülkiyyətibdə olan evə su sayğacı quraşdırılıb və 150001089, **********121 saylı abunə kodu nömrəli sayğac quraşdırılıb. Bundan sonra, 2021-ci ilin yanvar ayında "xxxx" ASC tərəfindən ona cərimə tətbiq olunması və 255 manat borcun yaranması bildirilib və hər ay ödədiyi məbləğlərdən müəyyən hissəsi həmin borcun silinməsinə sərf edilib. Halbuki, o, tək yaşayır və aylıq su sərfiyyatı 50 manat məbləğ təşkil edə bilməz. O, 2021-ci ilin yanvar ayından Su idarəsinin əməkdaşlarına su sayğacına hər hansı müdaxilə etmədiyini, əsassız hesablanmış borcun silinməsini xahiş etsə də, borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilib. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh ASC-nin sözügedən hərəkətləri ilə onun istehlakçı hüquqlarını kobud şəkildə pozularaq üzərinə qanunsuz və əsassız öhdəlik qoyulub və pozulmuş hüquqlarının müdafiəsinin yalnız məhkəmə qaydasında mümkündür. Məhkəməyə təqdim edilmiş onun abonent saldosundan da görünür ki, evində sərf olunan suyun sərfiyyatında heç bir dəyişiklik baş verməyib. Bu hal da bir daha təsdiq edir ki, onun evində sayğacdan kənar sudan istifadə olunmayıb. Qeyd edilənlərə əsasən cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus ünvan 2 ünvanında yerləşən mənzilə qarşı əsassız hesablanmış 199,52 (yüz doxsan doqquz manat əlli iki qəpik) manat borc məbləğlərinin qanunsuz və əsassız hesab edilərək 150001089, **********121 saylı abunə kodt abonent hesabından (saldo) silinməsi və hesabımdan hər ay əsassız borca görə silinmiş məbləğlərin geri qaytarılması barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, tək yaşayır. 2021-ci ildə onun mənzilinə yeni sayğac quraşdırıldıqdan sonra o, 25 gün evdə olmayıb. O, evdə olmasına baxmayaraq 100 manatdan çox borc yazıldı. Aidiyyəti üzrə müraciət etsə də, ona borcu ödəməli olduğu deyildi. Dəfələrlə Cavabdeh ASC-nin əməkdaşlarına zəng vurub, lakin gəlib sayğaca baxdıqda göstəricilərinin normal olduğu bildirilib. 2021-ci ilin sonlarında ödəniş etməməsinin səbəbi ona 100 manat cərimə yazılması olub. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının istifadə etdiyi suya görə 2021-ci ildə 83 manat, 2022-ci ildə 49 manat, 2023-cü ildə 113 manat borcu qalmışdır. İddiaçının 1 manat, 4 manat, 8 manat su istifadə etdiyi aylar da olub. Əgər sayğac nasaz olsaydı, növbəti aylarda da su sərfiyyatı çox olardı. Hesab edir ki, su sayğacında heç bir problem yoxdur. İddiaçıya heç bir cərimə yazılmayıb. Borc aylıq sərfiyyat üzrə yaranıb. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyib izahat verərək bildirmişdir ki, iddiaçının yaşayış evdə əvvəl Smartkart tipli su sayğacı olub, 2021-ci ilin iyul ayında Smartkart tipli su sayğacının elektron hissəsi işləmədiyinə görə mexaniki sayğacla əvəz olunub. 2021-ci ilin iyul ayından iddiaçıya istifadə etdiyi qaza görə bildiriş təqdim olunub. 2021-ci ilin iyul ayından həmin ilin sonuna kimi iddiaçı tərəfindən heç bir ödəniş olmayıb, aylıq 10-20 manat olmaqla, ümumilikdə 53 manat dəyərində su işlədilib. 2022-ci il üzrə 169 manat dəyərində su istifadə edilib, ondan 120 manat ödəniş edilib, 49 manat debitor borcu qalıb. 2023-cü il üzrə 208 manat dəyərində su istifadə edilib, 95 manat ödəmiş, 113 manat borcu qalıb. Sayğacın aylıq istifadəsi 12, 1, 4, 8, 14 manat olmaqla aylar üzrə dəyişir. Son 3 ay, yəni sentyabr, oktyabr və noyabr aylarında hər ay 31, 35, 51 manat dəyərində su istifadə etmişdir. İddiaçı 2024-cü ilin yanvar ayında 15 manat dəyərində su istifadə edib, dəyərini ödəyib və borcu qalmayıb. Sayğacda qüsur olması mümkün deyil. İddiaçının iddia etdiyi kimi sayğac həmişə 35 manat və 40 manat borc yazmayıb, əvvəllər 1, 4, 8 manat dəyərində borc yazılıb. Məhkəmə proses iştirakçılarının izahatlaını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Hüsab Fakturanın surətindən görünür ki, abonent İddiaçı xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixinədək 51 m3 su və çirkab su sərfiyyatı olmuş, borc 51 manat müəyyən edilmişdir. Dövr üzrə qalıq borc 199,52 manatdır, yekun ödəniləcək məbləğ 250,52 manatdır. - Abonent katından görünür ki, İddiaçı 244,52 manat borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2012-ci il tarixdə 15001089 nömrəli müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya su və tullantı sularının axıdılması xidmətləri göstərilmiş, iddiaçının cavabdehə borcu yaranmışdır. Hazırda iddiaçı əsassız hesablanmış 199,52 manat borcun silinməsi və hesabından hər ay əsassız borca görə silinmiş məbləğlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 2.1.9.2-ci yarımbəndinə əsasən su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə, su təchizatı müəssisəsi istehlakçının su təchizatını dayandıra bilər. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh ASC ilə bağladığı xx.xx.2012-ci il tarixdə 15001089 nömrəli müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya su və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. İddiaçının sayğacı sonuncu dəfə xx.xx.2021-ci il tarixdə quraşdırılmışdır. Sayğac quraşdırıldıqsan sonra iddiaçı ilk ay üzrə (xx.xx.2021-xx.xx.2021) 5 manat, növvəti ay 33 manat, 12 manat, 10 manat, 20 manat və 10 manat borc müəyyən edilib. İddiaçı isə 2021-ci il üzrə sonuncu ödənişinin xx.xx.2021-ci il tarixdə 2 manat etmişdir. Ümumiyyətlə 2021-ci il üzrə iddiaçının 136 manat borcu öhdəliyi olmuş, borc üzrə 53 manat ödəniş edilib (qalıq borc 83 manat), 2022-ci il üzrə 169 manat borc müəyyən edilib, 120 manat ödəniş edilib (qalıq borc 49 manat), 2023-cü il üzrə 208 manat borc üzrə 95 manat ödəniş edilib (qalıq borc 113 manat), 2024-cü ilin yanvar ayı üzrə 15 manat borc müəyyən edilib, 15 manat ödəniş edilib. xx.xx.2024-cü il tarixə iddiaçının 244,52 manat borcunun olduğu müəyyən edilir. Hazırda iddiaçının istifadəsində olan su sayğacında hər hansı qüsur olduğu müəyyən edilməyib və iddiaçı bununla bağlı cəmiyyətə rəsmi qaydada müraciət etməyib. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə götürdüyü öhdəliyə əməl edərək su və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcu vaxtlı-vaxtında ödəməlidir. Hazırda yaranmış borcun silinməsi əsasları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Qeyd edilən borc aylıq sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə formalaşmış borcdur. İddiaçı həmin borcun əsassız olaraq hesablandığını qeyd etsə də, buna dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbini mübahisələndirilən hissədə sübut edə bilməmiş, iddia tələbini əsaslandıra biləcəyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi borcun silinməsi” hissəsində əsaslı olmamaqla təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “hesabından hər ay əsassız borca görə silinmiş məbləğlərin geri qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb borcun silinməsi tələbindən törəmə tələbdir. İddia ilk hissədə təmin edilməyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və borca görə əsassız silinmiş pulun geri qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və borca görə əsassız silinmiş pulun geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-752/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-752/2024
05.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver