Məhkəmə qərarları › İş №2(007)-807/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-807/2024

19.01.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-807/2024 19.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 tərəfindən keçirilmiş mediasiya sessiyasında Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 23 dekabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilərək, 14 mart 2008-ci il təvəllüdlü X4, 22 noyabr 2010-cu il təvəllüdlü X1 üçün Maraqlı şəxs hər ay 1000 manat olmaqla aliment pulunun Ərizəçi xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə 13 dekabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan X9 14 mart 2008-ci ildə və X11 22 noyabr 2010-cu ildə anadan olmuşdur. O, Mediasiya Təşkilatına alimentin artırılması ilə bağlı müraciət etmişdir. Alimentin artırılması ilə bağlı mübahisə mediasiya qaydasında barışıq sazişi ilə həll edilmiş və Maraqlı şəxs 01 noyabr 2023-cü il tarixdən başlayaraq hər ay uşaqların saxlanması üçün 1000 manat aliment ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin barışıq sazişinin könüllü icrası üçün «Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 34.1 maddəsi ilə müəyyən olunmuş müddətin və aliment tələb etmə hissəsində isə barışıq sazişində qeyd olunan müddətin keçməsinə baxmayaraq cavabdeh tərəfindən icra olunmamışdır. Bu səbəbdən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olmüşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, maraqlı şəxs 2019-cu ildən 2023-cü ilə kimi alimentin ödənilməsində pozuntular etmiş, alimentin vaxtını gecikdirmiş, bəzən bir-iki ay ödəniş etməyib sonra aliment üzrə ödəniş etmiş, imkanı olduğu halda uşaqların hazırlıq pulunu kəsə-kəsə ödəmişdir. Əvvəlki məhkəmə qətnaməsinə əsasən qarşı tərəfin aliment borcu yoxdur, noyabr ayında əvvəl edilməyən ödənişləri etmişdir. Lakin qeyd edilən məbləğ onların heç bir ehtiyacını qarşılamırdı, alimentin ödənilməsində gecikmələr olduğu üçün əziyyət çəkirdi. Bundan sonra, aralarında barışıq sazişi bağlanılmışdır. Barışıq sazişi üzrə maraqlı şəxsin borcu yoxdur, aliment öhdəliyini icra edir, maraqlı şəxs yanvar ayının da ödənişini etmişdir. Saziş üzrə ödənişlərlə bağlı aralarında mübahisə yoxdur. Sadəcə o, alimentin ödənilməsini rəsmiləşdirmək istəyir. Maraqlı şəxs xarici ölkələrdə olduğu üçün vaxtlı-vaxtında alimentin ödənilməsini istəyir. Habelə qarşı tərəf özü də barışıq sazişinin təsdiqlənməsinin tərəfdarıdır. O, gələcək üçün barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini istəyir. Qeyd olunanlara əsasən, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından 14 mart 2008-ci il təvəllüdlü X9 və 22 noyabr 2010-cu il təvəllüdlü X11 doğulmuşdur. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində Bakı 1 saylı Mediasiya təşkilatında MŞB/1/2023-00355 nömrəli, xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən mediasiya tərəfləri qarşılıqlı razılığa gəlmişlər: 1) İkinci tərəf (ata) - yəni, Kərəmov X7 tərəfə (anaya) - yəni, Ərizəçi nikah pozulmasından sonra ananın himayəsində qalan X9 və X11 adlı övladların maddi ehtiyaclarını qarşılamaq üçün ödədiyi aliment məbləği hər övlad üçün 500 AZN (beş yüz manat) - ümumilikdə, 1000 AZN (bir min manat) məbləğində artırılsın. 2) İkinci tərəf (ata) - yəni, Maraqlı şəxs Birinci tərəfə (anaya) - yəni, Ərizəçi ödəyəcəyi yeni məbləğdə aliment (1000 AZN- bir min manat) 01 noyabr 2023-cü il tarixindən başlayaraq hesablansın. 3) İkinci tərəf (ata) - yəni, Maraqlı şəxs Birinci tərəfə (anaya) - yəni, Ərizəçi yuxarıda göstərilmiş yeni məbləğdə alimenti hər təqvim ayının 10-cu (onuncu) gününə qədər müvafiq şəkildə X3 adına olan bank hesabına ödənəcəkdir. İşin mübahisəli halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, ərizəçi məhkəmə iclası zamanı izahatında maraqlı şəxs tərəfindən aralarında bağlanılmış barışıq sazişinin onun tərəfindən icra edildiyini, saziş üzrə ödənişlərlə bağlı aralarında mübahisə olmadığını, gələcək üçün barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini istədiyini bildirmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək və ərizəçinin izahatını dinləyərək qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci, 34.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddələrinin müddəalarına əsasən, ərizə təmin edilməməlidir. Belə ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi könüllü şəkildə icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildirsə, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdırsa, məhkəmə qaydasında təsdiq edilə bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından, ərizəçinin izahatından müəyyən olundu ki, Maraqlı şəxs mediasiya prosesi nəticəsində bağlanmış MŞB/1/2023-00355 nömrəli, xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmişdir və hazırda da yerinə yetirir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, maraqlı şəxs tərəfindən barışıq sazişi hər ay vaxtında könüllü şəkildə icra olunduğundan və o, barışıq sazişinin icrasından yayınmadığından Ərizəçi və Maraqlı şəxs arasında Bakı 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/1/2023-00355 nömrəli xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Məhkəmə xərcləri: Mediasiya xidmətlərinin göstərilməsi barədə Müqavilədən görünür ki, ilkin mediasiya zamanı mediasiya xidməti üçün 60 manat məbləğində ödənişi Ərizəçi, tam mediasiya sesiyası zamanı mediasiya xidməti üçün 60 manat məbləğində ödənişi isə Maraqlı şəxs ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsini, “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci və 9.1-1-ci bəndlərini nəzərə alaraq qeyd edir ki, hazırda barışıq sazişinin təsdiq edilməsi qiymətləndirilməyən iddialara aiddir və tərəflər 120 manat məbləğində mediasiya xərci çəkmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, mediasiya xərci tərəflərə aid edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi və Maraqlı şəxs arasında Bakı 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/1/2023-00355 nömrəli xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Məhkəmə xərcləri qismində hər biri ayrı-ayrılıqda 60 manat olmaqla ümumilikdə ödənilmiş 120 manat mediasiya xərci tərəflərə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar