Məhkəmə qərarları › İş №2(007)-827/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-827/2024

04.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-827/2024 04.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “nikahın pozulması” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı olan “nikahın pozulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ilə aralarında 06 oktyabr 2013-cü il tarixdə 2 saylı Bakı “ASAN xidmət” X1 bağlanmış və 552-№ ilə qeyd edilmiş nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 06 oktyabr 2013-cü ildə 2 saylı Bakı ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsində 552 № ilə qeydə alınmış nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2014-cıi il il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Bir müddətdir ayrı yaşayırlar və Cavabdeh ailə münasibətlərinin davam etməsinin mümkünsüzlüyü qərarına gəlmişlər. Qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya prosesində olmuşlar. Mediasiyada nikahın davam etdirilməsi ilə bağlı razılıq əldə edilməmiş və sazişlə razılaşmışlar ki, nikah məhkəmə qaydasında pozulsun, birgə nikahdan doğulan övladları - xx.xx.2014-cü il il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 anaları Cavabdeh himayəsində qalsın. İş materialları :

3. AZ-İ seriyalı, 899814 nömrəli “nikah haqqında şəhadətnamə”-nin əslindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 2 saylı Bakı “ASAN xidmət” X1 xx.xx.2013-cü il tarixdə nikah bağlanmış və bu barədə akt qeydləri kitabında 552 nömrə ilə qeyd edilmişdir, ərə Kərimov arvada Kərimova soyadı verilmişdir.

4. AZ-İİİ seriyalı, 385561 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 xx.xx.2014-cü ildə doğulmuş və bu barədə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2014cü il tarixdə 5042 nömrə ilə qeyd edilmişdir, atası İddiaçı, anası Cavabdehdır.

5. AZ-İV seriyalı, 550748 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 xx.xx.2021-ci ildə doğulmuş və bu barədə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 517 nömrə ilə qeyd edilmişdir, atası İddiaçı, anası Cavabdehdır.

6. Mediasiya Şurası Bakı 2 saylı Mediasiya Təşkilatının MŞB/2-04115 nömrəli xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər nikahın davam etdirilməməsi, uşağın Cavabdeh himayəsində qalması barədə razılığa gəlmişlər.

7. xx.xx.2023-cü il tarixli qəbzlərin surətindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş və teleqram ilə məhkəməyə müraciət edərək, məhkəmədən məhkəmə baxış iclasına gələ bilmədiyi üçün, məhkəmə iclasının iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən məhkəmə baxış iclasına gələ bilmədiyi üçün məhkəməni iclasının onun iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul edərək, nikahın pozulmasına razı olduğunu bildirmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, uşaqların saxlanması üçün iddiaçıdan aliment tələbi yoxdur, özü işləyir və aylıq əmək haqqı 2500 manat təçkil edir.

11. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

13. Azərbaycan Respublikası Ailə Məcəlləsi :

19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 21.1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. 21.3. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarı :

Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin.

15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 6.1. Nikahın pozulmasına qarşılıqlı razılıq olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Bu halda Ailə Məcəlləsinin 21.3-cü maddəsinin tələbinə uyğun olaraq nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən bir ay müddət keçdikdən sonra həyata keçirilir.

İşin faktiki halı :

16. İddiaçı ilə Cavabdeh xx.xx.2013-cü il tarixdə 2 saylı Bakı “ASAN xidmət” X1 nikah bağlamışlar və bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 552 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2014-cü il tarixdə X2 və xx.xx.2021-ci il tarixdə X3 doğulmuşdur.

17. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında Bakı 2 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanılaraq nikahın davam etdirilməməsi, uşaqların Cavabdeh himayəsinə verilməsi barədə razılığa gəlmişlər.

18. Bundan başqa Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə iddiaçıdan aliment tələbinin olmadığını, özünün işlədiyini və öhdəliyi öz üzərinə götürdüyünü bildirmişdir.

19. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında ailə münasibətləri pozulmuşdur, hazırda ayrı yaşayırlar, ailəni bərpa etmək mümkün deyildir və birgə nikahdan olan uşaqlar Cavabdeh himayəsindədir. İddiaçı nikahın pozulmasında israrlıdır, cavabdeh isə iddia tələbini qəbul edərək nikahın pozulmasına razıdır.

Məhkəmənin mövqeyi :

20. Məhkəmə iş materiallarını tədqiq edərək, tərəflərin izahatlarını dinləyərək, qeyd edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli və tərəflər arasında bağlanmış nikah pozulmalıdır.

21. Belə ki, ailə qanunvericiliyə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.

22. Odur ki, məhkəmə qeyd edir ki, İddiaçı nikahın pozulması tələbini müdafiə etdiyi və Cavabdeh nikahın pozulmasına razı olduğu üçün tərəflər arasında bağlanmış nikah pozulma səbəbləri araşdırılmadan pozulmalıdır.

23. Bundan başqa, ailə qanunvericiliyə görə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir.

24. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında qeyd edilir ki, xeyrinə aliment tutulan valideyn yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentdən hər hansı səbəbdən (məsələn, özü uşağı saxlamaq iqtidarında olduğuna görə) imtina edə bilər. Məhkəmə bu zaman uşaqla qalan valideynin uşağı tam təmin etmək iqtidarında olubolmadığını öyrənməli və həmin imtinanın uşağın maddi vəziyyətini pisləşdirməyəcəyinə əmin olmalıdır.

25. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh uşaqları saxlamaq iqtidarındadır və bu səbəbdən iddiaçıdan uşaqların saxlanması üçün aliment tələbi yoxdur.

26. Məhkəmə tərəflər arasında birgə nikahdan anadan olmuş uşağın hansı valideynin yanında qalması və həmin uşaqların saxlanılması üçün xx.xx.2023-cü il tarixdə mediasiya prosesində barışıq sazişi bağlanmasını və məhkəməyə cavabdeh tərəfindən təqdim edilən aliment tələbinin olmaması ilə bağlı ərizəni, bu sazişin uşağın maraqlarını pozmamasını nəzərə alaraq, qeyd edir ki, birgə nikahdan doğulmuş uşağın hansı valideynin yanında qalması və həmin uşağın saxlanması üçün aliment tutulmasına dair qərar qəbul olunmasına zərurət yoxdur.

Nəticə :

27. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013cü il tarixdə 2 saylı Bakı “ASAN xidmət” X1 bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 552 nömrə ilə qeyd edilmiş nikah pozulmalıdır.

28. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

29. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırda ərarvadın ümumi əmlakının bölünməsi haqqında iddia tələbi mövcud deyildir. Buna görə də tərəflərə izah edilməlidir ki, onlar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaqda haqlıdırlar.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddia tələbi təmin edilsin. İddiaçı və Cavabdeh arasında 16 oktyabr 2013-cü il tarixdə 2 saylı Bakı “ASAN xidmət” X1 bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 552 nömrə ilə qeyd edilmiş nikah pozulsun. İddiaçı və Cavabdeh izah edilsin ki, onlar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar