Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-834/2024 19.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Heydər Əliyev adına X6 Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “qanunsuz tikilinin sökülməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı Heydər Əliyev adına X6 nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Heydər Əliyev adına X6 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı Heydər Əliyev adına X9 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllə ünvanında yerləşən “Ruslan-93" idman kompleksinin yaxınlığında NEZ-ə məxsus neft məhsulu nəql olunan boru kəmərindən təqribən 15-20 metr aralı məsafədə mühafizə zonasında xəttə perpendikulyar 1-ci sırada Cavabdeh istifadəsində olan torpaq sahəsinin hasarının sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən Heydər Əliyev adına X7 (NEZ) ünvanlanmış məktubda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Ruslan-93” idman kompleksinin yaxınlığında NEZ-ə məxsus neft məhsulu nəql olunan boru kəmərindən təqribən 15-20 metr aralı məsafədə mühafizə zonasında xəttə perpendikulyar 1-ci sırada özünü X1 təqdim edən şəxs tərəfindən hasar tikilməsi faktı aşkar olunmuşdur. Həmin şəxsə aparılan tikinti işlərinin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə işlərin aparılmaması üçün yazılı xəbərdarlıq təqdim olunmuşdur. Lakin həmin şəxs edilən xəbərdarlığa məhəl qoymayaraq işləri davam etdirəcəyini bildirmişdir. Sonradan NEZ-ə məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən “Ruslan-93” idman kompleksinin yaxınlığında NEZ-ə məxsus neft məhsulu nəql olunan boru kəmərindən təqribən 15-20 metr aralı məsafədə mühafizə zonasında tikilmiş hasarın yerləşdiyi torpaq sahəsi Cavabdeh istifadəsindədir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı sahədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı Heydər Əliyev adına X6 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil bildirdi ki, iddia tələbini qəbul etmirlər. Belə ki, cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsi yaşayış sahəsi üçün verilmişdir. Torpaq sahəsində mövcud olan və yarımçıq tikilmiş hasarın davamı tikilmişdir. Qanunvericiliyin tələbinə əsasən hasarın tikilməsi üçün icazə alınması nəzərdə tutulmamışdır. Qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkədən xahiş etdi.
İş materialları:
5. Heydər Əliyev adına X8 xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Heydər Əliyev adına X5 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm, Dş-300 mm neft boru kəmərləri Heydər Əliyev adına X6 balansındadır. Tam yaz
6. 24 iyun 2023-cü il tarixli Aktın surətindən görünür ki, 24 iyun 2023-cü il tarixdə saat 17:10-da 45 saylı postun ərazisində ünvan 3 ünvanında yerləşən "Ruslan 93“ idman kompleksinin yaxınlığında neft məhsulu nəql olunan boru kəmərindən təqribən 15-20 metr aralı məsafədə xəttə perpendikulyar 1-ci sırada özünü X2 (***-***-**-**) kımı təqdim edən şəxs tərəfindən köhnədən olan 14 metr uzunluğundakı hasarın 7 metr uzunluğundakı uçmuş hissəsini 7 mişar daşı hündürlüyündə tikməklə yenidən bərpa etməsi eləcə də kəmərdən 6-7 metr aralı məsafədə həmin hasarın köhnədən olan darvazasına bitişik köhnədən təqribən 7 mişar daşı hündürlüyündə və 19 mişar daşı uzunluğundakı hasarın üzərinə 3 mişar daşı hündürlüyündə əlavə tikinti işlərinin aparılması tərəflərindən aşkarlandı. Həmin şəxsə aparılan tikinti işlərinin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə işlərin aparılmaması üçün yazılı xəbərdarlıq təqdim olunmuşdur. Lakin həmin şəxs edilən xəbərdarlığa məhəl qoymayaraq reyestr nömrəsi **********05 olan çıxarışı təqdim edərək gördüyü işlərin qanuni olduğunu və işlərin davam etdiriləcəyini bildirmişdir.
7. 19 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X2 Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllə ünvanında yerləşən, sahəsi 0.04 kv.m olan torpaq sahəsini Cavabdeh satmışdır.
8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********05 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllə, Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Torpaq sahəsi onun adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.
9. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14507/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qərardadının surətindən görünür ki, iddiaçı Heydər Əliyev adına X6 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və çıxarışın verilməsinə əsas olmuş sənədlərin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1214/2024 nömrəli, 06 mart 2024-cü il tarixli qərardadının surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14507/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1588/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərardadının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1214/2024 nömrəli, 06 mart 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır.
12. 25.12.2023-cü il tarixli qəbzdən görünür ki, Heydər Əliyev adına X9 məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
13. Məhkəmə iclasında müəyyən edildi ki, 19 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllə ünvanında yerləşən, sahəsi 0.04 kv.m olan torpaq sahəsini Cavabdeh satmışdır. Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllə, Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Torpaq sahəsi onun adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Hazırda iddiaçı Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllə ünvanında yerləşən “Ruslan-93" İdman kompleksinin yaxınlığında NEZ-ə məxsus neft məhsulu nəql olunan boru kəmərindən təqribən 15-20 metr aralı məsafədə mühafizə zonasında xəttə perpendikulyar 1-ci sırada Cavabdeh istifadəsində olan torpaq sahəsinin hasarının sökülməsini xahiş edir.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə görə isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 468.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
16. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işi:
Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.
17. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun:
1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”.
1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olub-olmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır.
19. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin:
79.1.3-cü maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla).
Məhkəmənin mövqeyi:
20. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir.
21. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı Konstitusiyanın 12-ci maddəsində öz əksini tapmış dövlətin ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
22. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur.
23. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır.
24. İşin mübahisəsiz halına görə, Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllə ünvanında yerləşən, sahəsi 0.04 kv.m olan torpaq sahəsi 19 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satılmış və onun adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
25. Şəhərsalma və tikinti qanunvericiliyinin tələblərindən göründüyü kimi hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə icazə tələb olunmur.
26. Beləliklə, aydın olur ki, iddiaçının iddia etdiyi kimi cavabdeh tərəfindən qanunsuz tikili tikmək kimi hal müəyyən olunmadı.
27. Bundan başqa hazırki mübahisə üzrə qiymət verilməli olan hal, tikilinin cavabdeh tərəfindən həyata keçirilib-keçirilmədiyi və iddiaçının mənafelərinə toxunubtoxunmamasıdır.
28. Bu çərçivədə ilk olaraq qeyd olunmalıdır ki, 14 metr uzunluğundakı hasarın 7 metr uzunluğundakı uçmuş hissəsini 7 mişar daşı hündürlüyündə tikməklə yenidən bərpa etməsi eləcə də kəmərdən 6-7 metr aralı məsafədə həmin hasarın köhnədən olan darvazasına bitişik köhnədən təqribən 7 mişar daşı hündürlüyündə və 19 mişar daşı uzunluğundakı hasarın üzərinə 3 mişar daşı hündürlüyündə əlavə tikinti işlərinin Cavabdeh tərəfindən həyata keçirmiş olması şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə zidd deyl. Bundan başqa iş materiallarına əlavə olunmuş Bakı İnzibati Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin məhkəmə aktlarından görünür ki, iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4rşı “çıxarışın və çıxarışın verilməsinə əsas olmuş sənədlərin ləğv olunması” barədə iddia tələbi ilə müraciət etsə də məhkəmələr iddianı mümkünsüz saymışlar.
29. Həmçinin məhkəmə iclasında sökülməsi tələb olunan hasarın qanunsuz tikili olmadığı müəyyən olunduğundan məhkəmə, prosessual qənaət prinsipinə uyğun olaraq mülki iş üzrə tikinti-texniki ekspertizanın keçirilməsinə zərurət olmadığı qənaətinə gəlir.
Məhkəmə baxışının hədləri:
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmə xərcləri:
31. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
32. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Heydər Əliyev adına X6 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilməlidir.
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddiaçı Heydər Əliyev adına X6 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova