Məhkəmə qərarları › İş №2(007)-897/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-897/2024

03.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-897/2024 03.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 iştirakları ilə, İddiaçı cavabdeh 5 saylı Bakı «ASAN xidmət» mərkəzində Notariat Ofisinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X24 cəlb olunmaqla, “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mənzil üzərində tam payda iddiaçının pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 5 saylı Bakı «ASAN xidmət» mərkəzində Notariat Ofisinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X24 cəlb olunmaqla, “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mənzil üzərində tam payda iddiaçının pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, valideynləri- X9 25 noyabr 1938-ci ildə Goranboy rayonunda, anası X5 15 oktyabr 1944-cü ildə Goranboy rayonunda doğulmuşdur. X31 və X6 12 noyabr 1965-ci ildə nikaha daxil olmuşlar və bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 3191 nömrə ilə qeyd edilmişdir. Evlənmə qeyd edildikdən sonra ərə Alışov, arvada Alışova soyadı verilmişdir. X31 və X1 birgə nikahından 3 övladları olmuşdur: O, qardaşı Alışov Elman və bacısı Xəlilova İradə. Atası, X31 xx.xx.2014-cü il tarixdə ürək damar çatmamazlığından Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 213 nömrə ilə qeyd edilmişdir. Anası, X5 xx.xx.2015ci il tarixdə şəkərli diabet tip2 səbəbi ilə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1068 nömrə ilə qeyd edilmişdir. Bildirir ki, o, İddiaçı xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuşdur. X38 Müharibəsində mənfur düşmənə qarşı döyüşmüşdür. Müharibə veteranıdır. xx.xx.1989-cu ildə X11 ilə nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladı var. xx.xx.1990-cı il təvəllüdlü Alışova Xatirə və xx.xx.1994-cü il təvəllüdlü Misiyaflı Könül. Bildirir ki, hər iki qızı ailəlidir. Böyük qızı ailəsi ilə birlikdə bizimlə yaşayır. Qızının həyat yoldaşı (əri) X19 “44 Günlük” Vətən Müharibəsində iştirak etmiş, mənfur düşmənə qarşı döyüşərək böyük şücaət göstərmişdir. Cənab Prezidentimiz tərəfindən medal və vəsiqə ilə təltif edilmişdir. Həmçinin bildirir ki, Qədimov Çingiz müharibə ağır yaralanmış, bununla bağlı İİİ dərəcə əlillik verilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 5, 9 saylı mənzildə valideynləri ilə yaşamışdır. Valideynlərinin bütün qayğıları, maddi və mənəvi tələbatları onun tərəfindən ödənilmişdir. Valideynlərinin son nəfəslərinə kimi ailə üzvləri ilə bir evdə yaşamışlar. Onların yaşadığı ev mərhum X9nun adına olmuşdur. Bildirir ki, bacısı Xəlilova İradə ailə həyatı qurmuş və ər evinə gəlin köçmüşdür. Valideynləri sağ ikən onunla qardaşı arasında 2012-ci il tarixində pay bölgüsü aparılmışdır. Belə ki, X40 hazırda ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən 9 saylı mənzili ona vermişdir. Atası ona qardaşı Alışov Elmana 20.000 (iyirmi min) manat pul və həyətdə olan köşkü (maqazini) verməyini bildirmişdir. O da öz növbəsində mərhum atasının dediyi kimi 20.000 (iyirmi min) manat pulu və həyətdəki köşkü qardaşı Alışova Elmanın qayınatası İbrahimin iştirakı ilə və onun yanında qardaşı Elmana vermişdir. Həmin tarixdə, yəni valideynləri sağ ikən 2012-ci ildə qardaşı Alışov Elman onun ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxmış, hazırki vaxtadək özünə məxsus digər evdə ailə üzvləri ilə birlikdə yaşayır. O, ailə üzvləri ilə birlikdə yaşadığı evi sənədləşdirmək üçün müraciət edərkən ona məlum olmuşdur ki, qardaşı Alışov Elman atasının adına vərəsəlik işi açdırmış, evi öz adına sənədləşdirmişdir. Qeyd olunanlardan əlavə olaraq bildirmək istəyir ki, qardaşı Alışov Elman həyətdə olan zaman həyat yoldaşı Alışova Elnarəyə hücum çəkərək, başından bir neçə dəfə əlindəki küt alətlə vurub xəsarət yetirmişdir. Həmin vaxtı kürəkəni və nəvəsi orada olublar. Bununla bağlı, tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilmişdir. Həmçinin bildirir ki, həyat yoldaşı Alışova Elnarə ağır onkoloji xəstəlikdən çəkir, bugunki gündə ən ağır dərmanlarla müalicə alır. İ qrup əlil olmaqla yataq xəstəsidir. Habelə, evin onun adına sənədləşdirilməsi üçün qardaşı Alışov Elman ondan əlavə olaraq 20.000 (iyirmi min) manat pul tələb etməkdədir. Hesab edir ki, bu qanunsuzluq və özbaşınalıqdır. Belə ki, vərəsəlik işi 5 saylı Bakı “ASAN Xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu X13 tərəfindən açılmış və Alışov Elmana xx.xx.2023-cü il tarixdə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Cavabdeh tərəfindən vərəsəlik işinin açılınası və heç bir araşdırma aparmadan üçüncü şəxsə şəhadətnamənin verilməsi qanuni və əsaslı hesab edilə bilməz. Mərhum X9ndan miras qalmış ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil onun tərəfindən faktiki olaraq qəbul edilmiş və idarə edilməkdədir. Qeyd olunanlara əsasən, mərhum X14 miras qalmış ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil üzərindəki 1/2 payına dair iş üzrə üçüncü şəxs X10 qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı iş üzrə cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X13 tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli, 2V- 670 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə' nin etibarsız hesab edilməsi, mərhum X14 miras qalmış ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil üzərində İddiaçı tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, etirazında göstərmişdir ki, mərhum X9ndan miras qalmış ünvan 2 ünvanında yerləşən ½ payına iş üzrə 5 saylı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X13 tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli, 2V-670 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi və tam pay üzrə vərəsəlik hüququnun ona verilməsi barədə qətnamə çıxarılması üçün müraciət etmişdir. Hesab edir ki, iddiaçının iddiası əsassızdır və təmin edilə bilməz. İddiaçı göstərib ki, guya 2012-ci ilə atam pay bölgüsü aparmış evi ona vermişdir. Oda öz növbəsində ona 20.000 manat pul və həyətdəki köşkü vermişdir. Ancaq məhkəmə iş zamanı hakim qarşısında olarkən İddiaçı boyuna aldı kı, o, ondan pul götürməmişdir. Mənə 2012-ci ildə verdiyini iddia etdiyi köşk atasının adına olub və 2010-cu ildə atası adına keçirməyi üçün ona etibarnamə vermişdir. Həmin etibarnaməni işə əlavə edir. Qeyd edir ki, əvvəl gündən o, həmin mənzildə yaşamışdır. 2000-ci ildə ailə qurduqdan yoldaşı o evə gəlin gəlmiş, 2004-cü ildə oğlu anadan olmuşdu. 2012-cü il noyabr ayının 22-sində də oğlu açıq ürək əməliyyatı olmuşdu. Onların stresli və psixi emosional halından istifadə edərək, hər gün evdə dava salmış, onları uşağının həyatı ilə hədələyib, onu isə həbsə saldırmaqla hədələmişdi. Buna şahid olan X40 evi satıb bölmək qərarına gəldi. O zamanda sənədlərə qol çəkməyəcəklərini bildirərək satmağa icazə vermədilər. Oğlu əməliyyatdan təzə çıxdığı üçün və əqli geriliyi olduğu üçün atası demişdir ki, “birdən nəvəmə nəsə eliyərlər, siz hələlik gedin rayonda yaşayın, sizə həyətdə köşkün yanında ev tikək”. Hətta əşyalarını evdən çıxarmağa icazə vermədi, otaqlarına yığıb ağzını bağlamışlar. Atası 2013-cü il yay ayında rayona gələndə bildirmişdir ki, “qardaşın sizin əşyaları evdən çıxartmağa icazə vermədiyimə görə hər gün bizimlə dalaşır, hətta atama əldə qaldırıb”. O bunu eşidəndən sonra gedib əşyaları evdən çıxartmışdır ki, valideyinlərini incitməsinlər. Qeyd edir ki, atasıgil ilə birlikdə yaşaşadığı müddətdə, evdən çıxan günə kimi valideyinlərinin bütün qayğılarını maddi və mənəvi tələbatlarını o və yoldaşı çəkib. Evin bütün kommunal xərclərini də o ödəmişdir. Bu barədə ehtiyac olsa şahidləri də var. Atası köşkün yanındakı həyətdə ev tikmək üçün təmizlik işləri aparıb sənədlər düzəltməyə çalışan zaman “indi isə bağ, köşk bizimdi” deyərək, yenə valideynləri ilə dava etmişlər. Və nəticədə X9 xx.xx.2014-cü il tarixində ürək çatışmamazlığından Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 213 nömrə ilə qeyd edilmişdir. Anası dəfn mərasimi üçün rayona gələndə ev tikmək üçün olan pulu evdə qoymayaraq çantasında götürüb. Bunu bilən gəlini Elnarə onun bir anlıq ehtiyatsızlığından (saxlamaq üçün nəvəsinə verib) istifadə edərək çantasında olan pulu oğurlamışdı. Mərhum bu barədə bacılarına danışmışdır. Atasının ölümündən sonra X2 təziq göstərərək pensiya kartını istəmişlər. Anası vermədiyi üçün hər gün dava-dalaş eləyiblər. O da başını götürüb bacısı X7 yanına köçmüşdü. Bir daha hətta geyimlərini götürmək üçün belə o evə gedə bilməyib. 19 ay bacısının yanında yaşamış, hətta 1 dəfə belə zəng belə edib maraqlanmayıblar. Anası xx.xx.2015-ci tarixində şəkərli diabet tip 2 səbəbi ilə Bakı şəhərində bacısının evində vəfat etmişdir. Hər ikisinin də dəfn xərcləri o, ödəmişdir. Qeyd edir ki, bu hadisələr baş verən zaman o, ailəsi ilə birlikdə Goranboy rayonunda qaynanasının (xalamın) evində yaşamışdır. Rayonda oğlunun müalicəsi üçün gedib gəlmək çətin olduğundan yenidən Bakı şəhərinə köçmək qərarına gəlmişlər. Ata evinə qayıdıb onlarla birlikdə yaşamaq mümkünsüz olduğundan kirayə evə köçmüşlər. İddia ərizəsində qeyd ediblər ki, guya o, özünəməxsus digər evdə yaşayır. Amma yalandır, onun özünəməxsus evi olmayıb, hal-hazırda yoxdur. Atasından ona miras qalan ½ pay Xətai rayon, Gen. Şıxlinski ev 5, mən 9-u nəzərə almasaq, ASAN Xidmət mərkəzinə sorğu göndərərək bundan məhkəmə əmin ola bilər. Gəlinləri Elnarə və kürəkəni iş yerinə gələrək üstünə hücum çəkib ayağını sındırıblar. Bu haqda xəstəxanadan tibbi arayışı var. Hal-hazırda bu günə kimi ona atasından mirasdan əl çəksin deməyə, ona şər böhtan atırlar, ölümlə hədələyirlər. Bu haqda 35-ci polis bölməsinə şikayət etmişdir. Onların ucbatından 4 ildir iş yerinə gedə bilmir. İddiaçı iddiasının əsassız olduğundan rədd edilməsinə, onlarla yaşamağın mümkünsüz, münaqişəli məsələ olduğunu nəzərə alaraq, mülkün satılaraq ona düşən ½ payın ödənilməsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində göstərdiklərini müdafiə edib, əlavə olaraq izahatlarında bildirmişdir ki, 2012-ci ildə o, qardaşı ilə əmlak bölgüsü aparmışdır. Daha sonra qardaşı Goranboy rayonunda ev alaraq ora, bundan sonra onu satıb başqa bir ev alaraq həmin evə köçmüşdür. Qardaşı Elman həbsdə olmuşdur. O həbsdən çıxanda avaralıq eləməsin və ailəsini dolandırsın deyə mağazanı qardaşına vermişdir ki, işləsin. Həmin mağaza ona müharibə veteranı olduğu üçün dövlət tərəfindən verilmişdir. Mağaza evlərinin yanındadır. Az müddət mağazanı özü işlətmişdir. Elmana 20000 manat pul vermişdir ki, özünə ev alsın. Qardaşı Elmanın qayınatası ona demişdir ki, nəyə gücün çatır ver, o da bu qədər vermişdir. İddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib izahatlarında bildirmişdir ki, iddiaçı doğulduğu tarixdən bu günə qədər mərhum atasının adına olan ünvan 3 ünvanında yaşayır. İddiaçı ilə üçüncü şəxs olan qardaşı arasında, atası sağ olarkən əmlak bölgüsü ilə bağlı razılaşma olmuşdur. Bu razılaşmaya əsasən iddiaçı 20000 manat pulu qardaşına vermişdir. Qardaşı da evin iddiaçıda qalmasına razılıq vermişdir. İddiaçının qardaşı həmin evdə yaşamır. Üzərindən bir müddət keçdikdən sonra iddiaçıya məlum olur ki, həmin şəxs tərəfindən vərəsəlik işi açılmış və vərəsəlik üzrə şəhadətnamə alınmışdır. Bununla bağlı notariusa sorğu verildikdə, notarius cavab olaraq demişdir ki, şəxs qeydiyyatda olduğu üçün onu faktiki sahib kimi qeydə almışlar. Həmin şəxsin faktiki sahibliyi ilə bağlı heç bir subut yoxdur. Şəxs uzun müddətdir ki, o evdə yaşamır. Ancaq faktiki olaraq həmin evdə qeydiyyatda olaraq yaşayan iddiaçıdır. İddiaçının iki qız övladı var. Qız övladlarının ikisi də evlidir, uşaqları var. İddiaçının özü də müharibə veteranıdır. Qonşular o evdə kimin yaşaması ilə bağlı akt imzalayıb. Bundan başqa mənzil istismar sahəsindən də arayış alınmışdır. Bunlar onu göstərir ki, iddiaçı həmin ünvanda yaşayır. Mağazanı isə İlhama müharibə əlili olduğu üçün veriblər. Ataları 2014-cü ildə vəfat edib. Lakin vərəsəlik işi 2023-cü ildə açılıb. Notariusun elə vəzifəsi yoxdur ki, müddət keçdiyi halda, məhkəmə qərarı olmadan vərəsəlik işi açsın. Bununla bağlı müddətin ləğv edilməsi qaydası 28 dekabr 2023-cü il tarixdən sonrakı işlərə şamil olunur. Notarius arayışa əsasən şəhadətnamə verdiyini demişdir. Lakin onlar özləri aldıqları arayışda Elman haqqında məlumat yoxdur. Tərəflər arasında əvvəlcədən razılaşma olmuşdur. Hazırda aralarında barışıq yoxdur. Buna görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 iddia tələbini qəbul etməyib, etirazında göstərdiklərini müdafiə edib izahatında bildirmişdir ki, 2000-ci ildə mağazanı o tikmişdir. Mağaza atasının adına olmuşdur. Atası isə ona 60 illik etibarnamə vermişdir. Daha sonra öz adına keçirtmişdir. İddiaçı ona 20.000 manat təklif etmiş və stolun üstünə qoymuşdur. O pula heç əl vurmamışdır. Qardaşı ona, qızlarını evləndirdikdən sonra evin onun oğlunun olacağını demişdir. Qardaşı atasını döymüşdür. Onu hədələmişlər və o da evdən çıxmışdır. Onun oğlu ikinci qrup əlildir. İlhamın yoldaşı ona demişdir ki, oğlu balkondan yıxıla bilər. Onu bununla hədələmişdir. Ona mağazanı işlətməyə imkan vermir və üstünə hücum edirlər.O heç vaxt həbsdə olmamışdır. Rusiyada işləmişdir. Oradan 2000-ci ildə qayıtmışdır. Etibarnamə 2010-cu ildə verimişdir. 2013-cü ildə o köçmüşdür. Ona 2 otaqlı ev alıb versələr, o razılığa gələr. Həmin ev ona atasından qalmışdır. O atasına 20-30 il baxmışdır. Əvvəldən heç bir razılıq olmamışdır. Əgər razılıq olsa idi, o qeydiyyatdan çıxardı. Onu oradan şər ataraq qovmuşlar. İddia tələbi ilə razı deyil. Buna görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş 5 saylı Bakı «ASAN xidmət» mərkəzində Notariat Ofisinin vəkili və nümayəndəsi X13 izahatında bildirmişdir ki, notariat işinin təsdiqlənmiş surəti məhkəməyə təqdim edilmişdir. Vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə əsaslar mövcud deyil. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh 5 saylı Bakı «ASAN xidmət» mərkəzində Notariat Ofisi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə həmin nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, Elman və İlhamı uşaqlıqdan tanıyır. İlham onun bibisinin yoldaşıdır. Mübahisəli evdə 2015-ci ildən yaşayır. Onlar arasında razılaşma olmuşdur. İlham qardaşına pul vermişdi. Elman ora gəlib-getmirdi. Onun bibisi ilə bağda bir-iki dəfə mübahisəsi olmuşdur. Bibisinə əl qaldırmış, o isə aralaya bilməmişdir. Mübahisə isə bağa getmək üstündə olmuşdu. Bağ onlarda, mağaza isə Elmanda idi. Elman onların bağa getməsini istəmirdi. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, o İlhamla qonşudur. 1997-ci ildən orada yaşayır. Elman və ailəsi, ata, ana, İlham və ailəsi ilə birlikdə yaşamışlar. Elman 3-4 il olar ki, oradan çıxmışdır. Elman atası rəhmətə gedəndə orada yaşamışdır. Onun bildiyi qədər, araları soyuq olmuşdur. Elmanla münasibəti olmamışdır. Amma İlhamla münasibəti var. Bölgü aparılması ilə bağlı söhbəti eşitməmişdir. Dava-dalaş görməmişdir. O ora köçəndə rəhmətlik atası mağazanı işlətmişdir. Elman 2012-ci ildə mağazada işləmişdir. O, Elmanı mağazada görmüşdür. Atası sağ olarkən, o eşitmişdir ki, Elman köçüb. Məhkəmə tərəflərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən 100 manat dövlət rüsumu ödənilmişdir. - АЗ seriyalı 030269 nömrəli nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, X31 ilə X4 xx.xx.1965-ci ildə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Alışova soyadı verilmişdir. - Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM seriyalı 212963 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Şıxlınski küçəsi, 5 saylı evin 9 saylı mənzili tam payda X20 xüsusi mülkiyyəti kimi qeydə alınmışdır, bu barədə xx.xx.2004-cü ildə qeydiyyat aparılmışdır. - AZ-İ seriyalı 687967 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.2014-cü ildə ölmüşdür. Bu barədə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü ildə 213 nömrə ilə qeyd aparılmışdır. - AZ-İ seriyalı 784245 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2015-ci ildə ölmüşdür. Bu barədə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci ildə 1068 nömrə ilə qeyd aparılmışdır. - АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə doğulmuşdur. X9, anası X3r. - V-ЖГ seriyalı 292016 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X11 xx.xx.1989-cu ildə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Alışova soyadı verilmişdir. - XV-ЖГ seriyalı 338930 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X21 xx.xx.1990-cı ildə doğulmuşdur. X27, anası X8r. - ƏN-İ seriyalı 136463 nömrəli etibarnamədən görünür ki, X31 ünvan 3 ünvanında yaşayan X15 yaşadığı evin ətrafında köşkdən istifadə etməyi, özəlləşdirməyi, DƏDRXİdən çıxarış almağı, sərancam verməyi, satmağı, bağışlamağı və.s digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə xx.xx.2060-cı ilədək qüvvədə olmaqla 50 il müddətinə verilmişdir. İş materiallarına əlavə edilmiş 5 saylı “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-670 reyestr nömrəli notariat işində olan: - X24 tərəfindən 5 saylı notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Bakı şəhəri, Xətai rayonu, Şıxlınski küçəsi, 5 saylı evin 9 saylı mənzildən ona çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. - xx.xx.2023-cü il tarixli, 010A5/1263 nömrəli “Müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə” arayışdan görünür ki, həqiqətən X10 təqdim etdiyi hüquqmüəyyənedici sənədlər mərhum X26 aid olan ünvan 3 ünvanında yerləşən 64.92 kv.m sahəsi olan mülkiyyət və digər əşya hüquqlarının mülkiyyət qanunvericiliyinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. - 94 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Notariat ofisinə təqdim edilmək üçün verilmiş xx.xx.2023-cü il tarixli 526 nömrəli arayışdan görünür ki, mərhum X20 xx.xx.2014-cü ildə vəfat etdiyi günə kimi ünvan 3 ünvanında aşağıdakı ailə tərkibi ilə birgə qeydiyyatda olmuşdur. Oğlu- X24, gəlini X12, nəvəsi X28, gəlini X16, nəvəsi X21 və oğlu İddiaçı. - 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, X28, X24, İddiaçı, X16, X21 ünvan 5 ünvanında qeydiyyatdadırlar. - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən xx.xx.2014-cü ildə ölmüş X20 vərəsəsi X24 miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı şəhər ərazi idarəsində verilmiş ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 64.92 kv.m olan mənzildən ibarətdir. Miras əmlakın 1/2 hissəsi açıq saxlanılmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 64.92 kv.m olan mənzilin ½ hissəsi X10 xüsusi mülkiyyəti kimi reyestrdə ********** nömrə ilə xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır. Mənzilin ½ hissəsinə mülkiyyət hüququ açıq saxlanılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, 5 saylı evin 9 saylı mənzili iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin ataları X20 mülkiyyətində olmuş və X31 xx.xx.2014cü il tarixdə vəfat etdikdən sonra, mərhumun oğlu hazırkı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X24 5 saylı Bakı «ASAN xidmət» mərkəzində Notariat ofisinə müraciət etmiş və onun həmin miras əmlaka 1/2 hissədə payı müəyyən edilmiş, ona bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 64.92 kv.m olan mənzilin ½ hissəsi X10 xüsusi mülkiyyəti kimi reyestrdə ********** nömrə ilə xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır. Mənzilin ½ hissəsinə mülkiyyət hüququ açıq saxlanılmışdır. Hazırda iddiaçı həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun həmin mənzil üzərində tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin: 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1195-ci maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1202.1 və 1202.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Beləliklə işin hallarından məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, 5 saylı evin 9 saylı mənzili hazırkı iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin ataları olan X14 onlara miras qalmışdır. Miras qoyanın övladı, X24 isə miras əmlakının açıldığı yer üzrə notariat ofisinə müraciət edərək mərhum atalarından qalmış miras əmlaka məcburi pay hüququnu tələb etmiş, hazırkı cavabdeh 5 saylı Bakı «ASAN xidmət» mərkəzində Notariat ofisinin xüsusi notariusu isə miras əmlakını qəbul etməkdə maraqlı olan vərəsələrin müraciətlərini nəzərə alaraq həmin mənzilin 1/2 hissəsinə dair X15 qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Həmin Təlimatın 96-cı bəndinin 4-cü hissəsinə görə vərəsəlik hüququ haqqında şəhadətnamə həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Göründüyü kimi, X24 qanunvericiliklə onun hüququ olaraq müəyyən edilmiş qaydada, vərəsə kimi mərhum atasından miras qalmış əmlakın qəbul edilməsi üçün ərizə ilə notariusa müraciət etmiş və bunun əsasında ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. O cümlədən, notariat işində olan 94 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Notariat ofisinə təqdim edilmək üçün verilmiş xx.xx.2023-cü il tarixli 526 nömrəli arayışdan və 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışdan da müəyyən olunur ki, mərhum X20 xx.xx.2014-cü ildə vəfat etdiyi günə kimi ünvan 3 ünvanında oğlu- X24, gəlini X12, nəvəsi X28, gəlini X16, nəvəsi X21 və oğlu İddiaçı ibarət ailə tərkibi ilə birgə qeydiyyatda olmuşdur. Həmçinin, notariat işinə nəzər yetirdikdə müəyyən olunur, notarius tərəfindən qanunvericiliyin müvafiq tələblərinə əməl edilməklə bütün zəruri hərəkətlər edilmiş və miras əmlaka dair müvafiq şəhadətnamə verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilməsi üçün əsaslar yoxdur, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1299.1-ci maddəsinə əsasən, miras payının bərabərləşdirilməsi göstərilmiş xidmətlərə və mirasın həcminə uyğun olaraq ədalətlə aparılmalıdır. 1299.2-ci maddəsinə əsasən, əmlak bölgüsü zamanı miras payının bərabərləşdirilməsi məbləği mirasın ümumi məbləğindən çıxılır və bərabərləşdirmə tələbinə hüququ olan miras şərikinin payına əlavə edilir. Məhkəmə iddia tələbinin mübahisə predmeti olan mənzilə payın həcminin mübahisələndirilməsi ilə bağlı iddia tələbinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilə bilməz, nəzərə alınmalıdır ki, həmin tələb ilkin tələbdən törəmə tələbdir, buna görə də, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh 5 saylı Bakı «ASAN xidmət» mərkəzində Notariat Ofisinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X24 cəlb olunmaqla, “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mənzil üzərində tam payda iddiaçının pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh 5 saylı Bakı «ASAN xidmət» mərkəzində Notariat Ofisinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X24 cəlb olunmaqla, “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mənzil üzərində tam payda iddiaçının pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar