Məhkəmə qərarları › İş №2(007)-905/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-905/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-905/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh “Refinbished” mobil telefon şirkətinin işçisi kimi tanımışdır və onunla aralarında 850 manata “İphone” markalı mobil telefonun alqı-satqısı barədə razılığa gəlmişlər. 12 sentyabr 2020-ci il tarixdə Cavabdeh “xxxx” ASC-dəki hesabına Milliön ödəmə terminalı vasitəsilə ********** saylı hesabına Xətai rayonu Sadıqcan küçəsi ev 15 VİP Supermarketdə yerləşən ********** saylı terminal vasitəsilə 850 manat ödəniş etmişdir. Ödəniş qəbul olunduqdan sonra cavabdeh “iphone” markalı mobil telefonu verməkdən və aldığı məbləği geri qaytarmaqdan imtina edib.Cavabdehlə dəfələrlə əlaqə saxlamağa cəhd göstərsə də, onunla danışdığı mobil nömrəyə cavab verməyib, aldığı 850 manatı qaytarmaqdan imtina edib. Cavabdehin onu aldadaraq, etibarından sui istifadə edərək 850 manat məbləğində pulunu ələ keçirməsi barədə polisə müraciət etsə də, 23 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub və ona məsləhət görüblər ki, məhkəməyə müraciət etsin. Qeyd olunanları nəzərə alıb xahiş edir ki, iddia təmin edilsin və Cavabdeh onun xeyrinə 850 manat manat və ödənilmiş dövlət rüsumuna görə 31 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı 29.06.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müracət edərək, cavabdehə qarşı iddia tələbinə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş və işə qiyabi icraat qaydasında baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 16.06.2021-ci il tarixli “xxxx” MMC tərəfindən göndərilmiş çıxarış qəbzindən görünür ki, İddiaçı 12 sentyabr 2020-ci il tarixdə saat 12:24:53-də 850 manat pul vəsaiti Bakı şəhəri Xətai rayonu, Sadıqcan küçəsi 15 VİP supermarketdə quraşdırılmış “xxxx” MMC şirkətinin 16079 saylı ödəmə aparatından Cavabdeh “xxxx”-da ********** saylı hesab nömrəsinə göndərmişdir. İş materiallarında olan 17.11.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 31 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İşin hallarından görünür ki, iddiaçı cavabdehin hesabına 850 manat ödəniş etmiş, sonuncu isə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən borcun tutulması barədə tələb əsaslıdır. Məhkəmə, toplanmış sübutlara tam və hərtərəfli araşdırıb, qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 850 manat borc və 31 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 850 manat və 31 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Tərəflərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar