Məhkəmə qərarları › İş №2(007)-969/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-969/2021

03.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-969/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiyanın nümayəndəsi X8 iştirakları ilə, Ərizəçi maraqlı şəxs kimi Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiyası cəlb edilməkli “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs kimi Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiyası cəlb edilməkli “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 12.06.2002-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 12.06.2002-ci il təvəllüdlü oğlu X5 anadangəlmə iflic xəstəsi olmaqla 1-ci qrup əlil, əmək qabiliyyətsizdir. Oğlu anadan olandan yataq xəstəsidir və onun qayğı, yardımı olmadan yaşaması qeyri mümkündür. O, artıq oğlu 18 yaşına çatdığından və qanunla tam fəaliyyət qabiliyyətsiz sayıldığından məhz onun ağıl zəifliyi nəticəsində öz hərəkətlərini dərk etmək, danışmaq və s. kimi xəstəliyin təsirindən yaranan hallara görə İcra Hakimiyyətinə müraciət edərək onun fəaliyyət qabiliyyətsiz olduğunu və onu oğluna qəyyum təyin edilməsini xahiş etmişdir. İcra Hakimiyyətindən ona bildirdilər ki, oğlunun xəstə olması göz qabağında olsa da oğlunun fəaliyyət qabiliyyətsiz sayılmasına məhkəmə baxmalı və əgər məhkəəmə bu barədə qətnamə çıxararsa o halda oğluna onu qəyyum təyin edəcəklər. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi X10 12.06.2002-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon VVAQ tərəfindən 30.07.2002-ci il tаriхdə vеrilmiş AZ-İ № 173111 saylı doğum haqqında şəhаdətnаmənin surətindən görünür ki, X5 12 iyun 2002-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 30.07.2002-ci il tarixdə 958 № ilə qeyd edilmişdir. X1, anası Ərizəçidır. - Bakı şəhəri Nizami rayon VVADQ tərəfindən 30.07.2002-ci il tаriхdə vеrilmiş AZ-İ № 038042 saylı nikah haqqında şəhаdətnаmənin surətindən görünür ki, X7 ilə Ərizəçi nikahı 30.07.2002-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 30.07.2002-ci tarixdə 458 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqinin surətindən görünür ki, 12.06.2002-ci il təvəllüdlü X5 birinci dərəcəli müddətsiz əlildir. Diaqnozu: Kvadroplegik spastik serebral iflic, Uşaq serebral iflici, tetraplegik forma. Daimi kənar şəxsin kömək və nəzarətinə ehtiyacı var. Xəstə uşaq vaxtından müavinət alır. Göndərilir TSEK-na təkrar yoxlama üçün. Ağırlaşma G82.4 Spastik tetraplegiya, Spastik dərin tetraparez (əzələ qüvvəsi 1 bal). Nitq və dilin inkişafının spesifik pozuntuları. Danışmır. Yanaşı xəstəliklər F45.3 Vegetativ sinir sisiteminin somatoform disfunksiyası, NSD-kardial tipli. Yanaşı xəstəliklər H50.0 Müştərək daxili çəpgözlük. OU-Daxili çəplik. Nistaqm. Yanaşı xəstəliklər D50 Dəmir Defisitli anemiya. Yanaşı xəstəliklər M24.5 Oynaqların kontrakturası. Hər iki biləyin və ayaqların pəncənin kontrakturası. - 10 saylı Mənzil Kommunal İstismar Sahəsinin 28.08.2020-ci il tarixli, 334 №-li arayışının surətindən görünür ki, X7, Ərizəçi və X5 ünvan 1 ünvanında qeydiyyatdadırlar və yaşayırlar. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixatrik Ekspertizasının 31.03.2021-ci il tarixli 660 saylı rəyindən görünür ki, X3 Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin ağıl zəifliyi ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar – təqdim edilmiş tibbi sənədlər və hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə körpəlik dövründən serebral iflic müəyyən edilməsi, bununla əlaqədar yeriyə bilməməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda xeyli geri qalması, nitqinin inkişaf etməməsi, xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, Bakı şəhər X4 müalicələrdə olması, hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində “G 80.0 Kvadroplegik spastik serebral iflic. Uşaq serebral iflici, teteraplegik forma. Daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyac var” diaqnozu ilə qeydiyyatda olması, İ qrup əlil olması, daima çarpayıda olması, fizioloji ifrazatları ilə natəmiz olması, hər-hansı bir işi müstəqil yerinə yetirə bilməməsi, daim çarpayıda olmaqla kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə gedişatında dərin əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. Mülki iş materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: X3 Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin ağıl zəifliyi ilə müəyyən edilir. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X2 onda müəyyən edilən Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin ağıl zəifliyi ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 12.06.2002-ci il təvəllüdlü X3 Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin ağıl zəifliyi müəyyən edilmiş və bunun nəticəsində öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi zəruridir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixatrik Ekspertizası tərəfindən X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması barədə 31.03.2021-ci il tarixli 660 nömrəli rəy verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonar MPM): 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan anası Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 12.06.2002-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Hazırkı qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 12.06.2002-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar