Məhkəmə qərarları › İş №2(008)-1059/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1059/2024

24.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1059/2024 24.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil X1, Cavabdeh və onun nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakın üzərində paylarının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin açıq hərracda satılması və pulun bərabər bölünməsi, ev əşyaları üzərində paylarının müəyyən edilməsi və naturada bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Kia Sportage" markalı **-BZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi barədə müqavilənin etibarsız sayılması, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və satış pulunun aralarında bərabər bölünməsi, birgə nikah dövründə alınan ev əşyalarının və avadanlıqlarlar üzrə payların müəyyən edilməsi və naturada bölünməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2012-ci ildə bağlanmış nikaha Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2023-cü ildə xitam verilmişdir. Birgə nikah dövründə aldıqları və hazırda mövcud olan ev əşyaları bunlardır: 3 ədəd televizor; 1 ədəd səsgücləndirici musiqi aparatı; 1 ədəd masa; 6 ədəd yumşaq oturacaq; 1 dəst yumşaq mebel - bir divan, iki kreslo (iki min yüz manat); 1 ədəd tv stent; mətbəxt mebeli; 1 ədəd qaz sobası; 1 ədəd elektrik soba; 1 ədəd mikrovalnovka; 1 ədəd havalandırıcı- aspirator; 1 ədəd mətbəxt divanı; 1 ədəd soyuducu (iki min manat); 1 ədəd duş kabini (min beş yüz manat); 1 ədəd paltaryuyan maşın (dörd yüz manat); 1 ədəd moydadır və hamam dolabı; 1 ədəd böyük paltar dolabı; 1 ədəd yataq dəsti (üç min beş yüz manat), "Kia Sportage" markalı **-BZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi (iyirmi dörd min beş yüz manat). Cavabdeh ilə ailə münasibətlərinə xitam verildikdən sonra, yuxarıda qeyd edilən əmlakın bölünməsi barədə onunla razılığa gələ bilməmişlər və əmlak bölgüsü barədə mübahisə yaranmışdır. Cavabdeh xx.xx.2023-cü ildə öz adına olan "Kia Sportage" markalı **-BZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini onun notariat qaydasında təsdiq edilmiş razılığı olmadan X6 adına özgəninkiləşdirmişdir. Gülər Eminova isə elə həmin tarixdə sözügedən nəqliyyat vasitəsi barədə Cavabdeh istifadəyə görə etibarnamə, axırıncının anası olan X3 baş etibarnamə vermişdir. İddiaçı xx.xx.2024-cü ildə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, "Kia Sportage" markalı **-BZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi barədə müqavilənin etibarsız sayılması, həmin nəqliyyat vasitəsi üzrə cavabdehlə onun paylarının müəyyən edilməsi və Cavabdeh ilə onun arasında paylara uyğun bölünməsi, Cavabdeh ilə onun evliliyi dövründə alınan ev əşyalarının və avadanlıqlarlar üzrə payların müəyyən edilməsi və naturada bölünməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı xx.xx.2024-cü ildə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlə birgə nikah dövründə alınan "Kia Sportage" markalı **-BZ- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsinə onun və 1/2 hissəsinə cavabdehin payının müəyyən edilməsi, cavabdehlə birgə nikah dövründə alınan ev əşyaları və avadanlıqları üzərində 1/2 hissəsinə onun və 1/2 hissədə cavabdehin payının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü ildə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh ilə xx.xx.2012-ci ildən xx.xx.2023-cü ilə kimi birgə nikah dövründə aldıqları və hazırda mövcud olan ev əşyaları bunlardır: 3 ədəd televizor; 1 ədəd səsgücləndirici musiqi aparatı; 1 ədəd masa; 6 ədəd yumşaq oturacaq; 1 dəst yumşaq mebel - bir divan, iki puf 2395 (iki min üç yüz doxsan beş) manat; 1 ədəd tv stent; mətbəxt mebeli; 1 ədəd qaz sobası 220 (iki yüz iyirmi) manat; 1 ədəd elektrik soba 450 (dörd yüz əlli) manat; 1 ədəd mikrovalnovka 149 (yüz qırx döqquz) manat; 1 ədəd havalandırıcı- aspirator 280 (iki yüz səksən) manat; 1 ədəd mətbəxt divanı; 1 ədəd soyuducu 950 (doqquz yüz əlli) manat; 1 ədəd duş kabini 1300 (min üç yüz) manat; 1 ədəd paltaryuyan maşın (dörd yüz manat); 1 ədəd moydadır və hamam dolabı; 1 ədəd böyük paltar dolabı; 1 ədəd yataq dəsti 3500 (üç min beş yüz) manat (ümumi təqribi 10.500 manat). Məhkəmə iddiaçının iddia tələbinin həcminin artırılması barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, əvvəl kirayədə yaşamışlar, sonradan evi təmir edib tikmişlər. Evi sıfırdan təmir edib, avadanlıqları almışlar. O, maşınını satıb ev təmir elətdirmişdir. Cavabdehin qardaşının evi 1-ci mərtəbədə, onların evi isə 2ci mərtəbədədir. Cavabdehlə tanış olmamışdan əvvəl cavabdehin Mercedes A class markalı var idi, həmin avtomobilin təxminən 6500 manat qiyməti var idi, ailə qurandan bir neçə il sonra onu satmışlar. Mübahisə obyekti olan sonuncu avtomobili isə onlara məxsus torpaq sahəsini sataraq 2021-ci ildə 25000 manata almışlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X7 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 iddianı qəbul etməyərək bildirmişdir ki, tərəflər nikahdan sonra kirayə yaşamışlar, sonradan cavabdehin atasına məxsus evə köçmüşlər, hazırda ev qardaşına məxsusdur. O, bildirmişdir ki, cavabdehin atası qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğuna görə çox sayda qızılı olmuşdur. Ona görə də onun vəfatından sonra cavabdehin anası H.Nəzakətlə onun qardaşının arvadı arasında qızıllarını bölərək onlara hədiyyə etmişdir. Həmin qızılların hesabına H.Nəzakət özünə avtomobil almışdır. Həmin avtomobilin satışı hesabına hazırki avtomobili əldə etmişdirlər. Bundan başqa, iddiaçı özünün notarial qaydada təsdiq olunmuş ərizəsi ilə cavabehə qarşı əmlak əmlak tələbinin olmadığını qeyd etmişdir. Qızılların və avtomobillərin satılması barədə sənəd təqdim edə bilməmişlər, lakin şahid ifadəsi ilə təsdiq edə bilərlər. Atası tərəfindən qızılların verilməsi barədə vəsiyyət yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayənədəsinin izahatını təsdiq edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçının anasıdır. Oğlu ilə gəlini 2012-ci il ailə qurmuşlar, kirayədə qalırdılar. Əmlakları ikisi birlikdə almışlar. Nəzakətin əvvəl avtomobilin olduğunu bilirdi, amma nə zaman satdığını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçının bacısıdır. Ailə qurduqdan sonra Pərvizin torpağı var idi, onu satmış Kia markalı avtomobili almışlar. Əmlakları ikisi birlikdə əldə etmişlər. Evlərində yataq və mətbəx mebelləri, divan, stol, stul, kombi və s. əşyalar var idi. Qardaşı hal-hazırda taksi fəaliyyəti ilə məşğul olur, nikah dövründə MTK-da işləmişdir, kamera və s. sistemlərin quraşdırılmasında iştirak etmişdir. Nəzakətin əvvəl avtomobilin olduğunu bilirdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, cavabdehin anasıdır və nikahdan əvvəl qızının avtomobili olmuşdur. Qızı ilə ərizinin evinin ikinci mərtəbəsini də oğlu tikmişdir, yardım məqdəsi ilə qızımı əri ilə o evə gətirmişlər. Mərhum əri qızıl satışı ilə məşğul olmuşdur, ərindən qalan qızılları uşaqları arasında bölmüşdür. Qızılları satarkən heç bir sənədləşmə aparmamışdır. Qızına 25000-30000 manatlıq qızıl vermişdir, iddiaçının pulu yox idi, həmçinin 37000 manatlıq cehiz vermişdir. Nikah bağlanana qədər iddiaçı kamera ustası olmuşdur, sonralar taksi ilə məşğul olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, cavabdeh yoldaşının bacısıdır və nikahdan əvvəl cavabdehin avtomobili olub. Onlarla birlikdə yaşamışlar. 2021-ci ildə X8 cavabdehlə onun arasında qızılları bölmüşdür. Tərəflər arasında başqa münasibətlər barədə, həmçinin cavabdehə hansı qızılları və əşyaları verməyi barədə məlumatı yoxdur. İş materiallarında olan Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikaha Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2023-cü ildə 594 nömrəli akt qeydi ilə xitam verilmişdir. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "Kia Sportage" markalı **- BZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdehdır. - 06.12.2021-ci il tarixli etibarnamədən görünür ki, cavabdeh iddiaçıya 3 il 2 ay müddətinə "Kia Sportage" markalı **-BZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini vermişdir. Həmin etibarnamə xx.xx.2026-cı ilədək qüvvədədir. - Cavabdeh tərəfindən təqdim edilmiş mobil telefon vasitəsilə edilmiş fotoşəkildən görünür ki, 4 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisi vasitəsilə cavabdeh tərəfindən iddiaçıya verilmiş etibarnaməyə xx.xx.2023-cü ildə xitam verilmişdir. - Cavabdeh tərəfindən təqdim edilmiş mobil telefon vasitəsilə edilmiş fotoşəkildən görünür ki, Goranboy Rayon Notariat Ofisi vasitəsilə X11 (mülkiyyətçi) Cavabdeh xx.xx.2023-cü il tarixli etibarnamə ilə xx.xx.2032-cü ilədək 77BZ740 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini vermişdir. - 4 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiqlənmiş İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh əmlakına dair heç bir iddia və tələbi olmadığını bildirmişdir. - AR DİN BDYPİ Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasından çıxarışdan görünür ki, "Kia Sportage" markalı 77BZ740 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdehdır. - "Kontak Home" tərəfindən verilmiş qəbzdən görünür ki, iddiaçı xx.xx.2022-ci ildə 149,99 manat məbləğində mikrodalğalı soba almışdır. - "Kral İnşaat" tərəfindən verilmiş qəbzdən görünür ki, iddiaçı xx.xx.2017-ci ildə 1300 manat məbləğində duş kabini almışdır. - "Saloğlu" tərəfindən verilmiş qəbzdən görünür ki, iddiaçı xx.xx.2022-ci ildə 2395 manat məbləğində bir divan, iki puf almışdır. - 0008614 nömrəli qaimə fakturadan görünür ki, iddiaçı 2017-ci ildə soyuducu (950 manat), ankastor (450 manat), qaz (220 manat), aspirator (280 manat) almışdır. Cəmi 1900 manat məbləğində pul tam ödənilmişdir. Ər-arvadın əmlakının qanuni rejimini Azərbaycan Respublikasının Mülki Məcəllənin 225-ci maddəsi və Ailə Məcəlləsinin 7-ci fəsli (31- 37-ci maddələr) ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" xx.xx.2024-cü il tarixli 1/2024 nömrəli Qərarında məhkəmələrə izah edilmişdir ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında nikah xx.xx.2012-ci ildə bağlanmış, xx.xx.2023-cü ildə pozulmuşdur. Ailə qurduqdan sonra tərəflər cavabdehin qardaşına məxsus olan həyətin ikinci mərtəbəsində yerləşən evdə yaşamışlar. Onların birgə nikah dövründə cavabdehin adına bir avtomobil alınmışdır (Kia Sportage markalı). İddia ərizəsində adı çəkilən əşyaların mövcudluğu da işin mübahisəsiz halıdır. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, cavabdeh adı çəkilən bütün ev əşyalarının onun qardaşı tərərfindən alındığını bildirir. Ona məxsus “Kia Sportage” markalı avtomobilin isə əvvəl özünə məxsus “Mercedes” markalı avtomobilin və həmçinin anası tərəfindən ona hədiyyə olunan qızılların satışından əldə olunan pulun hesabına alındığını və iddiaçının bu əşyalara mülkiyyət hüququnun olmadığını bildirir. Məhkəmə işin mübahisələndirilən halına dair sübutetmə yükünün cavabdehin üzərinə düşdüyünü nəzərə alaraq onun istinad etdiyi hallara dair məhkəməyə təqdim etdiyi yeganə sübutun şahid ifadəsi olduğuna görə həmin sübuta qiymət verir. Bununla bağlı məhkəmə hesab edir ki, şahidlərin cavabdehin özünün ən yaxın hesab olunan qohumlarının olması və onun tərəfindən yanaşı heç bir subutun məhkəməyə təqdim olunmaması, yalnız iki şahidin ifadəsi ilə kifayətlənməsi mübahisəli nəqliyyat vasitəsinin nikahdan əvvəl Cavabdeh məxsus olan avtomobilin və qızılın satış pulundan alınmasını təsdiq etmir. Belə ki, ən azından onun özünə nikahdan əvvəl məxsus olan avtomobilin nə vaxt və hansı qiymətə satılması barədə məhkəməyə hər hansısa sübut təqdim olunduğu halda məhkəmə tərəfindən buna dair müvafiq araşdırma aparılardı. Bundan başqa, iddia ərizəsində göstərilən ev aşyalarına gəldikdə isə məhkəmə müəyyən etmişdir ki, 1 dəst yumşaq mebelin - bir divan, iki puf, 1 ədəd qaz sobasının, 1 ədəd elektrik sobanın, 1 ədəd mikrodalğalı soba, 1 ədəd havalandırıcı aspiratorun, 1 ədəd soyuducunun, 1 ədəd duş kabininin həqiqətən də birgə nikah dövründə iddiaçı tərəfindən alınmasına dair məhkəməyə təqdim olunan qəbzlər onların həqiqətən də birgə nikah dövründə alınan və tərəflərin birgə əmlakı sıyahısına daxil olduğuna dəlalət edir. Beləliklə, tərəflərin birgə nikahda olduqları müddət ərzində qanunvericiliklə istisna kimi qiymətləndirilmiş əmlaklardan başqa tərəflərin əldə etdiyi bütün digər növ əmlak onların ümumi mülkiyyətindədir. Bunun əksini iddia edən tərəf öz tələbini sübut etməlidir. Hazırki iş üzrə iddiaçı nəqliyyat vasitəsi və qeyd edilən müəyyən ev əşyaları üzərində paylarının müəyyən edilməsini tələb edir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, yuxarıda qeyd olunan əmlaklar birgə nikah dövründə əldə edilmişdir. Buna görə də həmin əmlaka ər-arvadın əmlakının qanuni rejimi şamil olunur. Bunun əksini iddia edən iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarda qeyd olunan Qərarına əsasən öz tələbini sübut etməlidir, mübahisəli nəqliyyat vasitəsini nikah dövründə əldə edilmədiyi və ya ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran halları sübut etməlidir. İş materiallarından göründüyü kimi, Cavabdeh nəqliyyat vasitəsinin nikah dövründən əvvəl ya sonra əldə etdiyini, yaxud həmin əmlakın nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdiyini sübut etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və tərəflərin birgə nikah dövründə əldə edilmiş "Kia Sportage" markalı 77BZ740 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, 1 dəst yumşaq mebelin - bir divan, iki puf, 1 ədəd qaz sobasının, 1 ədəd elektrik sobanın, 1 ədəd mikrodalğalı soba, 1 ədəd havalandırıcı aspiratorun, 1 ədəd soyuducunun, 1 ədəd duş kabininin üzərində ½ hissəsi iddiaçının və ½ hissəsi cavabdehin payı müəyyən edilməlidir. Həmçinin , məhkəmə bildirir ki, cavabdeh tərəfindən məkməyə təqdim edilmiş “əmlaka dair tələbim yoxdur” mətni ilə yazılmış ərizə dair məhkəmə belə münasibət bildirir ki, həmin ərizənin mətni mücərrəd hesab okunaraq konkret olaraq hansı əmlakdan söhbət gtdiyini müəyyən etmək olmur. Buna görə də, həmin ərizə məhkəmə tərəfindən işin hallarına dair mötəbər sübut kimi qəbul oluna bilməz. İddia tələbində göstərilən digər ev əşyalarının tərəflərin ümumi birgə əmlakı olması məhkəmədə sübut olunmadı buna görə də iddia tələbi həmin hissədə təmin olunmur. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıdakilara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikah dövründə əldə edilmiş "Kia Sportage" markalı 77BZ740 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, 1 dəst yumşaq mebelin - bir divan, iki puf, 1 ədəd qaz sobasının, 1 ədəd elektrik sobanın, 1 ədəd mikrodalğalı sobanın, 1 ədəd havalandırıcı aspiratorun, 1 ədəd soyuducunun, 1 ədəd duş kabininin üzərində ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar