Məhkəmə qərarları › İş №2(008)-11/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-11/2025

17.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-11/2025 17.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclasının katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1a, Cavabdeh2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizə üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ünvan 1 ünvanında yerləşən, torpaq sahəsi 1.05 ha tikintialtı sahəsi isə 746.0 m2 olan uşaq baxçasının darvazasının sağ girişi tərəfi hissəsindən özbaşına inşa edilmiş 2.67 metr enində və 6.4 metr uzunluğunda mətbəxin və hamamın qanunsuz hesab edilməsi, həmin tikintilərin cavabdehlərin hesabına sökülərək və bağçanın ərazisində yerləşdirilən iki ədəd su çəni, həmin çənlər üçün metal karkas və tikinti materiallarının ərazidən çıxarılaraq ərazini əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin xx.xx.2006-cı il tarixli, 13 saylı əmri ilə neftçilərin sosial tələbatlarının daha dolğun təmin edilməsi məqsədi ilə Sosial İnkişaf İdarəsi yaradılmış və Şirkətin balansında olan bütün sosial obyektlər, o cümlədən yaşayış və qeyri-yaşayış binaları həmin İdarənin balansına verilmişdir. ünvan 1 ünvanında yerləşən, torpaq sahəsi 1.05 ha tikintialtı sahəsi isə 746.0 m2 olan uşaq baxçası Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Sosial İnkişaf İdarəsinin balansındadır. Sosial inkişaf İdarəsi tərəfindən Azerbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilən "Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqələrində ünvan 1 ünvanında yerləşən, torpaq sahəsi 1,05 ha, tikintialtı sahəsi isə 746,0 m2 olan uşaq bağçası Sosial inkişaf İdarəsinin balansında olan daşınmaz dövlət əmlakı kimi hər il gösterilir və Komitə tərəfindən təsdiq edilir. Tərəfimizdən uşaq bağçasının ərazisinə baxış keçirilərkən məlum olmuşdur ki, əraziyə bitişik evin sahibi Cavabdeh2 və Cavabdeh1 tərəfindən orada qanunsuz tikinti aparılmışdır. Belə ki, onlar, uşaq baxçasının darvazasının sağ giriş tərəfi hissəsindən 2,67 metr enində və 6,4 metr uzunluğunda özbaşına mətbəx və hamam inşa etmişlər. Bundan əlavə, cavabdehlər tərəfindən baxçanın ərazisində iki ədəd su çəni, həmin çənlər üçün metal karkas və tikinti materialları toplanmışdır. Həmin aparılmış tikintilərin sökülməsi və sahənin boşaldılması ilə əlaqədar dəfələrlə onlara şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Bundan əlavə, tərəfindən 27 iyun 2019-cu il tarixli məktublarla Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə və Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə də yuxarıda göstərilən uşaq baxçasının ərazisində aparılmış qanunsuz tikililərin sökülməsi və toplanmış materialların ərazidən çıxarılması, həmçinin təqsirkar şəxslərin cəzalandırılması üçün tədbirlər görülməsi haqqında müraciət edilmişdir. Müraciətinə cavab olaraq Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 1/1307 nömrəli məktubu ilə bildirilmişdir ki, məhkəmənin qərarı olmadan həmin tikilinin sökülməsi mümkün deyildir. Eyni zamanda uşaq bağçasının həyətində qoyulmuş iki ədəd su çənin metal karkasının və tikinti materiallarının ərazidən çıxarılması vətəndaş Cavabdeh2 tapşırıldığı bildirilmişdir. Cavabdehlər, heç bir hüquqi əsası olmadan SOCAR Sosial inkişaf İdarəsinin balansında olan ünvan 1 ünvanında yerləşən, torpaq sahəsi 1.5 ha tikintialtı sahəsi isə 746,0 m2 olan uşaq baxçasının darvazasının sağ giriş tərəfi hissəsindən 2,67 m enində və 6,4 m uzunluğunda özbaşına mətbəx və hamam inşa edərək bizim bir mülkiyyətçi kimi hüquqlarını pozmuşdur. Cavabdehlər tərəfindən göstərilən ərazidə özbaşına aparılan tikintilər qanunsuz hesab edilməli, onların öz hesablarına sökülməli və ərazidən onlara aid iki ədəd su çəni, onun metal karkası və tikinti materialları çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nümayəndəsi Nümayəndə izahatında ibldirdi ki, iddiaçının balansında olan torpaq sahələri səmərəli istifadə olunması və gələcəkdə özəlləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X1 və Koordinasiya Mərkəzi” X2 balansına verilmişdir. Bu səbəbdən də mülki işin baılmamış saxlanılmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehlər isə mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinuin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdeh isə buna etiraz etmədiyindən mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2019-cu il tarixli, 346 nömrəli ödəniş tapşırığına əsasən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu büdcədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar