Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1283/2024 03.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pəncərəsinin qabağının bağlanılan hissəsinin (yuxarı hissə, dam örtüyü) sökülməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş) məhkəməyə müraciət edərək ona məxsus, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 25 a, mənzil 93-ün qarşısında Cavabdeh fəaliyyət göstərdiyi qanunsuz obyektin iddiaçının pəncərəsinin qabağının bağlanılan hissəsinin (yuxarı hissə, dam örtüyü) sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 25 a, mənzil 93 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin evdə o, ailə üzvləriylə birlikdə yaşayır. Cavabdeh həmin mənzilin qarşısını zəbt edərək orada hüquqi yardım fəaliyyəti ilə məşğul olur. Həmin obyektin yuxarı hissəsi, bütövlükdə iddiaçının mənzilinin qabağını bağlayır. Yağan yağış, qar, dolu, yuxarı mərtəbələrdən atılan məişət tullantıları və s. həmin yerə yığılaraq dözülməz vəziyyət yaradır. Hər iki obyekt onun və ailəsinin normal, rahat yaşamasına maneəçilik törədir. Belə ki hüquq xidməti olan yerə daim insanlar gəlir, tez-tez mübahisələr, səs küy olur ki, bu da iddiaçının və ailəsinin daim narahatçılığına səbəb olur. Cavabdeh aşağıdakı məzmunda iddia ərizəsinə etiraz vermişdir. Mənzil iddiaçının adina xx.xx.2013 il tarixdə qeydiyyatdan keçməsinə baxmayaraq iddiaçı və ya onun ailə üzvləri orada bir gün də olsa yaşamamışlar. Qeyri rəsmi məlumatlara əsasən iddiaçı və onun ailə üzvləri 19901991-ci illərdə mənfur düşmənlərimiz onların yaşadıqları Azərbaycan Respublikası Cəbrayıl rayonunu işğal edərkən köçkün kimi Rusiya Federasiyasina getmiş və 2013-cü ildə Bakı şəhərinə gələrək qeyd olunan mənzili almış, yenidən Rusiyaya getmiş və həmin vaxtdan mənzili ayrı-ayrı adamlara kirayəyə vermişlər. Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimizin rəhbərliyi ilə şanlı ordumuz erməni daşnaklarından Qarabağ torpaqlarını azad etdikdən sonra iddiaçı və ailəsi Bakı şəhərinə gəlmişlər bu günə qədər də həmin mənzildə yaşamirlar. İddiaçinin hazırki iddia tələbi ilə məhkəməyə müraciat etməsinin səbəbi mülkiyyətində olan yaşayış sahəsini qeyri yaşayış sahəsinə çevirmək, sökdürmək istədiyi sahədən uzun illər ərzində tərəfindən təmizlənərək təmiz meydança halına salınan meydançaya pilləkan açmaq, həmin sahəni qeyri qanuni zəbt edərək inşaat tikinti materiallarının satışı ilə məşğul olmaq istəyidir. Bunu iddiaçı və onun ailə üzvləri özləri etiraf etmişlər. Hətta iddiaçi bu məqsədinə çatmaq üçün haqqı ödənilməklə cavabdehin istifadəsində olan hissənin dam örtüyünün üstündən keçən ana qaz xəttini ikinci mərtəbə hündürlüyündə qaldırmışdır. İddiaçı bundan başqa cavabdehdə olan məlumata görə bunun üçün mülkiyyətində olan mənzilin ana divarını, yükdaşıyan divarını belə kəsib götürmüş, bununla da bütövlükdə 9 mərtəbəli binanı qəza vəziyyətinə çatdırmaqdan belə çəkinməmişdir. Yəqin ki, aidiyyəti orqanlar tərəfindən bu fakt araşdırılacaq və hüquqi qiymət veriləcək. Bundan başqa iddiaçı iddia ərizəsində göstərir ki, cavabdeh onun və ailəsinin yaşadığı mənzilin qarşisini zəbt edərək orada hüquqi yardım fəaliyyəti ilə məşğul olur. Cavabdehin fəaliyyət göstərdiyi məkan iddiaçının mülkiyyətində olan mənzilin qarşısinda deyil, yan hissəsində yerləşir və həmin hissə 2002-ci ildən cavabdehin istifadəsində və mülkiyyətindədir. İddiaçının məhkəmə vasitəsilə sökdürmək və pilləkan açmaq istədiyi hissə isə cavabdehin mülkiyyətində olan və 22 il istifadəsində olan sahənin dəhliz hissəsinin dam örtüyüdür. Həmin sahə rəsmi sənədlərdə öz əksini tapır və sahəsi 13,5 kv metrdir. Həmin hissədə iddiaçının mülkiyyətində olan yaşayış və köməkçi sahələr deyil, balkon yerləşir. Məlum olduğu kimi çoxmərtəbəli evlərin fasad hissəsi aparıcı, yükdaşıyan divarları da daxil olmaqla balansaxlayiciya, hazırkı halda Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliynə məxsusdur. Bu fakt öz özlüyündə təsdiq edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Cavabdehin mülkiyyətində olan obyekt iddiçının nəinki mənzilinin qabağını, eləcədə balkonunun qabağını bağlamır və maneçiliyi yoxdur, obyektinin yuxarı hissəsi iddiaçının qanunsuz bağladığı balkonun pəncərəsindən təxminən 40 sm aşağıdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2. maddəsinin tələbinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mübahisəsi olunan dam örtüyü 2002-ci ildə mövcud oımuş, iddiaçı mənzilini xx.xx.2013-cü ildə almış və o həmin evi alarkən mübahisəsi olunan dam örtüyü olmuş və o, bunu görmüşdür. Belə olan halda nəyə görə 10 il müddətində iddiaçı bir dəfə də olsa cavabdehə və ya məhkəməyə müraciət etməmişdir. Ona görə də hesab edir ki,məhkəmə hazirkı iddia tələbi üzrə araşdırma aparmamalı, iddia ərizəsini AR MM-nin 373-cü maddəsinə əsasən iddiaçıya geri qaytarmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Eyni zamanda qeyd etdi ki, o, 2013-cü ildə öz mənzilini alın zaman cavabdehin obyekti və üzərindəki dam örtüyü mövcud idi. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 25 a, üümumi sahəsi 31,89 kv metr bir otaqdan ibarət mənzil 93 (sonradan – mübahisəli mənzil) iddiaçının xüsusi mülkiyyətindədir (daşınmaz əmlakın qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013). Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən 15 kv metr qeyri-yaşayış sahəsi cavabdehin xüsusi mülkiyyətindədir (daşınmaz əmlakın qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016). Həmin qeyri-yaşayış sahəsinə dair cavabdehlə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti arasında xx.xx.2002-ci il tarixli «İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi» balğanılmışdır. Cavabdehə məxsus obyekt mübahisəli mənzilin altında, iddiaçının balkonu cavabdehin obyektinin dam örtüyünün üstündə yerləşir. Hazırda iddiaçı həmin dam örtüyünün sökülməsini istəyir, buna dair məhkəmə fotoşəkillər təqdim etmişdir. İddiaçı hesab edir ki, yağış, qar, dolu, yuxarı mərtəbələrdən atılan məişət tullantıları və s. həmin dam örtüyün yığılaraq dözülməz vəziyyət yaradır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız və qanunsuz olduğu qənaətinə gəlmişdir. Məhkəmə müəyyən etmişdir ki, sökülməsi tələb edilən dam örtüyü cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə məxsusdur. Cavabdeh öz mülkiyyətində olan daşınmaz əmlakın üstündə örtük yerləşdirmək hüququna malikdir, onun bu hüququ Mülki Məcəllənin 152.1-ci maddəsinin göstərişindən irəli gəlir. Həmin maddəyə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa, dam örtüyünün iddiaçıya öz mənzilindən istifadə etməyə əhəmiyyətli maneçlik törətildiyi müəyyən olunmur. Cavabdehin daim örtüyünün iddiaçıya öz mənzilindən istifadə etməyə əhəmiyyətli maneçlik törətilmədiyinə eyni zamanda iddiaçının 11 il ərzində buna susması dəlalət edir. Cavabdeh yuxarı mərtəbələrdən atılan məişət tullantılarına görə məsuliyyət daşımır, təbii hadisələrə isə hər kəs dözməyə məcburdu. Cavabdeh tərəfindən iddiaçının tələbi ilə dam örtüyünün sökülməsi cavabdehin əlverişsiz vəziyyətə düşməsi ilə nəticələnə bilər. Dam örtüyünün sökülməsi müdafiə üçün uyğun tədbir hesab olunmur. Bundan başqa, iddiaçı öz mənzili aldığı zaman sökülməsini tələb etdiyi dam örtüyü mövcud olmuşdur. Mülki Məcəllənin 171-ci maddəsində torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisinin qonşu təsirinə dözmək vəzifəsi müəyyə edilib. 171.1-ci maddəyə görə, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəyə əsasə təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 171.3-cü maddəyə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Müəyyən olunur ki, cavabdehin dam örtüyü iddiaçıya öz sahəsindən istifadə etməyə maneçilik yaratmır. Göründüyü kimi, dam örtüyünün sökülməsi barədə tələb Mülki Məcəllənin 171.1 -ci maddəsinin göstərişinə uyğun deyil, ona görə də həmin tələb təmin oluna bilməz. Məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tədbiqinə dair ərizəsini müzakiryə çıxartmışdır. Belə ki, iddia müddəti cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Cavabdehin bu hüquqdan istifadə etməməsi ona qarşı irəli sürülən iddia tələbinə görə o, ümumi qaydada məsuliyyət daşıyır. Lakin, hazırki mübahisədə cavabdeh ona qarşı irəli sürülən tələbə görə məsuliyyət daşımır və onun həmin iddiadan müdafiə olunmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1283/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1283/2024
03.04.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver