Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-145/2025 27.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X2 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Heydər Əliyev adına X2 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Balaxanı şossesi, Təmiz şəhərin yanında neft məhsulu nəql olunan boru kəmərindən 20-25 metr aralı məsafədə mühafizə zonasında Cavabdeh tərəfindən tikilmiş tikililərin özbaşına tikili hesab edilməsi və həmin tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən Heydər Əliyev adına X3 (NEZ) ünvanlanmış məktubda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı şossesi, Təmiz şəhərin yaxınlığında neft məhsulu nəql olunan boru kəmərindən 20-25 metr aralı məsafədə mühafizə zonasında Cavabdeh tərəfindən kəmərə paralel təqribən 100 metr uzunluğunda və kəmərə perpendikulyar təqribən 35-40 metr enində təməl qazıntısı, təməlin içində dəmir karkasların qoyulması, eyni zamanda bir neçə dəmir dirəklərin basdırılaraq dibinə beton tökülməsi faktı aşkar olunmuşdur. Cavabdehlə fərdi söhbət aparılmış, gördüyü işlərin mühafizə zonasına düşdüyü üçün qanuna zidd olması bildirilmiş, əlavə işlərin aparılmaması üçün yazılı xəbərdarlıq olunmasına baxmayaraq o, işlərin dayandırılmayacağını və davam etdirəcəyini bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı şossesi, Təmiz şəhərin yaxınlığında Heydər Əliyev adına X3 məxsus neft məhsulu nəql olunan boru kəmərindən 18,9-3,5 metr aralı məsafədə “Mühafizə Zonası”nda cavabdeh tərəfindən tikilmiş daş hasarın 170 metr hissəsinin, eləcə də həmin boru kəmərindən 19,9-26,2 metr aralı məsafədə tikilmiş tikililərin 2380 kv.m (880+1500) hissəsinin cavabdehin hesabına sökülməsi və iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində övlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddianın iddia tələbinin dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə, iddia tələbini müdafiə edib, izahatında bildirdi ki, tikili iddiaçının ərazisinə düşür, bunu ekspert rəyi də təsdiq edir. Tikinti üçün lazimi icazələr yoxdur. Bu səbəbdən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək bildirdi ki, etirazda bütün halları qeyd edib. İddia əsasızdır, bu səbəbdən rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Heydər Əliyev adına X1 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm. (dizel yanacağı) və Dş:300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm. (quru qaz), Dş-250 mm. (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. -xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı şossesi, Təmiz şəhərin yaxınlığında neft məhsulu nəql olunan boru kəmərindən 20-25 metr aralı məsafədə mühafizə zonasında Cavabdeh tərəfindən kəmərə paralel təqribən 100 metr uzunluğunda və kəmərə perpendikulyar təqribən 35-40 metr enində təməl qazıntısı, təməlin içində dəmir karkasların qoyulması, eyni zamanda bir neçə dəmir dirəklərin basdırılaraq dibinə beton tökülməsi faktı aşkar olunmuşdur. -xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı şossesi, Təmiz şəhərin yanına baxış keçirilərkən Gemza qrupun sahibi Cavabdeh tərəfindən hasarlanmış ərazisində dəmir konstruksiya köməyi ilə iri miqyaslı tikinti işlərinin aparıldığı aşkarlanmışdır. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 80, Balaxanı Binəqədi şossesində 1263.16 kv.m. torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır (qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat nömrəsi **********) -AR FHN-nin Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ-mədən nəzarəti Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesində “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı və tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 31 nömrəli Fərmanının 1.1.3-cü bəndinə və Fərmanın icrası barədə Fövqəladə Hallar sirliyinin xx.xx.2023-cü il tarixli, 087 nömrəli əmrinin 3-cü bəndinə əsasən aparılmış müayinələr zamanı bu obyektdə qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu konstruksiyaların olmadığı müəyyən edilmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/6483 saylı rəyindən görünür ki, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının 6.3-cü bəndinin tələblərinə əsasən Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsinin mühafizə zonası üçün ayrılmasını və “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarfmn 4.1 -ci bəndinin tələblərinə əsasən kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılmasını (kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarındanhər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır) məhdudlaşdırılmasını və Bakı Şəhəri, Sabunçu rayonu, Balaxanı şossesi, Təmiz şəhərin yaxınlığında Cavabdeh aid olduğu bildirilən daş hasarın neft məhsulu nəql olunan boru kəmərindən 18,9-23,5 metr aralıda, tikililərin neft məhsulu nəql olunan boru kəmərindən 19,9-26-2metr aralıda yerləşməsini nəzərə alaraq, həmin tikililərin neft kəmərinin neft mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Aparılmış ölçü işlərinə əsasən daş hasarın 170 metr hissəsi, tikililərin isə 2380 m2 (880+1500) hissəsinin tikililərin neft kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 22-ci maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. 22-ci maddəsinin 5-ci bəndində qeyd edilmişdir ki, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. 55-ci maddəsində qeyd edilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.1-ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67.1-ci maddəsinə əsasənt orpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 180-cı maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 240.1-cı maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 240.2-cı maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. 240.3-cı maddəsinə əsasən, mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”-nın: 6.2. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. 6.3. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. 6.4. Boru kəmərlərinin mühafizə zonasına daxil olan, torpaq sahəsi, torpaq istifadəçilərindən, mülkiyyətçilərdən və icraçılardan alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi kimi ilk addım iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılması və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmasının yoxlanılmasıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işin müəyyən edilən hallarından da göründüyü kimi iddiaçının sökülməsini tələb etdiyi və neft kəmərinin mühafizə zolağında yerləşən tikilinin yerləşdiyi torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ləğv edilməmiş qeyd mövcuddur. Bundan başqa həmin torpaq sahəsi cavabdehə qədər də xüsusi mülkiyyət hüququ ilə başqasının olmuş, cavabdeh isə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad göstərək alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini almışdır. Eyni zamanda cavabdeh tərəfindən tikilmiş qeyri-yaşayış sahələri lazımi icazələr alınmaqla, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə layihələndirmiş və məlumatlandırma icraatı qaydasında müvafiq icra hakimiyyəti orqanına məlumat vermişdir, öz növbəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən layihəyə dair hər hansı irad bildirilməmişdir. Hazırki halda iddiaçıya məxsus neft məhsulu nəql olunan neft boru kəmərlərinin həmin ərazidən keçməsi ona indiki iddianı qaldırmağa hüquqi əsas vermir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 4 aprel tarixli Qərarında göstərmişdir ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində müəyyən edilmişdir.Həmin Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 18 iyul il tarixli Qərarı). Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə etdiyini güman edən şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Seryogin və digərləri Rusiyaya qarşı iş üzrə 2021-ci il 16 mart tarixli Qərarında Avropa Məhkəməsinin ifadə etdiyi mövqeyə əsasən, torpaqların əldə edilməsinə maneə törədə biləcək mümkün pozuntuların üzə çıxarılmasında məhdud imkanlara malik olan, qanuni əsaslara və öz hərəkətlərinin qanunauyğunluğunun həmçinin dövlət orqanlarının hərəkətləri ilə inkar edilməməsinə də güvənən şəxslər vicdanlı və qanun çərçivəsində davranan hesab edilir. Avropa Məhkəməsinin bir sıra qərarlarında qeyd edilmişdir ki, öz səhvləri nəticəsində dövlətin mülkiyyət hüquqlarına zərər vurulduğu hallarda “lazımi idarəetmə” (good governance) prinsipi baxımından, dövlət vaxtında, düzgün və ardıcıl hərəkət etməli (Osipkovs və digərləri Latviyaya qarşı iş üzrə § 80, 2017-ci il 4 may, Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə §§ 138-139, 2018-ci il 12 iyun, Maltseva və digərləri Rusiyaya qarşı iş üzrə § 32, 2019-cu il 17 dekabr tarixli Qərarlar) və həmçinin belə səhvlərin aradan qaldırılmasının müvafiq şəxsin hüquqlarının pozulması ilə nəticələnməməsinə xüsusi diqqət yetirməlidir (Qladışeva Rusiyaya qarşı iş üzrə § 80, 2011-ci il 6 dekabr, Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə § 140, 2018-ci il 12 iyun tarixli Qərarlar). Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbiqanuni və əsaslı olmadığından təmin edilməməlidir. İddia təmin edilmədiyindən mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu üçün ödənilmiş vəsait iddiaçının özünə aid edilməli, iddiaçıdan ekspertiza tədqiqatının dəyəri kimi 100 manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı H.Əliyev adına X2 Cavabdeh qarşı tikilinin sökülməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 100 manat pul H.Əliyev adına X1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-145/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-145/2025
27.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver