Məhkəmə qərarları › İş №2(008)-1460/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1460/2024

02.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1460/2024 02.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi ev 25a mənzil 93-ün qarşısında cavabdeh tərəfindən qanunsuz olaraq onun evinin pəncərəsinin düz ağzında kustar üsulla yerləşdirdiyi dəmir butqanın ərazidən uzaqlaşdırması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəməyə yazılı ərizə ilə müraciət edərək, mülki iş üzrə Cavabdeh əsl cavabdeh olan X3 ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi ev 25a mənzil 93 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur, həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh qanunsuz olaraq ona məxsus evin pəncərəsinin düz ağzında (qarşısında) meyvə-tərəvəz alqı-satqısı ilə, yəni müvafiq icra hakimiyyəti orqanı ilə tərəfindən müəyyən edilməmiş yerdə malların satılması ilə məşğul olur. Cavabdehin bu fəaliyyəti onun və ailəsinin narahatçılığına səbəb olur, daim səs-küyün, mübahisələrin yaranmasına səbəb olur ki, bu da onun qanunla qorunan hüquqlarını və mənafelərini pozur. Bu barədə cavabdehə narahatçılığını dəfələrlə bildirsə də, heç bir nəticəsi olmamışdır. Sonuncu dəfə polisə müraciət etdikdə, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bundan başqa, meyvə-tərəvəz çürüklərin üfunət iyindən, xüsusən də yay aylarında dayanmaq olmur. Pəncərəni açıq qoymaq faktiki olaraq mümkün deyil. Meyvə-tərəvəz qalıntıları, siçan, siçovul və müxtəlif gəmiricilərin çoxalmasına səbəb olur. Cavabdeh Mehman oğlu xx.xx.2024-cü ildə iddiaya qarşı etiraz edərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, icarə müqaviləsi əsasında kommunal vergi, dövlət vergisi, sosial və işıq xidmətləri müqabilində, məcburi dövlət sığorta üzrə hesabatı əsas tutaraq İİ qrup ömürlük əlil kimi işlədiyi kiçik meyvə-tərəvəz köşkünün qarşı tərəfin mülkiyyət hüququna heç bir maneəçiliyi yoxdur, onun balkonunun qarşısında yerləşmir və ora aid olmayan binanın baş hissəsinə yerləşir. Həmin köşk 20 ildən artıqdır ki, orada fəaliyyət göstərir, dövlət vergisini ödəyir. Tələbdə qeyd edilən meyvə-tərəvəzin yaratdığı antisanitar şərait tamamilə əsassızdır. Bu meyvə-tərəvəz köşkündə təmizliyə hər zaman riayət olunmuşdur və heç bir antisanitar şəraitə yol verilməmişdir. İddiaçı həmin ünvanda 2014-cü ildən qeydiyyatda olsa da, özü və özünün ailəsi orada heç bir zaman yaşamamışlar. Orada yaşamadıqları üçün nə bir səs-küyə, nə də antisanitar şəraitə şahid olmamışdır. Hər zaman mənzili ayrı-ayrı insanlara kirayə vermişdir. Bundan tam aydındır ki, iddiaçı onları oradan çıxarıb özü orada yerləşmək üçün qaldırıb. Onun bütün iddia etdikləri böhtan və şərdən ibarətdir. Onlar Azərbaycana gəlməmişdən qabaq başqa ölkədə yaşayıblar. Son baş verən müharibələrdən də onların yaxından-uzaqdan əlaqəsi yoxdur. Onun üç qardaşı müharibə iştirakçısıdır və veteranlarıdırlar. O, İİİ qrup əlildir, ailəlidir, iki övladı var. Mənzil kommunal təsərrüfatı birliyinin balansında olan qeyri-yaşayış sahəsi meyvə-tərəviz məqsədi ilə istifadə edən ″icarəçi″ (mülkiyyətçi) adlandırılacaq əsas sənədə görə işlətdiyi köşk vasitəsilə neçə illərdir ailəsinə dəstək olur. Həmin ərazilər icra tərəfindən abadlaşdırıldı və heç bir antisanitar durumdan söhbət gedə bilməz. Həmin ərazidə yaşayan inanlarla onlar xidmət edirlər. Orada yaşayan qonşulardan ona qarşı heç bir narazılığı olan yoxdur, olsaydı iddiaçı əsas gətirərdi. Onların məqsədi sadəcə oranı zəbt etmək, mənsimək və başqalarının çörəyinə göz dikməkdir. Bu böyük haqsızlıqdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq da yağış yağanda mebellərinin içinə nəm vurduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini, obyektinin iddiaçının evinə olan hissəyə düşmədiyini bildirmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi ev 25a mənzil 93 İddiaçı xüsusi mülkiyyət əsasında mənsubdur. - 01.01.2023-cü il tarixli ″Qeyri-yaşayış sahələrinin istismar haqqının ödənilməsi haqqında müqavilə″dən görünür ki, ünvan 2-Kommunal Təsərrüfat Birliyi tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 10 kv.m təşkil edən ünvan 2-Kommunal Təsərrüfat Birliyinin balansında olan qeyri-yaşayış sahəsini meyvə-tərəvəz məqsədi ilə istifadə üçün Cavabdeh verilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2003-cü ildən müddətsiz olaraq ikinci dərəcəli əlillik müəyyən edilmişdir və o, əmək qabiliyyətsizdir. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3686 nömrəli məktubundan görünür ki, cavabdehə məxsus obyekt iddiaçının mənzilinə mülkiyyət hüququna maneəçilik törədib-törətməməsinin müəyyən edilməsi hüquqi xarakterli məsələ olmaqla tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığından müvafiq tədqiqat aparılmamışdır. İş üzrə müəyyən edilmiş mübahisəsiz hal ondan ibarətdir ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsində yerləşən 25a nömrəli evin 93-cü mənzilin mülkiyyətçisi İddiaçıdır. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 10 kv.m təşkil edən ünvan 2-Kommunal Təsərrüfat Birliyinin balansında olan qeyri-yaşayış sahəsini meyvətərəvəz məqsədi ilə istifadə üçün Cavabdeh verilmişdir. İşin mübahisəli halları cavabdehin həmin qeyri-yaşayış sahəsinə hansı əsasla sahiblik etməsinin müəyyən olunması və cavabdehə məxsus obyekt iddiaçının mənzilinə mülkiyyət hüququna maneəçilik törədib-törətməməsini müəyyən etmədən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə mülkiyyət hüququnun toxunulmazlığı və ona gətirilən məhdudiyyətin qanuni və mütənasibliyi askpektindən yanaşılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən bu hüquq nəinki əmlak üzərində sərbəst şəkildə sahiblik edib, sərəncam verməyi, həmçinin ondan sərbəst və manəsiz, habelə öz maraqlarına uyğun şəkildə istifadə etməyi ehtiva edir. Mülki iş üzrə aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış obyekti iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə heç bir maneəçilik törətmir. Keçirilmiş yerli baxış zamanı da məhkəmə tərəfindən cavabdehin işlətdiyi meyvə-tərəvəz obyektinin iddiaçının öz mülkiyyətindən istifadə etməsində hər hansı maneə yaratması hallarını təyin etməmişdir. X1 ticari obyekti kifayət qədər təmiz vəziyyətdə saxlamışdır və antisanitariya vəziyyəti müəyyən olunmadı. ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış obyekti qanuni əsas üzrə, yəni icra hakimiyyətinin müqaviləsi üzrə cavabdehin sahibliyindədir, obyektin fəaliyyət göstərməsinə icazə mövcuddur və qüvvədə olduğu müddət ərzində cavabdehin həmin obyektə olan hüquqları müdafiə olunmalıdır. İddia tələbinin dəlilləri sübuta yetirilmədiyindən, Cavabdeh əmlakdan istifadəsində başqa şəxslərin hüquqlarını pozma halları öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. İddia tələbi təmin edilmədiyi üçün 100 manat məbləğində ödənilməli olan dövlət rüsumu iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsindəgöstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X2 qarşı ona məxsus Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi ev 25a mənzil 93-ün qarşısında cavabdeh tərəfindən qanunsuz olaraq onun evinin pəncərəsinin düz ağzında kustar üsulla yerləşdirdiyi dəmir butqanın ərazidən uzaqlaşdırması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı 100 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində BakıŞəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar