Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1461/2024 30.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9000 manat kompensasiya ödənilməklə cavabdehin Bakı şəhəri Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən 17 nömrəli evin 4 nömrəli mənzilinə köçürülmə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2009-cu ildə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 07 may 2012-ci il təvəllüdlü X1 adlı övladları var. Bakı Şəhəri Sabunçu Rayonu XDS-nin 14 yanvar 1991-ci il tarixli 1/46 nömrəli qərarına əsasən X2 verilmiş Bakı şəhəri Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsi Tramvay küçəsində yerləşən torpaq sahəsini ondan etibarnamə əsasında alaraq həmin torpaqda cavabdehlə birgə nikahda olan dövrdə, yəni 2014-cü ildə atası Rüstəmov Müzəffər ilə birlikdə 4 nömrəli evi inşa etmişlər. Sonradan onlar arasındakı münasibətlər pozulmuş, birlikdə yaşamaları çətinləşmiş və ona görə də tərəflər arasındakı nikah 2014-cü ildə pozulmuşdur. Cavabdeh heç vaxt mübahisəli evdə yaşamamış, 2015-ci ildə evi tərk etmiş, özünə yeni həyat qurmuş, həmin evdən zorla çıxarılmamışdır. Buna baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3805/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən 17 nömrəli evin 4 nömrəli mənzilinə köçürülmüşdür. Cavabdehin nümayəndəsi Vəkil2 iddiaya etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 2010-cu ildən bugünə kimi mübahisəli evə sahiblik edən, faktiki mülkiyyətçisi olan İddiaçı cavabdeh tərəfindən istismar edilməsinə və faktiki mülkiyyətçisi olduğu Bakı şəhəri Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsi Tramvay küçəsində yerləşən 17 nömrəli evin 4 nömrəli mənzilinə olan sahiblik, mülkiyyətçi hüquqlarının tanınmasına maneə olan faktdır ki, məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab etmişdir ki, iddia ərizəsi tam əsassızdır və rədd edilməlidir. İddiaçının əsaslarından biri ondan ibarətdir ki, güya Bakı şəhəri Sabunçu rayonu XDS-nin 14 yanvar 1991-ci il tarixli 1/46 nömrəli qərarına əsasən X2 verilmiş Bakı şəhəri Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən torpaq sahəsini ondan etibarnamə əsasında alaraq, həmin torpaq sahəsində cavabdehlə birgə nikah dövründə, yəni 2014-cü il tarixdə atası Rüstəmov Müzəffər ilə birlikdə 4 nömrəli evi inşa etdirmişlər. Bu əsasa cavab olaraq bildirmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2010cu il tarixli etibarnaməyə əsasən X4 Bakı şəhəri Sabunçu rayonu XDS-nin 14 yanvar 1991-ci il tarixli 1/46 nömrəli qərarına əsasən ona verilmiş Bakı şəhəri Sabunçu rayonu 2ci Zabrat qəsəbəsi Tramvay küçəsi ev 14 sahə 3-də fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsinin 2000 kv.m torpaq sahəsinin bütün səlahiyyətlərini 30 il müddətinə cavabdeh olan Cavabdeh vermişdir. Mübahisəli torpaq sahəsində isə 2014-cü ildə Cavabdeh tərəfindən fərdi yaşayış evini (hüquqi statusu özbaşına tikili) tikmişdir və iddiaçı ilə birgə ailəvi olaraq yaşamağa başlamışdır. Eyni zamanda da Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4222/15 nömrəli, 13 iyul 2015-ci il tarixli qətnaməsində və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3805/23 nömrəli 10 avqust 2023-cü il tarixli qətnaməsində də hazırda mübahisə olunan fərdi yaşayış evinin (özbaşına tikilinin) iddiaçı ilə cavabdeh birgə nikah dövründə əldə etdikləri və bərabər hüquqları olmaları qeyd edilmişdir. Elə bu səbəbdən də tərəflərin bir birinə qarşı olan "mənzilə köçürmə" iddiaları təmin edilmişdir. Bu da onu sübut edir ki, mübahisəli mənzil iddiaçının mülkiyyəti deyil, əksinə tərəflər arasında bərabər hüquqlara malikdirlər. Mübahisəli torpaq və fərdi yaşayış evinə dair isə nə iddiaçının, nə də ki, cavabdehin adına mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud deyildir. Hazırki hüquqi statusu özbaşına tikilidir. İddiaçının nümayəndəsi Vəkil1 xx.xx.2024-cü ildə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək bildirmişdir ki, nikahın pozulması ərəfəsində cavabdeh evi satmışdır. Sonradan ev qaytarılmış və iddiaçı orada yaşamağa başlamışdır. Əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, hazırkı iddia ilə müraciət etmək üçün iddiaçının subyektiv hüququ yoxdur. Hər iki tərəf mənzilə köçürülmüşdür, bərabər hüquqları vardır, buna görə də kompensasiya ödəməklə istifadə hüququna xitam verilməsi qanunsuzdur. Hal-hazırda mübahisəli evdə kirayəçi yaşayır. Ümumiyyətlə torpaq sahəsi başqa şəxsin adınadır, etibarnamə əsasında cavabdehə verilmişdir. İddiaçının "gözlənti hüququ" da yoxdur. İddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2(103)-3805/2023 nömrəli Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən 17 nömrəli evin 4 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. - xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin "Müşayiət məktubu"ndan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsi, 17 nömrəli evin 4 nömrəli fərdi mənzilinin bazar və hazırkı kirayə qiyməti dəyərinin xx.xx.2024-cü il bazar dəyəri 19620 manat, aylıq kirayə qiyməti təqribən 150-200 manat aralığında müəyyən edilmişdir. Hazırkı mülki iş üzrə məhkəməyə təqdim olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3805/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh İddiaçı qarşı "özbaşına tikiliyə köçürülmə" tələbinə dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən normanın tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi hazırkı işdə iştirak edən şəxslərə aid olduğundan, həmin qətnamə ilə müəyyən edilmiş faktların təkrar sübut edilməsinə zərurət yoxdur. Müəyyən edilir ki, tərəflər 2009-cu ildə rəsmi nakaha daxil olmuşlar, 2014-cü ildə isə həmin nikah pozulmuşdur. Nə mübahisəli ev, nə də onun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatın alınmayıb. Yəni, adıçəkilən ev statusuna görə özbaşına tikilidir. Həmin ev 2014-cü ildə, yəni birgə nikah dövründə hər iki tərəfin vəsaiti hesabına (bu fakt Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)- 3805/2023 nömrəli qətnaməsi ilə təsdiq olunmuşdur) tikilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)-4222/2015 nömrəli qətnaməsi ilə İddiaçı, xx.xx.2023-cü il tarixli 2(103)-3805/2023 nömrəli qətnaməsi ilə isə Cavabdeh mübahisəli evə köçürülmələri qət edilmişdir. Məhkəmə hesab edir ki, həmin evdə cavabdehin yaşamaq hüququnun olması faktı qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-3805/2023 nömrəli qətnaməsi ilə təsdiq olunduğundan, hazırkı iş üzrə mübahisəli hal həmin hüququn kompensasiya ödənilməklə xitamı üçün əsasların olub-olmaması, olduqda isə ödəniləcək kompensasiyanın məbləğidir. Göstərilən mübahisəli halla əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Göstərilən normaya əsaslanaraq məhkəmə hesab edir ki, mübahisəyə oxşar, yəni mülkiyyətçi ilə yaranan münasibətləri tənzimləyən qanunverilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtlər və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yuxarda sadalanan normalara uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzildə yaşamaq hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Həmçinin cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması "gözlənti hüququ" olan mülkiyyətçi kimi iddiaçının Həmin Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək, ona dair sərəncəm vermək hüquqların pozulmasına da gətirib çıxarır. "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş "bazar qiyməti ilə müvafiq kompensasiya" ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin "Müşayiət məktubu"ndan görünür ki, Bakı şəhəri Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsi Tramvay küçəsi 17 nömrəli evin 4 nömrəli fərdi mənzilinin bazar və hazırkı kirayə qiyməti dəyərinin xx.xx.2024-cü il bazar dəyəri 19620 manat, aylıq kirayə qiyməti təqribən 150-200 manat aralığında müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının təklif etdiyi 9000 manat məbləğində kompensasiya cavabdehə təxmini 3 il müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən məbləğ mövcud bazar qiymətinə uyğun müəyyən olunmuşdur və iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 110 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən 9000 (doqquz min) manat kompensasiya verilməklə Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən 17 nömrəli evin 4 nömrəli mənzilinə köçürülmə hüququna xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 110 (yüz on) manat məbləğin dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-1461/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1461/2024
30.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver