Məhkəmə qərarları › İş №2(008)-15/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-15/2023

26.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-15/2023 26.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. Daha sonra poçt vasitəsilə iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlərdən müştərək qaydada 1.600.000 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaçının iddianın dəyişdirilməsinə dair ərizə verməsinə və cavabdehlərdən 1.600.000 manat pul tələb etməsinə baxmayaraq, buna müvafiq hesablanmış dövlət rüsumunu ödəmədiyini bildirərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə proses iştirakçısını dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12. maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 152.1.1. maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 150.1.2. maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Lakin müəyyən olur ki, İddiaçı iddiasını dəyişdirərək, cavabdehlərdən 1.600.000 manat pulun tutulmasını xahiş etsə də, məhkəməyə cəmi 100 manat dövlət rüsumu ödəmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.5-ci maddəsinə əsasən, iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) məbləğində dövlət rüsumu tutulur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar