Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-150/2024 22.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tikilinin sökülərək mühafizə zonasından çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “tikilinin sökülərək mühafizə zonasından çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ndə mişar daşından 10 x 2.60 metr ölçüdə inşa edilmiş hasarın özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin sökülərək “mühafizə zonası”ndan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən İddiaçına məxsus neft məhsulu nəql olunan Dş-500 mm (dizel) neft boru kəmərinin “Mühafizə Zonası”nın 10 metrlik məsafəsində torpaq zəbt edilməklə Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi (Böyük Şor) E.Mehdiyev küçəsində özbaşına mişar daşından 10 x 2.60 metr ölçüdə hasar inşa edilmişdir. Bundan başqa, həmin ərazidən Dş-500 mm neft boru kəmərinə paralel Dş-300 mm (reaktiv mühərrik yanacağı) neft boru kəməri keçir. Azərbaycan Respublikasının Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarına əsasən ixrac neft boru kəmərlərinin marşrutu boyunca-boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə “Mühafizə Zonası”na aid edilir. “Mühafizə Zonası” ixrac boru kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir. “Mühafizə Zonası”nda Sənaye və Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. İddiaçıya məxsus neft boru kəmərinin “Mühafizə Zonası”nda yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrıayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu boru kəmərləri qanunvericiliyə əsasən magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında “Mühafizə Zonası” müəyyən olunmuşdur. “Mühafizə Zonaları”nın müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyəti obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh tərəfindən Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsində mişar daşından 10x2.60 metr ölçüdə inşa edilmiş hasarın özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin cavabdehin hesabına sökülərək “Mühafizə Zonası”ndan çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, (H.Əliyev adına NEZ-nun nafta xəttinin 3-8, 5 km-də zavoda məxsus paralel kəmərlərin mühafizəsi, avtomobildə, səyyar) postun ərazisində Sabunçu rayonu E.Mehdiyev küçəsində NEZ-na məxsus DŞ-500 mm-lik yerüstü dizel xəttinin 4.5 km-də kəmərdən təqribən 10 metr aralı məsafədə kəmərə paralel 1-ci sırada vətəndaş Cavabdeh məxsus köhnədən inşa edilən və içərisində yaşayış olan evin həyətyanı sahəsində darvazanın sağ hissəsində dəmir jestlərin arxa tərəfində 7 metr uzunluğunda 13 mişar daşı hündürlüyündə hasar tikintisi aşkar edilmişdir. Sözügedən jestlər ev sahibi tərəfindən götürüldükdən sonra aşkar edilmişdir. Həmin ərazidə xidmət aparan NEZ-nun Mühafizə polisinin əməkdaşı X4 dəvət olunaraq ev sahibi ilə fərdi söhbət aparılmış və əlavə işlərin görülməməsi üçün yazılı xəbərdarlıq təqdim olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, dizel xəttinin mühafizə zonasında tikinti işlərinin aparılmasının qanunazidd olması barədə Cavabdeh yazılı xəbərdarlıq edilmiş və sonuncu xəbərdarlığı imzalamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm (dizel yanacağı) və Dş-300 mm (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen- Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm (quru qaz), Dş-250 mm (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6473 nömrəli ekspert rəyindən görünür ki, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş ünvan 1 ünvanında cavabdehin istifadəsində olan 10x2.60 metr ölçüdə mişar daşından inşa edilmiş hasarın “İddiaçı”nun istismarında olan Dş 500 mm-lik neft kəmərindən 14.0 metr aralı məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin daş hasar tikilisinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olundu. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinə əsasən övlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2-ci maddəsinə əsasən fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.7-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Boru kəmərlərinin mühafizə zonalarında partlayış işlərinin aparılmasına yazılı icazə, ancaq Dövdağtexnəzarət Komitəsi tərəfindən təsdiq edilmiş partlayış işlərinin təhlükəsiz aparılmasının vahid qaydalarına uyğun olaraq həmin işləri aparan müəssisə (təşkilat) tərəfindən tələb olunan materiallar təqdim edildikdən sonra verilməlidir. İşin faktiki halları ilə müəyyən olundu ki, “İddiaçı”nun istismarında olan Dş 500 mm-lik neft kəmərindən 14.0 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsində Cavabdeh tərəfindən 10x2.60 metr ölçüdə mişar daşından hasar inşa olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, “İddiaçı”nun istismarında olan Dş 500 mm-lik neft kəmərindən 14.0 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsində Cavabdeh tərəfindən inşa edilmiş 10x2.60 metr ölçüdə mişar daşından hasar özbaşına (qanunsuz) tikili hesab edilməli və tikili cavabdehin hesabına sökülərək mühafizə zonasından çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında “İddiaçı”nun istismarında olan Dş 500 mm-lik neft kəmərindən 14.0 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikili - 10x2.60 metr ölçüdə mişar daşından hasar cavabdehin hesabına sökülərək mühafizə zonasından çıxarılsın. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutulsun, VÖEN **********, AZ34CTRE************02088501, X1, KOD 21***5, VÖEN **********, müxbir hesab AZ41NABZ013601*********03944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-150/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-150/2024
22.01.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver