Məhkəmə qərarları › İş №2(008)-1687/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1687/2023

23.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1687/2023 23.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı cavabdeh Bakı şəhəri 39 saylı notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Bakı şəhəri 39 saylı notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2, 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia tələbi aşağıdakı kimi qeyd olunmuşdur: “ Xahiş edirəm: Ulu babam, X2 adına Azərbaycan Respublikasının Dövlət Tarix Arxivindən aldığım, aşağıda qeyd edilmiş: M-604 nömrəli, 23 noyabr 2018-ci il tarixli arxiv arayışında müraciətimə cavab olaraq, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin “Bakı quberniyası vergi idarəsi” fondunun sənədlərindəki Balaxanı-Sabunçu ərazisinin 1911-1914- cü illərə dair torpaq vergi kitabından məlum olur ki, Kürdəxanı kənd sakini X1 Nardaran kəndində sahəsi 3 desyatin 1500 sajina bərabər olan üzüm sahəsinin, M-605 nömrəli, 23 noyabr 2018-ci il tarixli arxiv arayışında müraciətimə cavab olaraq, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə “Bakı qradonaçalnikliyinin dəftərxanası” fondunun sənədlərində Kürdəxanı kəndində torpaq sahələri olan şəxslərin 10 avqust 1913-cü ilə dair siyahısından məlum olur ki, X4 Kürdəxanı kəndində 996 kv. sajına bərabər olan torpaq sahəsinin, M-606 nömrəli, 23 noyabr 2018-ci il tarixli arxiv arayışında müraciətimə cavab olaraq, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Kürdəxanı kəndinin 1886-cı ilə dair kameral siyahısında aşağıda göstərilən şəxslərin adları qeyd olunub: X3 - 44 yaş. Onun oğlu X6 - 11 yaş. Onların Kürdəxanı kəndində 800 kv.sajına bərabər olan torpaqda ümumi sahələrinə vərəsəliyin açılmasının Bakı şəhəri 39 saylı Notariat ofisinin üzərinə öhdəliyin qoyulması barədə qətnamə qəbul edəsiniz.” Göründüyü kimi, iddia tələbi qeyri-dəqiq şəkildə tərtib olunmuşdur. Digər tərəfdən, iddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsi barədə Bakı şəhəri 39 saylı notariat ofisinin üzərinə öhdəliyin qoyulmasını xahiş etsə də, bununla bağlı onun Bakı şəhəri 39 saylı notariat ofisinə müraciəti, müraciətin təmin olunmasından imtina edildiyi halda, notariat ofisinin imtina cavabı iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1-ci və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264-cü və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Bakı şəhəri 39 saylı notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar