Məhkəmə qərarları › İş №2(008)-1737/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1737/2023

20.04.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1737/2023 20.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "X3 LTD" Şirkətinin Cavabdeh qarşı ""X3 LTD" Şirkətinin Azərbaycan Respublikasındakı filialının 2 saylı neft-qaz çıxarma sexinin 39T409377.23mB - 4477842.73mC koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa edilmiş tikilinin özbaşına tikili sayılaraq, sökülməsi və zəbt olunmuş torpaq sahəsinin filialın istifadəsinə geri qaytarılması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "X3 LTD" Şirkəti Cavabdeh qarşı ""X3 LTD" Şirkətinin Azərbaycan Respublikasındakı filialının 2 saylı neft-qaz çıxarma sexinin 39T409377.23mB - 4477842.73mC koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa edilmiş tikilinin özbaşına tikili sayılaraq, sökülməsi və zəbt olunmuş torpaq sahəsinin filialın istifadəsinə geri qaytarılması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, "X3 LTD" Şirkətinin Azərbaycan Respublikasındakı filialının 2 saylı neft-qaz çıxarma sexinin, 39T409377.23mB - 4477842.73mC koordinatlar üzrə yerləşən ərazidə Cavabdeh tərəfindən özbaşına tikinti aparılmış, tikilmiş evin sökülməsi, həmin sahənin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilsə də, cavabdeh onların haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirmiş və nəticədə dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsi zəbt edilmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə baxışı zamanı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, X5 və Ekspertiza Mərkəzi MMCnin xx.xx.2023-cü il tarixli 23 saylı rəyindən görünür ki, Cavabdeh inşa etdiyi tikili (fərdi yaşayış evi) "X3 LTD" Şirkətinin Azərbaycan Respublikasındakı filialının 2 saylı NQÇŞ-nın 39T409377.23mB - 4477842.73mC koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa olunmuş tikili "X3 LTD" şirkətinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. İşdə olan, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli **********/522478787 nömrəli qəbzindən görünür ki, "X3 LTD" Şirkəti tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli **********/582211091 nömrəli qəbzindən görünür ki, "X3 LTD" Şirkəti tərəfindən 300 manat ekspertiza xərci ödənilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsində deyilir ki, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Həmin Məcəllənin 46-cı maddəsinin 2-ci hissəsində isə deyilir ki, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Sadalanan normalara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən "X3 LTD" Şirkətinin Azərbaycan Respublikasındakı filialının 2 saylı neft-qaz çıxarma sexinin 39 T 409377.23 m B-4477842.73 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa edilmiş tikili mövcud neft quyularının istismarında, yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda geoloji-texniki tədbirlərin həyata keçirilməsi işlərində iddiaçı üçün maneə yaratmaqla onun maraqlarına toxunduğundan, həmin tikili özbaşına tikili sayılaraq, cavabdehin hesabına sökülməli və sahə iddiaçının istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, ekspertlərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müəyyən edildi ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu və 300 manat ekspertiza xərci ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəmə xərclərini təşkil edən həmin məbləğlər cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı "X3 LTD" Şirkətinin Azərbaycan Respublikasındakı filialının 2 saylı neft-qaz çıxarma sexinin 39T409377.23mB - 4477842.73mC koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa edilmiş tikili özbaşına tikili sayılaraq, sökülsün və zəbt olunmuş torpaq sahəsi filialın istifadəsinə geri qaytarılsın. Məhkəmə xərcləri cavabdehə aid edilsin, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 300 manat ekspertiza xərci Cavabdeh alınaraq iddiaçı "X3 LTD" Şirkətinə qaytarılsın. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar