Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-184/2024 31.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Ağayeva Səmayə Əbdurəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı “atalığın müəyyən edilməsi və aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı “atalığın müəyyən edilməsi və aliment tutulması” tələbinə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X1 atası olması faktının müəyyən edilməsi, qətnamə qəbul edildiyi gündən hesablanmaqla, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Faktiki nikahdan xx.xx.2021-ci il təvəllüdlü X9 və X4 adlı əkiz övladları doğulmuşdur. İlk vaxtlar cavabdehlə mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Faktiki olaraq cavabdehlə ayrı-ayrı ünvanlarda yaşayırlar. Əkiz övladları doğulduqdan sonra onların doğum haqqında şəhadətnamələrində cavabdehin soyadı deyil, onun soyadı yazılmışdır. Bu səbəbdən münasibətləri pisləşdikdən sonra yaranan mübahisənin həll etmək üçün cavabdehə dəfələrlə bu haqda bildirsə də, cavabdeh yalnız rəsmi nikaha daxil olduqdan sonra əkiz övladlarına “atalıq” verəcəyini bildirmişdir. Cavabdeh müxtəlif bəhanələrlə övladlarına baxmaqdan yayınır və öz valideynlik vəzifəsini yerinə yetirmir, hətta bu mübahisə daha da böyüdükdə atalarının olmadığını onlara bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən görmək olar ki, uzun müddət cavabadeh onunla birlikdə yaşamışdır, bir ailə kimi müxtəlif yerlərdə fotoşəkillər belə çəkilmişdir. Hazırkı vəziyyətdə cavabdehlə yaşamaq və ya ünsiyyətdə olmaq qeyrimümkündür. Cavabdeh işləyir, maddi gəlirləri kifayət qədər normaldır. O, əkiz övladlarının maddi ehtiyaclarını təkbaşına qarşılaya bilmir və çətinliklər çəkir, özü işləmir. Cavabdeh evi tərk etdiyi vaxtdan uşaqların saxlanmaları üçün heç bir maddi köməklik göstərmir. Övladlarının bütün ehtiyaclarını o qarşılayır, onların təlim-tərbiyəsi ilə özü məşğul olur. Cavabdeh rəsmi işləməsə də, sabit əmək haqqı almasa da, fərdi qaydada əməklə məşğuldur və gəlirləri yaxşıdır, maddi vəziyyəti normaldır. İddiaçı qeyd olunanlara əsasən, iddianın təmin edilməsini və uşaqların saxlanmaları üçün alimentin qətnamə çıxarıldığı gündən hesablanmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli verilmiş AZ-İV 564243 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-cİ il tarixdə doğulmuşdur. “Atası” qrafasında X7, “anası” qrafasında İddiaçı kimi qeydiyyat aparılmışdır. Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 PHŞ tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 674/2023 nömrəli rəydən görünür ki, rəydə tədqiq edilmiş sistemlərin qrup faktorlarının göstəricilərinə əsasən, X9 və X4 adlı uşaqlar barəsində X5 atalıq faktı inkar edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 187.1-ci maddəsinə əsasən, atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 6.2ci bəndinə əsasən, atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2021-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X1 atasının X10 olması işin materialları, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 674/2023 nömrəli rəyi ilə tam sübuta yetirilir. İddiaçınin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alın hər hansı hal müəyyən edilməmişdir. Ona görə də, iddia həmin hissədə təmin edilməlidir. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun saxlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbinin aliment hissəsi də təmin edilərək X2 aliment sabit pul məbləğində tutulmalıdır. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, uşaqların mənafeyi, onların maddi ehtiyacları, yetkinlik yaşına çatmayan uşaqları saxlamağın hər iki valideynin öhdəliyi olması, uşaqlar üçün yaşayış minimumunun miqdarı nəzərə alınaraq, cavabdehdən hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulması ağlabatan məbləğ kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçının müraciətinə əsasən həmçinin hesab edir ki, aliment hazırkı məhkəmə qətnaməsi çıxarıldığı tarixdən etibarən tutulmalıdır. Şərh olunanlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X1 atasının X10 olması müəyyən olunmalı və xx.xx.2021-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən xx.xx.2024-cü il tarixdən hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 atalarının Cavabdeh olması müəyyən edilsin. X3 və X1 doğum haqqında akt qeydlərində dəyişiklik edilərək, uşaqların soyadı qrafasında “Cəfərov”, ata adı qrafasında “Cavabdeh” yazılsın. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 220 (iki yüz) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və 50 (əlli) manat mediasiya xidmət haqqı cavabdehə aid edilməklə, cəmi 100 (yüz) manat məhkəmə xərci cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-184/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-184/2024
31.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver