Məhkəmə qərarları › İş №2(008)-186/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-186/2024

03.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-186/2024 03.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "torpaq sahəsindən qanunsuz sahiblik və istifadəsindən azad edilməsi, qanunsuz tikilinin sökülməsi, hasarın əvvəlki vəziyyətə qaytarılması, torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması, maddi ziyanın və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "torpaq sahəsindən qanunsuz sahiblik və istifadəsindən azad edilməsi, qanunsuz tikilinin sökülməsi, hasarın əvvəlki vəziyyətə qaytarılması, torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması, maddi ziyanın və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X1 küçəsi ev 8A ünvanında yerləşən fərdi yaşayış evinin cənub hissəsində olan torpaq sahəsinin cavabdehin qanunsuz sahiblik və istifadəsindən azad edilməsi, həmçinin cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, fərdi yaşayış evinin hasarının bərpa edilərək əvvəlki vəziyyətə qaytarılması, mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneələrin aradan qaldırılması, eyni zamanda 1000 manat maddi ziyanın, 1000 manat mənəvi ziyanın ödənilməsi, 70 manat hüquqi yardıma görə ödənilmiş vəsait və 141 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X1 küçəsi, ev 8A, AR ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2018-ci il tarixli seriya RX ******* №-li çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X1 küçəsi, ev 8A ünvanında olan fərdi yaşayış evi hal-hazırda gündəlik olaraq tərəfindən istifadə olunmadığından cavabdehin qanunsuz hərəkətlərindən sonradan xəbəri olmuşdur. Mülkiyyətində olan fərdi yaşayış evinin torpaq sahəsinin cənub tərəfindən qonşusu Cavabdeh tərəfindən zəbt edilərək torpaq sahəsində tikili inşa etdirilmişdir. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı ilk növbədə cavabdehə öz kəskin iradlarını bildirsə də, torpaq sahəsinin cavabdehin qanunsuz sahiblik və istifadəsindən azad edilməsi, həmçinin cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi, mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneələrin aradan qaldırılması ilə bağlı heç bir müsbət hərəkətlərin olmadığından Bakı Şəhəri Sabunçu Rayonu İcra Hakimiyyətinin Zabrat qəsəbəsi izibati ərazi dairəsi üzrə nümayəndəliyinə müraciət etməli olmuşdir. Nəticədə cavabdehin tikinti işləri dayandırılmışdır. Cavabdeh özünə məxsus olan köhnə evi sökərək yerində yeni ev tikmiş, sonlandıra bilməsə də, həmin tikinti işləri zamanı ona məxsus evlə iddiaçının evi arasındakı hasarı sökmüş, nəticədə hər iki evin arası açılmış, cavabdeh isə onun evində olan ona məxsus taxtaları xəbəri və razılığı olmadan aparıb tikintidə istifadə etmiş, nəticədə həmin taxtalar uzun müddət çöldə yağışın altında qaldığından yararsız hala düşmüşdür. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra həmin taxtaları gətirib ona məxsus evə qoysalar da, artıq həmin taxtalar istifadəyə yararsızdır. Həmin taxtalar isə 1000 manat dəyərində olmuşdur. Cavabdehin qanunsuz hərəkətlərinə hüquqi qiymətin verilməsi üçün o, ərazi üzrə polis bölməsinə rəsmi müraciət etsə də, mübahisənin mülki məhkəmə icraatında həlli mənə izah edilmişdir. Pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə еdərək, sonuncu ekspert rəyi ilə razı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, cavabdeh in iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında cavabdeh iddianı qəbul etmədiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriya ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X2 küçəsi, ev 8 A İddiaçı xüsusi mülkiyyətindədir. - 07.06.2023-cü il tarixli mütəxəssis rəyindən və xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi faktiki sahəsi 311 kv.m təşkil edən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən torpaq sahəsinin Cavabdeh məxsus torpaq sahəsi ilə ortaq olan daş hasarın bir hissəsinin iddiaya əsasən cavabdeh tərəfindən sökülməsinə baxmayaraq **********62-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyyətində olan torpaq sahəsinə Cavabdeh tərəfindən hər hansı bir müdaxilə olunmamışdır (tikili tikilməmişdir). - 14.03.2024-cü il tarixli mütəxəssis rəyindən və xx.xx.2024-cü il tarixli təkrar ekspert rəyindən görünür ki, torpaq sahəsi faktiki olaraq 336,9 kv.m təşkil edir. Torpaq sahəsi üzərində ümumi sahəsi 107,8 kv.m olan yaşayış evi mövcuddur. Göstərilən 336,9 kv.m torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 107,8 kv.m olan fərdi yaşayış evi **********62-10301 reyestr nömrəsi ilə X3 xüsusi mülkiyyətindədir, faktiki hasarların yerləşməsinə, fərdi yaşayış evinə dair verilmiş texniki pasportun baş planında göstərilən perimetrik ölçülərinə uyğun koordinatlara nəzərən X3 yerinə müdaxilə olmuşdur. Belə ki, texniki pasportun ziqzaqvari divar hissəsi qonşu tərəfindən sökülərək 11.0 kv.m sahəyə müdaxilə olunaraq tikili tikilməsi müəyyən edilmişdir. Budan başqa bildirilir ki, ilkin ekspertiza ilə hazırki ekspertizanın nəticələri arasında yaranmış fərqin səbəbi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəylərinin fərqli olmasıdır. Müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X2 küçəsi, ev 8 tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. O, cavabdehin ona məxsus torpaq sahəsini zəbt edərək tikili inşa etdiyini iddia etdi. Müdaxilənin olubolmamasının aydınlaşdırılması üçün təyin edilmiş tikinti-texniki ekspertiza nəticəsində iddiaçıya məxsus torpaq sahəsinə müdaxilənin olmaması barədə rəy təqdim olunmuşdur. Lakin məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, texniki pasportda göstərilən ziqzaqvari divar hissəsi faktiki olaraq mövcüd deyil. Bu da cavabdeh tərəfindən müdaxilə etmə ehtimalınının olmasının real olduğunu müəyyən etdiyindən məhkəmə təkrar tikinti-texniki ekspertiza təyin etmişdir. Həmçinin məhkəməyə təqdim olunmuş fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus torpaq sahəsi daş hasarla hörülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Rеspublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İş üzrə təqdim edilmiş sənədlərdən, keçirilmiş yerli baxışdan və təkrar espertin rəyindən görünür ki, mübahisəli torpaq sahəsi iddiaçıya məxsusdur və cavabdeh tərəfindən texniki pasportunda göstərilən ziqzaqvari divar hissəsi sökülərək onun sahəsinə müdaxilə olunaraq tikili inşa edilmişdir. Ona görə məhkəmə hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X1 küçəsi ev 8A ünvanında yerləşən fərdi yaşayış evinin cənub hissəsində olan torpaq sahəsinin cavabdehin qanunsuz sahiblik və istifadəsindən azad edilməsi, həmçinin cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, fərdi yaşayış evinin hasarının bərpa edilərək əvvəlki vəziyyətə qaytarılması, mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneələrin aradan qaldırılması hissədə təmin edilməlidir. İddiaçı həyətində olan taxtalara görə 1000 manat maddi ziyanın cavabdehdən tutulmasını tələb etsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə iddia bu hissədə rədd olunmalıdır. Bundan başqa, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə əsasən, "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan normaların birgə təhlilindən görünür ki, iddiaçı cavabdehdən 1000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə tələbini əsaslandırmaq üçün fıziki və mənəvi sarsıntılar keçirməsini, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliyi ilə vurulmuş mənəvi zərər arasında səbəbli əlaqənin olmasını sübut etməlidir. Lakin o, məhkəməyə belə bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 1000 manat məbləğində mənəvi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixlil 128-218 nömrəli mədaxil qəbzi ilə 70 manat hüquqi yardıma görə vəsait və xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə 141 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 70 manat məbləğində vəsait cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, ödənilmiş 141 manat məbləğində dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, keçirilmiş ekspertizalarının xərcləri, yəni 100 manat məbləğində vəsait Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X1 küçəsi ev 8A ünvanında yerləşən fərdi yaşayış evinin cənub hissəsində olan torpaq sahəsi Cavabdeh qanunsuz sahiblik və istifadəsindən azad edilsin. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X1 küçəsi ev 8A ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülsün. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X1 küçəsi ev 8A ünvanında yerləşən fərdi yaşayış evinin hasarı bərpa edilərək əvvəlki vəziyyətə qaytarılsın. İddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 70 manat məbləğində vəsait cavabdehdən alınaraq iddiaçıya qaytarılsın, ödənilmiş 141 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 100 manat еkspеrt xərci tutularaq, Dövlət Xəzinədarlığı Agеntliyi, KOD 210005, VÖЕN **********, müxbir hеsab AZ 41 NABZ******************** SWİFT Bik CTRЕAZ 22, Məhkəmə Еkspеrtiza Mərkəzi, VÖЕN **********, AZ34CTRЕ******************** hеsabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar