Məhkəmə qərarları › İş №2(008)-2012/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2012/2020

23.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2012/2020 23.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X6, İddiaçının nümayəndəsi X1 iştirakları ilə İddiaçı Sabunçu Rayon Mənzil - Kommunal Təsərrüfat Birliyinin Cavabdeh Cəlal oğluna qarşı «qanunsuz tikilinin sökülməsi və həmin ərazinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sabunçu Rayon Mənzil - Kommunal Təsərrüfat Birliyi Cavabdeh Cəlal oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mahir Əmirov küçəsi, 36 saylı evin 45 saylı mənzilinin qarşısında, ümumi istifadədə olan pilləkən meydançasında inşa etdiyi özbaşına tikilinin (otağın) cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan vətəndaş X7 qonşusu olan cavabdehin mənzillərinin giriş qapısının önündə, pilləkən meydançasında əlavə olaraq bir otaq tikməsi barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət ünvanlanmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X2 Dövlət Agentliyinin əməkdaşları tərəfindən yerində baxış keçirilmiş və vətəndaş S. Həmzəyevanın müraciətində göstərilən fakt öz təsdiqini tapmışdır. Bunun nəticəsi olaraq X2 Dövlət Agentliyi məktubla İcra Hakimiyyətinə müraciət edərək müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Bundan sonra həmin ərazidə xidmət göstərən Sabunçu rayon MKTB-nin 86 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları özbaşına inşa edilmiş tikilinin sökülməsi və ümumi istifadə yeri olan pilləkən meydançasını əvvəlki vəziyyətə gətirilməsini özbaşına tikilini inşa etmiş cavabdehə istər şifahi, istərsə də yazılı olaraq dəfələrlə xəbərdarlıq etmiş, lakin cavabdeh tikilini sökməkdən imtina etmişdir. Göründüyü kimi, aparılmış tikili ümumi istifadə yerində tikildiyindən, edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, habelə müvafiq orqanlardan rəsmi icazə alınmadan aparıldığından özbaşına tikili hesab edilməklə sökülməlidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. AzərbaycanRespublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materialarına əlavə edilmişidir). Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mahir Əmirov küçəsi, 36 №-li evin, 44 №-li mənzili Cavabdeh Cəlal oğlunun mülkiyyətindədir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* №-li xx.xx.2008-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış). Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mahir Əmirov küçəsi, 36 №-li evin, 45 №-li mənzili X4 xüsusi mülkiyyətindədir (Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarını Qedyiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü tarixli ÖM seriyalı 188703 №-li Qeydiyyat Vəsiqəsi). 45 №-li mənzilin mülkiyyətçisi X7 yaşadıqları binada qonşusunun evlərinin giriş qapısının önündə, pilləkən meydançasında əlavə otaq tikməsi barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət ünvanlanmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X2 Dövlət Agentliyi tərəfindən aparılan araşdırma zamanı göstərilən fakt öz təsdiqini tapmış və müvafiq tədbirlər görülməsi üçün Sabunçu rayon İcra Hakimiyyətinə xx.xx.2019-cu il tarixli məktub ünvanlanmışdır. Cavabdeh Cəlal oğluna qanunsuz tkilinin sökülməsi barədə xəbərdarlıq edilmiş, lakin qanunsuz tikintinin sökülməsində onun tərəfindən heç bir tədbir görülməmişdir (86 saylı MKİS-nin Sabunçu Rayon Mənzil - Kommunal Təsərrüfat Birliyinə ünvanladığı xx.xx.2020-ci il tarixli 03 №-li məktub). Cavabdeh Cəlal oğluna qanunsuz tkilinin sökülərək əvvəlki vəziyyətinə gətirilməsi barədə xəbərdarlıq edilmişdir (86 saylı MKİS-nin cavabdehə ünvanladığı xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubları). Hazırda iddiaçı cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mahir Əmirov küçəsi, 36 saylı evin 45 saylı mənzilinin qarşısında, ümumi istifadədə olan pilləkən meydançasında inşa etdiyi özbaşına tikilinin (otağın) cavabdehin hesabına sökülməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə yuxarıda qeyd olunanları və MM-nin 180.1-ci maddəsinin tələblərini rəhbər tutaraq bu qənaətə gəlir ki, cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mahir Əmirov küçəsi, 36 saylı evin 45 saylı mənzilinin qarşısında, ümumi istifadədə olan pilləkən meydançasında inşa edilmiş tikinti özbaşına tikilidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Cəlal oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mahir Əmirov küçəsi, 36 saylı evin 45 saylı mənzilinin qarşısında, ümumi istifadədə olan pilləkən meydançasında inşa etdiyi özbaşına tikili (otaq) cavabdehin hesabına sökülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cəlal oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mahir Əmirov küçəsi, 36 saylı evin 45 saylı mənzilinin qarşısında, ümumi istifadədə olan pilləkən meydançasında inşa etdiyi özbaşına tikili (otaq) cavabdehin hesabına sökülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar