Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2092/2023 15.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərərin və borcun ödənilməsi” tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Məhdud Məsuliyyəli Cəmiyyəti iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli “daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 655,5 manat gecikdirilmiş əsas, 149,44 manat gecidirilmiş mükafat və həmin günə hesablanmış 291,33 manat dəbbə pulu, 2602 manat dəymiş zərər, cəmi 3698 manat borc və 57,39 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən onun sifarişi ilə 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE231699 ban nömrəli, göy rəngli avtomobil 16700 manat İddiaçı Məhdud Məsuliyyəli Cəmiyyətinin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 19% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397,67 manat, ümumilikdə isə 22488 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22488 manatın 16700 manatını əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Khazar SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və qüsur aktına görə 2602 manat məbləğində ziyan dəymişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Daxili lizinq müqaviləsinin 9.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Qeyd olunanlara əsasən, nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin məhkəmə iclasında müəyyən olunan hallarından, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsindən, həmin müqaviləyə 3 saylı əlavədən görünür ki, lizinq verən İddiaçı MMC “Khazar SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili illik 19% olmaqla 48 ay müddətinə lizinq alan Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə vermiş, sonuncu isə müqavilənin ayrılmaz hissəsi olan 3 №-li əlavəyə müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan 3 №-li əlavədən və daxili lizinq müqaviləsindən görünür ki, lizinq alan Cavabdeh aldığı lizinq obyektinə görə lizinq verənin hesabına ödəniş qrafikinə əsasən, xx.xx.2020-ci il tarixdən başlayaraq 48 ay müddətində, hər ay 397,67 manat (sonuncu ay 397,65 manat) ödəməlidir. İş materiallarında olan, xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil alıcı İddiaçı MMCyə və lizinq alan Cavabdeh təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.3-cü maddəsində göstərilir ki, lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.2-ci maddəsinə əsasən, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2. maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Daxili lizinq müqaviləsinin 9-cu maddəsinə əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verən müqaviləni lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən birtərəfli qaydada xitam verə bilər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı MMC-nin qüsur aktından görünür ki, “Khazar SD” minik markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobil servis mərkəzində ilkin texniki baxış zamanı aşkar olunmuşdur ki, avtomobilin təmir-dəyişdirmə işlərinə, ehtiyyat hissəsinə görə cəmi 2602 manat məbləğində pul vəsaiti tələb edilir. Daxili lizinq müqaviləsinin 7.2-ci bəndindən görünür ki, gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3 % dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 748-13.4-cü maddəsinə əsasən, lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə. lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır. İş materiallarında olan, xəbərdarlıq məktubuna əsasən cavabdehə iddiaçı tərəfindən müqavilə üzrə yaranmış borcları barədə xəbərdarlıq olunmuş, lakin cavabdeh, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.12-ci maddəsindən görünür ki, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMC-yə ödənilməmiş 655,5 manat əsas, 149,44 manat mükafat borcu, həmçinin lizinq obyektinə dəymiş zərərə görə 2602 manat məbləğində borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, daxili lizinq müqaviləsi üzrə öhdəliklərin vaxtında icra olunmaması 291,33 manat məbləğində dəbbə pulunun hesablanması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrindən görünür ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bununla belə, məhkəmə işin hallarını, eyni zamanda, cavabdehin iddiaçıya olan ödənilməmiş borcunun məbləğini nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 20 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 57,39 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 54,26 manat hissəsi cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq iddia tələbi qismən təmin edilməli, İddiaçı Məhdud Məsuliyyəli Cəmiyyəti ilə bağlanmış xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE231699 ban nömrəli, göy rəngli avtomobildən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 655,5 manat əsas borc, 149,44 manat mükafat borcu, 20 manat dəbbə pulu, 2602 manat dəymiş zərər olmaqla, cəmi 3426,94 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 54,26 manat məbləğində pul vəsaiti tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Məhdud Məsuliyyəli Cəmiyyətinin xeyrinə, Cavabdeh 655,5 manat əsas borc, 149,44 manat mükafat borcu, 20 manat dəbbə pulu, 2602 manat dəymiş ziyan məbləği olmaqla, cəmi 3426,94 (üç min dörd yüz iyirmi altı manat, doxsan dörd qəpik) manat məbləğində borc və dövlət rüsumunun əvəzi olaraq 54,26 (əlli dörd manat, iyirmi altı qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-2092/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2092/2023
15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver