Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2110/2024 24.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.1992-ci il tarixli 014 saylı əmrinin “Ərizəçi” na məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci il tarixdə İmişli rayonunda doğulmuşdur. İmişli Rayon VVAQ Şöbəsinin xx.xx.1958-ci il tarixli 30 saylı akt qeydi ilə qeydə alınmış İ-NE 436635 nömrəli doğum şəhadətnaməsində Ərizəçi olmaqla ad, soyad və ata adı qeyd olunmuşdur. 1959-cu ildən Bakı şəhərində yaşayır. Erməni qəsbkarlarının Azərbaycana təcavüzü səbəbindən Qarabağda başlanmış döyüş əməliyyatlarını nəzərə alaraq torpaqların müdafiəsi məqsədilə 1992-ci ilin fevral ayının 1-dən könüllü olaraq işlədiyi 2 saylı BTTD-dan bir neçə yoldaşlarla birlikdə Şuşa şəhərinə yollanmışlar. Həmin dövrdə milli ordunun yaranmasında olan çətinliklər üzündən torpaqların müdafiəsinə qalxan könüllülər kimi onlar da döyüş bölgəsinə getmiş və real döyüş əməliyyatlarında iştirak etmişlər. Bununla bağlı vəsiqələri də vardır. Qarabağda döyüşlərdə iştirakının rəsmiləşdirilməsi Müdafiə Nazirinin xx.xx.1992-ci il tarixli 014 saylı əmrində olan Azərbaycan Qarabağ könüllü müdafiə dəstəsinin xx.xx.1992-ci il tarixli siyahısında adı qeyd olunmuşdur. Adının qarşısında xx.xx.1955-ci il təvəllüldü. ailəli, üç uşaq atası olması və Bakı Taksimotor Parkında işləməklə Bakı şəhəri Günəşli qəs.bina 20, mən.38-də yaşaması göstərilmişdir. Lakin həmin əmrdə adı “İntiqam” kimi yazılmışdır. Bunun hansı səbəbdən edildiyi ona məlum deyildir. Bu əmrdə düzəliş olunması məqsədilə AR Müdafiə Nazirliyinə ünvanladığı müraciətinə xx.xx.2022-ci il tarixli 4/2/1234 saylı məktubla cavab verilərək “qeyd olunan əmrdə düzəliş edilməsinin Müdafiə Nazirliyinin Katibliyinin Mərkəzi Arxivinin səlahiyyətində olmaması” bildirilmişdir. Şuşada “Azərbaycan Qarabağ könüllü müdafiə batalyonu”nda xidmətə başlamışlar və Şuşanın son günlərinə qədər şəhərin müdafiəsində döyüş əməliyyatlarında iştirak etmişdir. Həmin ilin aprel ayının 18-nə qədər döyüşlərdə iştirak etmişdir. Lakin mədəsində zəhərlənmə ilə əlaqədar xəstələndiyindən Bakıya qayıtmış və bir aydan artıq müalicə olunmuşdur. Sonra isə Şuşa işğal olunduğundan ora döyüşə qayıda bilməmişdir. Müharibədə iştirak etsə də, Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivindən gələn cavab məktubunda konkret “İntisam” adı ilə xidməti haqqında məlumat aşkar edilməməsi əsas göstərilir. Buna görə də “Müharibə veteranı” statusunu ala bilmir. Bu faktı onunla birgə xidmətdə olan əsgər yoldaşları da şahid kimi təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə etdi, ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, o Milli Müdafiə Şurası yaradılandan sonra Şuşaya aparılanda 1991-ci ildə orda Ərizəçila tanış olmuşdur. Həmin vaxtı 109 nəfər Şuşaya daxil olublar. Onda adi əsgər idi. İltisam isə həm döyüşçü idi, həm də maşın kalonuna daxil idi. Pavilyonda partlayış oldu, orda yaralandı. 1990-cı ilin dekabr 1991-ci ilin yanvarından etibarən bir yerdə olublar. 16-18 mart tarixində ordan Bakıya göndərilmə əmri verilənə qədər İntisamla bir yerdə olublar. Həmin vaxt komandirləri Tofiq bəy idi. 109 nəfərlik siyahıda onun da olduğunu bildirdi. Sonradan 864 taboruna çevriliblər. Müharibə veteranıdır. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, o da batalyonda - “Azərbaycan Qarabağ könüllü dəstəsi”ndə idi. Müdafiə Şurası könüllüləri idilər. 1992-ci ildə Şuşaya gediblər. O, 109 nəfərlik siyahıda olmayıb, 60-70 nəfərlik olan ikinci siyahıda olub, 31 yanvarda Şuşaya gediblər. 1992-ci ilin yanvarında İntisamı görüb. Onu “İntisam kişi” kimi tanıyıb və elə müraciət edib. 30 aprel ordan çıxarılıb, sonra N nömrəli hərbi hissə yarandı. Sonradan İntisamı görməyib. Öz vəzifəsi gizir idi. İntisamın isə həm sürücü olduğunu, həm də döyüşdə iştirak etdiyini bildirdi. Öz adında heç bir səhvlik olmadığını dedi. Müharibə veteranıdır. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, 1991-ci ildən İntisamla bir yerdə olublar. Onun da adında səhvlik olub, Müdafiə Nazirliyinə müraciət edib düzəltdiklərini bildirdi: səhvən “Mülalı” yazılmışdı. İntisam adının da “İntiqam” kimi yazıldığını bildirdi. Bir arada olduqları dəstənin adı “Azərbaycan Qarabağ könüllü dəstəsi” olub. 1992-ci ilin 29 yanvarında bir yerdə Laçına gediblər. 1 fevral Şuşaya gediblər. İntisamın da yanında olub. O, BTR komandiri, tank komandiri idi. Sovet ordusunda havadan müdafiə tərkibində idi, sonradan Milli Orduya keçib. Hamı İntiqam deyə çağırırdı deyə ağlında elə İntiqam kimi qalıb. Onsuzda həmin vaxt kirilcə adlarını çox vaxt səhv yazırdılar. İntisamla 8 may 1992-ci ilədək bir yerdə olublar. Yəni 7-8 may İntisamı son dəfə görüb. Batalyonları 777-nin nəzdində olub. İntisam adi əsgər idi, həm də sürücülük edib. Ondan başqa orda eyni adda başqa adam yadına gəlmir. O, hazırda məhkəmədə bilmişdir ki, İntiqamın əsl adı İntisam imiş, Şakir, Cavanşir də onlarla bir yerdə xidmət etmişdir. Müharibə veteranıdır. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirmişdir ki, o, İntisamı Nərimanov rayonunda olandan tanıyır. Sonra Milli Müdafiə Şurası yaranıb. İkisi də oranın üzvü idi. 109 nəfərlik siyahının içində idi. “Azərbaycan Qarabağ könüllü dəstəsi” yaradıblar. 1992-ci ilin yanvarında ora gediblər. İntisam da orda idi. Sonra o başqa yerə keçib. Onlar 1992-ci ilin 8 mayınadək bir yerdə olublar. Şuşa alındıqdan sonra Bakıya qayıdıblar. Orda İntiqam adlı başqa birini tanımayıb. Şakiri, Mülkalını da eyni batalyonda görüb. Əbülfəti isə Şuşada görüb. Əbülfət sonradan gəlib. Hərbi biletini itirib. Onun adında səhvlik olmayıb. Müharibə veteranıdır. Katiblər ruslar idi deyə adları səhv yazırdılar. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi tərəfindən ərizənin verilməsi üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. -hərbi qeydiyyat kartasının surətindən görünür ki, ərizəçinin adı “İntisam”, soyadı “Əliyev”, atasının adı “Əli” qeyd edilmişdir. -Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi tərəfindən ərizəçiyə ünvanlanmış 4/3-5716 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, «Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixii 9/2-6884 nömrəli arayışına əsasən 1992-ci il tarixdən Azərbaycan-Qarabağı könüllü müdafiəsində xidmət keçməyiniz və qanuni əsaslarla tərxis olunmağınız barədə məlumat olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli qərarını əsas tutaraq Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Məlumat üçün bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu”nun 6.1.3-cü maddəsinə əsasən müraciətdə göstərilən məsələ ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1836/2021 nömrəli xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı olduğuna görə müraciətiniz baxılmamış saxlanılmışdır». -“Azərbaycan Xalq Cəbhəsi” Partiyasının üzvlük vəsiqələrinin surətlərindən görünür ki, ərizəçinin adı “İntiqam”, soyadı “Əliyev” atasının adı “Əli” qeyd olunmuşdur. -5 nömrəli klinik xəstəxana Bakı şəhəri xəstəlik tarixindən çıxarışın surətindən görünür ki, X11 xx.xx.1995-xx.xx.1995-ci illərdə xora xəstəliyi diaqnozu ilə stasionar müalicədə olmuşdur. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayon İdarəsi tərəfindən verilmiş 102 nömrəli xx.xx.2022ci il tarixli arayışın surətindən görünür ki, 1955-ci il təvəllüdlü Ərizəçi xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək SSRİ SQ-də həqiqi hərbi xidmət keçmişdir. -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə doğulmuşdur. -Azərbaycan-Qarabağı könüllü müdafiə dəstəsi 000133 nömrəli xx.xx.1992-ci il tarixli vəsiqənin surətindən görünür ki, ərizəçinin adı “İntiqam”, soyadı “Əliyev”, atasının adı “Əli” qeyd olunmuşdur. -468 və 595 nömrəli buraxılış vəsiqələrinin surətlərindən görünür ki, ərizəçinin adı “İntiqam”, soyadı “Əliyev”, atasının adı “Əli” qeyd olunmuşdur. -İ-ИЕ seriyalı 436635 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə doğulmuşdur. -HЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, ərizəçinin adı “İntisam”, soyadı “Əliyev”, atasının adı “Əli” qeyd olunmuşdur. -Azərbaycan Qarabağı könüllü müdafiə dəstəsinin xx.xx.1992-ci il tarixli siyahısında xx.xx.1992-xx.xx.1992-ci illərdə Şuşanın müdafiəsi uğrunda döyüşlərdə iştirak edənlərin siyahısında X7 adı qeyd edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, ərizəçiyə xx.xx.2005-ci il (təvəllüdü xx.xx.1955, ailə vəziyyəti evli, yaşayış yeri Yeni Günəşli massiv “V” ev 20 mənzil 38 yazılmışdır), xx.xx.2012-ci il və xx.xx.2021-ci il tarixlərdə verilmiş şəxsiyyət vəsiqələrində adı “İntisam”, soyadı “Əliyev”, atasının adı “Əli” qeyd olunmuşdur. -AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 030884 nömrəli xx.xx.2012-ci il tarixli vəsiqənin surətindən görünür ki, X6 müharibə veteranıdır. -Azərbaycan Vətən Müharibəsi X3 tərəfindən verilmiş 60633 nömrəli vəsiqənin surətindən görünür ki, X6 AVMVİB-nin üzvü, 2-ci qrup müharibə əlilidir. -059952 nömrəli xx.xx.2014-cü il tarixli vəsiqənin surətindən görünür ki, X6 2-ci qrup ARƏB müdafiəsi əlilidir. -AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 079 nömrəli xx.xx.2018-ci il tarixli vəsiqənin surətindən görünür ki, X6 istefada olan polis starşinasıdır, Xətai RPİ-nin Veteranlar şurasının üzvüdür. -Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 084101 nömrəli xx.xx.2018-ci il tarixli vəsiqənin surətindən görünür ki, X1 müharibə veteranıdır. -Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin “Azərbaycan Qarabağı könüllü özünümüdafiə dəstəsinin formalaşdırılması barədə” 014 nömrəli xx.xx.1992-ci il tarixli əmrindən arxiv çıxarışından görünür ki, “Azərbaycan Qarabağı könüllü özünümüdafiə dəstəsinin şəxsi heyətinin siyahısında 31-ci sırada Əliyev İntiqam (adı “İntiqam” yazılmışdır) Əli oğlu, təvəllüdü 01.01.55, ailə vəziyyəti ailəli, 3 uşaq, iş yeri BTMP № 3, yaşayış yeri Yeni Günəşli massiv “V” ev 20 mənzil 38 yazılmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivi tərəfindən verilmiş 4/2-8191 nömrəli xx.xx.2022-ci il tarixli arxiv arayışının surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 18 iyun 1992-ci il tarixli 218 nöməli əmrində “Azərbaycan Qarabağ” özünümüdafiə batalyonun əsgəri Şakir Əhmədovun xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək pul təminatı ilə təmin olunması barədə məlumat vardır. -Azərbaycan Respublikası Şuşa rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 068822 nömrəli xx.xx.2004-cü il tarixli vəsiqənin surətindən görünür ki, X5 müharibə veteranıdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş 089423 nömrəli xx.xx.2021-ci il tarixli vəsiqənin surətindən görünür ki, X2 müharibə veteranıdır. -HЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, X2 xx.xx.1980xx.xx.1982-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. -Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 088603 nömrəli xx.xx.2021-ci il tarixli vəsiqənin surətindən görünür ki, X4 müharibə veteranıdır. -HЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, X4 xx.xx.1983xx.xx.1985-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. -Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən ərizəçiyə ünvanlanmış 4/2-1234 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Mərkəzi Arxiv tərəfindən göndərilmiş arxiv arayışında qeyd olunan məlumatlar Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 014 nömrəli əmrindən olduğu kimi köçürülmüşdür. Əmrdə düzəliş etmək Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivin səlahiyyətində deyil. -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3367/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından görünür ki, iddiaçı Ərizəçi “Müharibə veteranı adı və statusunun verilməsi”nə dair müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxivi tərəfindən verilmiş 26/2-1510 nömrəli xx.xx.1999-cu il tarixli məktubun surətindən görünür ki, Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 218 nömrəli əmrinə əsasən X9 05 fevral-08 may 1992-ci il tarixdə “Azərbaycan Qarabağı” könüllü müdafiə batalyonunda xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1. maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5. maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.
308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 saylı, 12 aprel 2019-cu il tarixli Qərarının:
6. bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.2. bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
14. bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Azərbaycan Respublikasının Müdafiə nazirinin “Azərbaycan Qarabağı könüllü özünümüdafiə dəstəsinin formalaşdırılması barədə” 014 nömrəli xx.xx.1992-ci il tarixli əmrinin Ərizəçi məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
Ərizə təmin edilsin. Azərbaycan Respublikasının Müdafiə nazirinin “Azərbaycan Qarabağı könüllü özünümüdafiə dəstəsinin formalaşdırılması barədə” 014 nömrəli xx.xx.1992-ci il tarixli əmrinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Şəbnur Qədirova