Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-220/2023 17.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, müstəqil tələb rəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, qanunsuz ucaldılmış darvazanın cavabdeh tərəfindən sökülməsi və iddiaçıya məxsus 165 saylı torpaq sahəsinin ərazisində dəmir darvazanın tikintisinə maneçilik törətməsinin cavabdehə qadağan olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 4 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Maştağa qəsəbəsində yerləşən, sahəsi 0.12 ha olan 165 saylı bağ sahəsinin 0.1 ha hissəsini cavabdehə satmış, 0.02 ha torpaq sahəsi öz mülkiyyətində qalmışdır. Bundan əlavə, xx.xx.2020-ci il tarixdə 4 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisində anası X4 ilə Cavabdeh arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, anası Maştağa qəsəbəsində yerləşən, sahəsi 0.895 ha olan 165A saylı bağ sahəsini cavabdehə satmışdır. Torpaq sahəsi satıldıqdan sonra cavabdeh həmin ərazidə, ona məxsus torpaq sahəsinin yanında sonrakı satış üçün qanunsuz olaraq bir neçə fərdi yaşayış evi tikdirmiş, xx.xx.2021-ci il tarixdə ona məxsus torpaq sahəsinə açılan bir darvaza quraşdırmışdır. Bu səbəbdən, cavabdehlə aralarında mütəmadi mübahisələr yaranır, cavabdeh ona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlədərək, onları təhdid edir, şərəf və ləyaqətlərini alçaldır. İntihar etmək ərəfəsindədir. Bununla bağlı, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin müstəntiqinin HK-1/1126 saylı, xx/xx/2021 tarixli qərarı ilə onun şikayəti əsasında toplanmış sorğunun materialları Bakı şəhəri Sabunçu Rayon Prokurorluğuna göndərilmişdir. Hal-hazırda cavabdehin mübahisə predmeti olan tikililəri qanunsuz olaraq qeydiyyata almağa və satmağa çalışdığını öyrənmişdir. Göstərilənlərə əsasən, iddiaçı tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixində notarial qaydada Cavabdeh 0.695 ha ölçüdə bağ sahəsini alqı-satqı yolu ilə satmış, həmin bağ sahəsinin 0.02 ha ölçüdə olan hissəsini öz mülkiyyətində saxlamışdır. Hər iki bağ sahələrinə dair ayrı-ayrılıqda mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlər verilmişdir. Hər iki bağ sahəsinin ayrı-ayrılıqda Pərviz Səmədov küçəsinə çıxışları mövcuddur. Lakin Cavabdeh küçəyə olan öz müstəqil çıxışını bağlayaraq onun mülkiyyətində olan 0.02 ha bağ sahəsinə üç ayrı-ayrı qapılar açmışdır. Cavabdeh özünə məxsus olan 0.695 ha ölçüdə bağ sahəsində biri-birinə bitişik dörd evi satmaq məqsədilə inşa etmiş və həmin evlərdən üçünün çıxışını onun bağ sahəsinə açmışdır. Bununla da, iddiaçıya məxsus olan sahəsi 0.02 ha olan bağ sahəsini cavabdeh özünə yol etmişdir. Etirazlarına baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə onun bağ sahəsini bütövlükdə zəbt etmişdir. Nəticədə, öz bağ sahəsinin küçəyə olan çıxışına qapı qoya bilmir. Cavabdeh bilərəkdən öz torpaq sahəsinin yola olan çıxışını ev tikərək bağlamış və zəbt etmək məqsədilə küçəyə olan müstəqil çıxışını satdığı üçün onun torpaq sahəsindən istifadə edir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək, sözügedən ərazidə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında tikinti işlərini icra etdiyini və hər hansı hüquqazidd hərəkətə yol vermədiyini bildirdi və iddianın əsassız olması səbəbindən rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirdi ki, cavabdehin torpaq sahəsində tikinti aparması ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı mövcuddur. Ekspert tərəfindən də cavabdehin tikdirdiyi evin iddiaçının giriş-çıxışına maneə yaratması ilə bağlı rəy verilməmişdir. Cavabdehin başqa tərəfə çıxış yaratmaq imkanı yoxdur. Qeyd olunanlara əsasən nümayəndə, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, iddiaçı və cavabdehlə qonşu olmaqla, iddiaçı torpaq sahəsini cavabdehə satarkən aralarında olan danışıqların şahidi olmuşdur. Ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, hər iki tərəf torpağın satılması ilə bağlı razılığa gəlmiş və səhəri gün torpaq sahəsinin alqı-satqısı həyata keçirilmişdir. Qapının qoyulması ilə bağlı da razılığa gəlmişlər ki, hər iki tərəfə giriş-çıxış üçün yol olsun. Alqı-satqı prosesində iştirak etməmişdir. Dilavər qapı qoyacağını Nazimə demiş, elə razılaşdıqları kimi də etmişlər. Qapını necə qoyacaqları barədə razılığa gəlmişlər. Dilavərin əlavə ev tikəcəyindən Nazimin xəbəri olub-olması barədə onda məlumat yoxdur. Digər tərəfdən giriş-çıxış üçün əlavə qapı yoxdur. Cavabdehin torpaq sahəsinə qapı qoyan vaxt iddiaçı ilə aralarında narazılıq olmamışdır. Məhkəmə iclasında cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, tərəflərlə qonşu olmuşdur. 2020-ci ildə müharibədən qayıtdıqdan sonra Dilavərin orada ev tikdiyini görmüşdür. Ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, qapı olmasa evə giriş-çıxış yəqin ki olmaz. O, gələndə tikinti artıq bitmək üzrə olmuşdur. Tərəflər arasında hər hansı narazılığın şahidi olmamışdır. Məhkəmə iclasında cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, tərəflərlə qonşudur. Oraya sonradan köçmüşdür. Torpağı 2021-ci ilin sentyabr ayında alqı-satqı müqaviləsi ilə almışdır. Ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, üç qapıdan biri onun qapısıdır. Bununla bağlı tez-tez iddiaçı ilə narazılıqlar yaranır. Qapı olmasa evə giriş-çıxış yəqin ki olmaz. Evinin sağ, sol və arxa tərəflərində də evlər var. Onun evinin yalnız bir çıxışı var. Onun darvazası iddiaçının girişçıxışına heç bir maneə yaratmır, onun qapısı uzaqda yerləşir. Məhkəmə, tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tərəflərin iştirakı ilə məcmu halında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlardan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən, sahəsi 0,058 ha olan 162A saylı bağ sahəsi xx.xx.2011-ci il tarixdə, həmin ünvanda yerləşən, sahəsi 0,12 ha olan 166 saylı bağ sahəsi xx.xx.2011-ci il tarixdə, həmin ünvanda yerləşən, sahəsi 0,12 ha olan 165 saylı bağ sahəsi xx.xx.2020-ci il tarixdə, sahəsi 0,02 ha olan 165 saylı bağ sahəsi xx.xx.2020-ci il tarixdə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş İddiaçı və Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanılmış daşınmaz əmlakın alqısatqı müqaviləsindən məlum olur ki, xx.xx.2020-ci il tarixdə İddiaçı adına verilmiş dövlət reyestrindən çıxarışa əsasən ona mülkiyyət hüququ ilə məxsus 0,12 ha torpaq sahəsi Cavabdeh satılmışdır. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş X4 və Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanılmış daşınmaz əmlakın alqı-satqı müqaviləsindən məlum olur ki, xx.xx.2018-ci il tarixdə G.R.Əliyevanın adına verilmiş dövlət reyestrindən çıxarışa əsasən ona mülkiyyət hüququ ilə məxsus 0,0895 ha torpaq sahəsi Cavabdeh satılmışdır. - Sabunçu RPİ-nin 14-cü PB-nin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh bölmədə verdiyi izahatında bildirmişdir ki, Nazimi təxminən 1 ilə yaxındır ki, tanıyır və ondan torpaq sahəsi almışdır. Belə ki, avqust ayında Nazimin anası Elmiradan ümumi sahəsi 0,0895 sot torpaq sahəsini almışdır. Həmin vaxtdan da torpaq sahəsini özü və ailə üzvləri üçün tikmişdir. Həmin sahədən çıxış üçün darvaza qoymaq qərarına gəlmişdir. Buna görə də, Nazimin özünə məxsus olduğu bildirdiyi 2 sot sahədən, yəni yoldan darvaza qoymuşdur. Bu səbəbdən, aralarında mütəmadi olaraq mübahisələr yaranmışdır. Mübahisə zamanı Nazim onun ünvanına nalayiq ifadələr işlətmiş, onu söyüb və təhqir etmişdir. O, torpağı Nazimdən aldıqda qeyd olunan iki sot torpaq sahəsini dalan kimi razılaşmış və ümumi istifadə üçün saxlamışlar. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Layihə Smeta Bürosu tərəfindən Cavabdeh sifarişi əsasında 2020-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 165C saylı bağ sahəsində tikiləcək bağ evinin memarlıq planlaşdırmasının eskiz həlli verilmişdir. - Məhkəmənin iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə qərardadına əsasən, təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3745 №-li rəyindən görünür ki, tərəflərə məxsus torpaq sahələrinin faktiki olaraq hər birinin ayrı-ayrılıqda giriş-çıxışlarının mövcudluğu müəyyən olunmuşdur. Lakin cavabdehə məxsus 3 ədəd fərdi yaşayış evlərinin həyətyanı sahələrinə giriş-çıxış üçün quraşdırılmış 3 ədəd dəmir qapıların (darvazaların) iddiaçıya məxsus 165 saylı bağ sahəsinə açıldığı və qeyd olunan fərdi yaşayış evlərindən birinin iddiaçıya məxsus 166 saylı bağ sahəsinin sərhəd hasarına bitişik vəziyyətdə olduğu müəyyən edilmişdir. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 165 saylı bağ sahəsinin 0,02 ha hissəsi və sahəsi 0,12 ha olan 166 saylı bağ sahəsi hazırda İddiaçı mülkiyyətindədir. Həmçinin iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olmuş sözügedən ünvanda yerləşən 165 saylı bağ sahəsinin 0,12 ha sahəsini Cavabdeh satmaqla, həmin sahə sonuncunun mülkiyyətinə keçmişdir. Cavabdeh həmçinin X1 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0,0895 ha torpaq sahəsini də almışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinə darvazanın açıldığını iddia edir və həmin darvazanın sökülməsini və özünün darvaza quraşdırmasına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasını tələb edir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsindən də görünür ki, ekspert tərəfindən mübahisə predmeti olan daşınmaz əmlaklar tədqiqat edilmiş və belə nəticəyə gəlinmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş 3 ədəd fərdi yaşayış evlərinin həyətyanı sahələrinə giriş-çıxış üçün quraşdırılmış 3 ədəd dəmir qapı (darvaza) iddiaçının mülkiyyətində olan sahəsi 0,02 ha olan 165 saylı bağ sahəsinə açılır və həmçinin inşa edilmiş qeyd olunan fərdi yaşayış evlərindən biri iddiaçıya məxsus sahəsi 0,12 ha olan 166 saylı bağ sahəsinin sərhəd hasarına bitişik vəziyyətdədir. Məhkəmə, iş materiallarını və ekspert rəyini əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq da, məhkəmə ekspert rəyini obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirir və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının mülkiyyətində olan, sahəsi 0,02 ha olan 165 saylı bağ sahəsinə açılan, Cavabdeh tərəfindən quraşdırılmış 3 ədəd dəmir darvaza cavabdehin hesabına sökülməli və İddiaçı özünə məxsus torpaq sahəsində dəmir darvazanın quraşdırılmasına cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin huquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Eyni zamanda, İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Eyni zamanda, iş materiallarından görünür ki, hazırkı iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödənilmiş, verilmiş ekspert rəyinə əsasən, ekspert tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, dövlət rüsumu cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri də cavabdehə aid edilməklə, onlardan tutularaq, ekspertiza mərkəzinin bank hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan, sahəsi 0,02 ha olan 165 saylı bağ sahəsinə açılan, Cavabdeh tərəfindən quraşdırılmış 3 (üç) ədəd dəmir darvaza cavabdehin hesabına sökülsün. İddiaçı ona məxsus həmin - sahəsi 0,02 ha olan 165 saylı bağ sahəsində dəmir darvaza quraşdırmasına Cavabdeh yaradılmış maneə aradan qaldırılsın. İddianın qaldırılması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulsun. İş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN**********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-220/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-220/2023
17.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver