Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-225/2021 30.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdeh1 iştirakları ilə İddiaçı İstafil oğlunun Cavabdehlər Cavabdeh1 Yusi qızına və Bakı şəhəri 16 saylı Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin mülkiyyətinə qaytarılması tələbinə dair iddia ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı İstafil oğlu cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 16 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməs barədə ərizə ilə ilə məhkəməyə müraciət edərək, 27 iyul 2005-ci il tarixdə Bakı şəhəri 16 saylı Notariat Kontorunda 4Ə-510 reyestr nömrəsi ilə təsdiq edilmiş onunla Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Sabunçu rayonu, Xasməmmədov küçəsi 28 saylı evin, 36 saylı mənzilin bağışlanması barədə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində ünvan 1 ünvanında 2 otaqlı mənzili olmuşdur. Həmin mənzildə iddiaçı, onun qızı Cavabdeh1, onun əri və iki uşağı qeydiyyatdadılar. Təxminən 2019-cu ilin oktyabr ayında mənzillə bağıı vəsiyyatnamə vermək üçün ASAN xidmət mərkəzinə müraciət etmiş, lakin orada mənzilin digər şəxsin mülkiyyətində olması barədə məlumat verdilər. Vəkil vasitəsilə DƏDRX-yə müraciət etmiş və məlum olmuşdur ki, adıçəkilən mənzil bağışlama müqaviləsi əsasında qızı Cavabdeh1 xeyrinə özgəninkiləşdirilmişdir. Qızı açıqlama verməsindən yayınmışdır. Onların orada qeydiyyatda olmalarına baxmayaraq onlar orada heç bir vaxt yaşamamışlar, o, orada digər qızı Pakizə ilə yaşayır. Bağışlama müqaviləsindəki imza onun deyil, həmin müqavilə saxta müqavilədir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh 16 saylı Notariat Kontoru ərizə ilə müraciət edərək işə onların işitirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdeh 16 saylı Notariat Kontorunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştiark edən Cavabdeh1 iddianı qəbul etməyərək qeyd etdi ki, atası şəxsən özü imzalayıb bağışlanma müqaviləsini, heç bir notarius şəxsin iştirakı olmadan müqaviləni təsdiq etməz, ekspertizanın rəyi ilə razı deyil. Bundan başqa, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı İstafil oğlu xx.xx.1929-cu il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Xasməmmədov küçəsi 28 saylı evin, 36 saylı mənzili Bakı şəhəri İcra Hakmiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 22.03.2000-ci il tarixdə verilmiş ÖM seriyalı 034433 №-li Qeydiyyat Vəsiqəsi əsasında onun xüsusi mülkiyyətində olmuşdur. Bakı şəhəri 16 saylı Notariat Kontorunda 27.07.2005-ci il tarixdə həmin mənzilin İddiaçı İstafil oğlu tərəfindən onun qızı Cavabdeh1 bağışlanmasına dair 4Ə-510 reyestr nömrəsi ilə müqavilə təsdiq edilmişdir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, bu zaman iddiaçının sərbəst imza nümunələrindən başqa, müqavilə bağlanan vaxta təsadüf edən imza nümunələri ekspertizaya təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən göndərilmiş 4/1142 №-li 20.08.2021-ci il tarixli eksperti rəyinə əsasən 27.07.2005-ci il tarixli bağışlama müqaviləsindən «Quliyev» soyadının qarşısındakı imza İddiaçı İstafil oğlu tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza məhkəmə tərəfindən iddiaçıdan alınmış sərbəst imza nümunələri və 2005-ci ildə iddiaçı tərəfindən rəsmi sənədlərdə etdiyi imza nümunələri əsasında aparılmışdır. Ekspert rəyinə əsasən «müqayisəedici tədqiqatın nəticələrini qiymətləndirdikdə müəyyən olundu ki, fərqləndirici əlamətlər əhəmiyyətli və dəyərli olub, hər bir şəxs üçün ayrı-ayrılıqda elə müxtəlif məcmular təşkil edirlər ki, bu da tədqiq olunan imzanın İddiaçı İstafil oğlu tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması fikrinə gəlməsi üçün kifayət qədər əsas verir». Hazırda iddiaçı həmin müqavilənin etibarsız hesab edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmənin ekspert rəyi ilə razılaşmasının səbəbi ondan ibarətdir ki, ekspert rəyi kifayət qədər əsaslandırılmışdır və adıçəkilən imzanın iddiaçı və ya başqası tərəfindən icra edilməsinin müəyyən edilməsinin başqa üsulu yoxdur. Göründüyü kimi, mübahisə predmeti olan müqavilədə mülkiyyətçinin imzası saxtalışdırılmışdır və bu müqavilə ikitərəfli razılaşma deyil, yəni bu müqavilə Mülki Məcəllənin tələblrinin pozulması ilə tərtib edilmiş saxta müqavilədir və bu əsasdan etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. İddia müddətinin tətbiqinə dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2--ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia mülkiyyətçinin hüququnun pozuntusunun aradan qaldırılması ilə əlaqədar olduğundan iddia müddəti tədbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizanı məhkəmə iddiaçı tərəfin vəsatəti əsasında təyin etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 127 manat İddiaçı İstafil oğlundan tutulmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 27 iyul 2005-ci il tarixdə Bakı şəhəri 16 saylı Notariat Kontorunda 4Ə-510 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı İstafil oğlu ilə Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Sabunçu rayonu, Xasməmmədov küçəsi 28 saylı evin, 36 saylı mənzilin bağışlanması barədə müqavilə etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. 27 iyul 2005-ci il tarixdə Bakı şəhəri 16 saylı Notariat Kontorunda 4Ə-510 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı İstafil oğlu ilə Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Sabunçu rayonu, Xasməmmədov küçəsi 28 saylı evin, 36 saylı mənzilin bağışlanması barədə müqavilə etibarsız hesab edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 127 manat İddiaçı İstafil oğlundan tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-225/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-225/2021
30.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver