Məhkəmə qərarları › İş №2(008)-2295/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2295/2021

31.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2295/2021 31.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı, Cavabdeh X3 və onun vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X10 tərəfindən ünvan 1 ünvanında hasara və fərdi yaşayış evinə bitişik inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin “Xahiş edirəm:” hissəsinin “X10 tərəfindən ünvan 2 ünvanında hasara və fərdi yaşayış evinə bitişik inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş edirəm” kimi nəzərə alınmalı olduğunu bildirmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə təkrarən məhkəməyə müraciət edərək, X10 tərəfindən ünvan 2 ünvanının qarşısında inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X10 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddiaçının iddiasını əsaslandırdığı halların qanunsuz, əsassız olduğunu, heç bir sübutla təsdiq olunmadığını, ümumiyyətlə, iddiaçının məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmadığını, cavabdehin təqdim etdiyi sübutların isə, hüquqa və qanuna əsaslandığını nəzərə alaraq, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Neftçilər küçəsi, 2 saylı evin qarşısında yerləşən qeyri-yaşayış sahəsi ona məxsusdur. Qeyri-yaşayış sahəsini 2000-ci ildən inşa etmiş, həmin tarixdən vergi ödəyicisi kimi qeyd olunan ünvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. İyirmi il ərzində heç bir problem olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergilərini vaxtlı-vaxtında ödəmişdir. Lakin bir il əvvəl cavabdeh qonşuluqda qanunsuz tikili inşa etməyə başlamışdır. Bununla bağlı üç evin, həmçinin onun qeyri-yaşayış sahəsinin bütövlüyünün təhlükədə olması barədə dəfələrlə xəbərdarlıq etsə də, tikinti işləri davam etdirilmişdir, eyni zamanda müvafiq dövlət qurumlarına dəfələrlə şikayət etsə də, nəticəsi olmamışdır. Ona məxsus qeyri-yaşayış sahəsinin damı yararsız hala düşmüş, yağış suları yaşayış sahəsinin daxilinə axır, maddi zərər çəkməkdə davam edir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı ərazi yerinə baxış keçirmiş, cavabdeh bir neçə günlük tikinti işlərini dayandırsa da, yenidən davam etdirmişdir. O, qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. 10.03.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X11 iddia tələbini müdafiə edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci maddələrinə, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1, 69.1.2, 69.3, 69.4, 69.5.1, 69.7, 69.7.1-ci maddələrinə, həmçinin mülkiyyətin müdafiəsindən bəhs edən “İnsan hüquqlarının və əsas azadıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edərək, cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin iddiaçının mülkiyyət hüququna təsir etməklə hüquqlarını pozduğunu, ona görə də həmin tikilinin sökülməli olduğunu bildirdi. O, qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X10 iddia tələbini qəbul etməyərək, bildirdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən, ünvan 9 xüsusi mülkiyyət hüququ üzrə atası X8 məxsusdur. Onlar həmin evdə yaşayırlar. Evin qarşısında ona məxsus qeyri-yaşayış sahəsi mövcuddur. Qeyri-yaşayış sahəsinin inşası üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırma icraatı həyata keçirilmiş və tikintiyə icazə verilmişdir. Aidiyyəti qurumlar tərəfindən həmin sahəyə baxış keçirilmişdir. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla vergi ödəyicisidir. Əvvəllər də orada fəaliyyət göstərmişdir, sadəcə indi bir az genişləndirmə işləri aparmış və bununla bağlı memarlıqplanlaşdırma eskizi hazırlanıb müvafiq orqanlara təqdim olunmuşdur. Qanunsuz tikinti işləri aparsaydı, aidiyyəti qurumlar tikintiyə icazə verməz və başlanmış tikintini dayandırardılar. Belə ki, iddiaçı da təsdiq edir ki, bununla bağlı müvafiq orqanlara müraciətlər etmiş, lakin heç bir nəticəsi olmamışdır. Hal-hazırda orada heç bir tikinti aparılmır, tikinti 2020-ci ildə başa çatmışdır. İddiaçının obyekti ilə yanaşı olduğundan, keçən il apardığı tikinti işlərini iddiaçı ilə qarşılıqlı razılıq əsasında aparmış, aralarında heç bir narazılıq olmamışdır. Hətta iş gedən zaman fəhlələrin səhlənkarlığı ucbatından iddiaçının obyektinin zədələnən hissələrini öz şəxsi vəsaiti ilə yeni dam örtüyü ilə əvəzləmişdir və iddiaçıya tikinti ilə bağlı obyektinə hər hansı problem yaranacağı halda, hər zaman öz vəsaiti ilə aradan qaldıracağını bildirmişdir. Ona görə də, bu mübahisənin nədən yarandığı ona bəlli deyil. O, qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X12 iddia tələbini qəbul etməyərək, bildirdi ki, iddiaçının ərzaq mallarının satışını həyata keçirdiyi qeyri-yaşayış sahəsinə dair mülkiyyətini təsdiq edən sənəd mövcud deyil. Bakı şəhəri Sabunçu rayon Zabrat Bələdiyyəsi tərəfindən verilmiş 28.01.2021-ci il tarixli arayışda “Zabrat qəsəbəsi, Neftçilər küçəsi, ev 2-nin qarşısında yerləşən 118 kv.m-lik qeyri-yaşayış sahəsinin İddiaçı tərəfindən ərzaq malları mağazası kimi istifadə edilməsinin” qeyd edilməsi qeyri-yaşayış sahəsinin onun xüsusi mülkiyyətində olmasına əsas vermir. Ona görə də, iddiaçının məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hazırki işdə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, cavabdeh də iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsinə dair məhkəməyə qarşılıqlı iddia ilə müraciət edə bilərdi, lakin iddiaçı kimi, cavabdehin də buna subyektiv hüququ olmadığından, həmin tələblə məhkəməyə müraciət etməmişdir. O, qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Zabrat Bələdiyyəsi tərəfindən verilmiş 28.01.2021-ci il tarixli, 26 saylı arayışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Neftçilər küçəsi, 2 saylı evin qarşısında yerləşən 118 kv.m-lik qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən ərzaq malları mağazası kimi istifadə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X14 Departamenti tərəfindən Vergi ödəyicisinin, filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında İddiaçı (VÖEN **********) verilmiş **********4 saylı arayışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Neftçilər küçəsi, ev 2 ünvanında yerləşən təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması təsdiq edilir. Həmin təsərrüfat subyekti ərzaq mağazasıdır, 13.06.2018-ci il tarixdə uçota alınmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, “Bakı Tikinti” Lahiyə Smeta Bürosu tərəfindən 19.01.2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Neftçilər küçəsi, 2 saylı qeyri-yaşayış sahəsinin eskiz lahiyəsi və memarlıq və planlaşdırma bölməsi hazırlanmışdır. İş materiallarına əlavə olunan Bakı şəhər İcra Hakimiyyəti aparatı tərəfindən İddiaçı ünvanlanmış 17.02.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğundan vətəndaş İddiaçı ünvan 4 ünvanında yerləşən ona məxsus ikimərtəbəli qeyri-yaşayış obyektinin (marketin) yaxınlığında qanunsuz olaraq aparılan tikinti işləri zamanı hüquqlarının pozulması ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə göndərilir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X15 Xidməti 4-cü ərazi X15 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 23.02.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ünvan 5 ünvanında X10 tərəfindən inşa olunmuş qeyriyaşayış obyektinə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, qeyd olunan qeyriyaşayış obyektinin tikintisi zamanı mövcud qeyri-yaşayış obyekti ilə yanğına qarşı ara məsafələri saxlanılmamışdır. Həmin nöqsanla bağlı aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi üçün Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə məktub ünvanlanmışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 05.02.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Neftçilər küçəsi, ev 2 ünvanında qeyri-qanuni tikinti aparılması barədə İddiaçı müraciətləri əsasında keçirilən monitorinq nəticəsində, göstərilən ünvandakı “Yenilik” marketin yanında yerləşən qeyri-yaşayış tikilisinin sahibi tərəfindən mövcud anbar tikilisinin üzərində əlavə tikinti aparılması müşahidə edilmişdir. Bununla əlaqədar olaraq, rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə müvafiq akt tərtib edilmişdir. Həmin ünvana yerli səviyyədə şəhərsalma nəzarətinin təmin edilməsi və şəhərsalma qanunvericliyinin müddəalarının tələblərinin pozulması hallarına yol verilməməsi məqsədilə, qeyd olunan aktın surəti və fotoşəkillər Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə göndərilir. İş materiallarına əlavə olunan Bakı şəhəri Zabrat Bələdiyyəsinin 29.03.2021-ci il tarixli, 15 saylı məktubunun surətindən görünür ki, 29.10.2002-ci il tarixdən 2008-ci il tarixədək Zabrat qəsəbəsi, Neftçilər küçəsi, 2 saylı binanın qarşı tərəfində yerləşən qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı Zabrat Bələdiyyəsi ilə İddiaçı arasında 114 saylı icarə müqaviləsi bağlanmış, həmin icarə müqaviləsi 03.11.2013-cü il tarixədək uzadılmışdır. İcarə haqqı İddiaçı tərəfindən ödənilmişdir. İcarə müqaviləsinin müddətinin bitdiyi və arxiv sənədlərdə saxlanmadığı üçün arxiv sənədinin təsdiq olunmuş surətini təqdim etmək mümkün deyil. Hal-hazırda qeyd olunan qeyri-yaşayış sahəsi İddiaçı istifadəsində olduğundan, torpaq və əmlak vergisi onun tərəfindən ödənilir. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyinin 29.03.2021-ci il tarixli, 71 saylı məktubunun surətindən görünür ki, Zabrat qəsəbəsi, Neftçilər küçəsi, ev 2 ünvanının qarşısında fəaliyyət göstərən ikimərtəbəli qeyri-yaşayış sahəsi təqdim edilən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X15 Xidməti 4-cü ərazi X15 İdarəsinin 02.02.2021-ci il tarixli, 37/8-00093 saylı arayışına əsasən, İddiaçı məxsusdur və halhazırda “Yenilik” market kimi onun istifadəsindədir. Həmçinin onun adı 2018-ci ildən Azərbaycan Respublikası Vergilər Nazirliyinin **********5 saylı arayışına əsasən, həmin ünvanda yerləşən təsərrüfat obyektinin olduğu yer üzrə vergi ödəyicisi kimi uçota alınmışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X15 Xidməti 4-cü ərazi X15 İdarəsi tərəfindən verilmiş 02.02.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı məxsus ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsi müvafiq idarə tərəfindən 2011-ci ildən qeydiyyata alınaraq, Nəzarət-Baxış qovluğu açılmışdır. İş materiallarına əlavə olunan Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 051273 saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Neftçilər küçəsində yerləşən 2 saylı evin 8 saylı mənzili X2 adına paylı mülkiyyət hüququ üzrə 08.09.2000-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə olunan Zabrat Bələdiyyəsi tərəfindən verilmiş “Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında 26.04.2018-ci il tarixli şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh Zabrat qəsəbəsi, Neftçilər küçəsində (S11) yerləşən 50 kv.m torpaq sahəsində tikilmiş 1 mərtəbəli 50 kv.m qeyriyaşayış sahəsinin vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan 22.05.2019-cu il tarixli, AN-İ№ ******* saylı Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X7 ünvan 9 ünvanında yerləşən mənzilin paylı mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən bir otağı (18 kv.m) alıcı X1, onun mülkiyyətinə vermişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışın surətindən görünür ki, ünvan 9 paylı mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 29.05.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan sənədlərdən görünür ki, "xxxx" MMC tərəfindən ünvan 10 ünvanında yerləşən X5 məxsus qeyri-yaşayış sahəsinin eskiz lahiyəsi və memarlıq və planlaşdırma bölməsi hazırlanmışdır. İş materiallarına əlavə olunan sənədlərdən görünür ki, "xxxx" MMC tərəfindən ünvan 11 ünvanında yerləşən X8 məxsus ikimərtəbəli fərdi yaşayış evinin eskiz lahiyəsi və memarlıq və planlaşdırma bölməsi hazırlanmışdır. Məhkəmə hesab edir ki, ilk növbədə iddiaçının müvafiq tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olub-olmadığı və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Eyni zamanda mülki işin araşdırılması zamanı əvvəlcə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və onun məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmaması yoxlanılmalıdır. İrəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya işin faktiki halları tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uyğunluq təşkil etmirsə, məhkəmə üçün hüquqi dəyərləndirmə başa çatmalıdır. Baxılan mülki işdə iddiaçı tərəfindən iddia tələbinin qanuni əsası kimi istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İlk növbədə qeyd olunmalıdır ki, Mülki Məcəllənin qeyd olunan norması iddia tələbinin qanuni əsası kimi çıxış edə bilməz. Digər tərəfdən, iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sahəsinin bu cür statusa malik olması, ümumiyyətlə həmin qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sahəsinin hansı hüquqla iddiaçıya məxsus olması müəyyən edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlər hüquq müəyyənedici sənəd əhəmiyyətinə malik olmadığından, məhkəmə tərəfindən iddiaçıya sözügedən qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sahəsinin hüquq müəyyənedici sənədlərini məhkəməyə təqdim etməsi təklif edilmişdir. İddiaçı bununla bağlı məhkəməyə Bakı şəhəri Zabrat Bələdiyyəsinin 29.03.2021-ci il tarixli, 15 saylı məktubunun surətini təqdim etmişdir. Həmin məktubla müəyyən olunur ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı Zabrat Bələdiyyəsi ilə İddiaçı arasında icarə müqaviləsi bağlanmış, icarə müqaviləsinin müddəti 03.11.2013-cü il tarixədək uzadılmışdır. Hal-hazırda həmin icarə müqaviləsi qüvvədə deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Qeyd olunan Qərarda nümayiş olunan hüquqi mövqe Konstitusiya Məhkəməsinin digər Qərarlarında da öz əksini tapmışdır.) Qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüquqa malik deyildir. Belə ki, o, ərzaq malları mağazası kimi istifadə etdiyi qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulan qaydada hər hansı hüquq əldə etməmiş, həmin daşınmaz əmlaklara dair onunla müvafiq alğı-satqı müqaviləsi bağlanmamış, yaxud həmin daşınmaz əmlaklar qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. Yalnız qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin icarəsinə dair iddiaçı ilə Zabrat Bələdiyyəsi arasında müqavilə bağlanmışdır ki, həmin müqavilənin müddəti 2013-cü il tarixdə bitmişdir. Şərh olunan hallara əsasən, məhkəmə işin sonrakı araşdırılmasına (iddia predmeti olan qeyri-yaşayış sahəsinə yerli baxış keçirilməsi, məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin işə cəlb edilməsi və s.) ehtiyac olmaması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə, qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, İddiaçı cavabdeh X5 qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarında olan 03.02.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdeh X5 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X5 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumunu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar