Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2452/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı “X2 LTD” şirkətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X2 LTD” şirkətinin Cavabdeh qarşı tikilinin özbaşına tikili hesab edilərək sökülməsi və zəbt olunmuş torpaq sahəsinin filialın istifadəsinə qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X2 LTD” şirkəti Cavabdeh qarşı tikilinin özbaşına tikili hesab edilərək sökülməsi və zəbt olunmuş torpaq sahəsinin filialın istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 5 saylı neft-qaz çıxarma sexinin, 39 T 407835.99 m B – 4480453.62 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa olunmuş tikilinin özbaşına tikili sayılaraq, sökülməsi və zəbt olunmuş torpaq sahəsinin filialın istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə "xxxx" Ortaq Neft Şirkəti (ONŞ) arasında 03.06.2010-cu il tarixdə bağlanmış “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə müvafiq olaraq, Balaxanı blokunda neft və qaz əməliyyatlarının aparılması səlahiyyəti kontraktla “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialına verilmişdir. Hal-hazırda istifadələrində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması onların qanunla qorunan hüquqlarını pozur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrin boşaldılması barədə tərəflərindən dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilsə də, həmin şəxslər onların haqlı tələblərinə əhəmiyyət verməyərək tikinti işlərini davam etdirirlər. 28.12.2020-ci il tarixdə “X2 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının 5 saylı neft-qaz çıxarma sexinin, 39 T 407835.99 m B – 4480453.62 m C koordinatlar üzrə yerləşən ərazidə özbaşına tikinti aşkarlanmışdır. Tikintini aparan şəxs Cavabdeh nə torpaq sahəsinə, nə də tikintiyə dair heç bir sənəd təqdim etməmişdir. Cavabdeh tikintinin qanunsuz olduğu dərhal izah edilərək, mübahisə qanuni yolla həll olunanadək tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq edilmişdir. “X2 LTD” şirkətinin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşilir. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geolojitexniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş X3 Dövlət Qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı VÖEN ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16.03.2021-ci il tarixli rəyindən görünür ki, 407835.99– 4480453.62 koordinatlar “Kadastr və Yerquruluşu Layihə və Tədqiqat Mərkəzi”nin elektron bazasında araşdırılmış və müəyyən olunmuşdur ki, qeyd edilən koordinatlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan və neft-qaz hasilatı məqsədilə, Balaxanı Əməliyyat Şirkətinin idarəetməsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir. İş materiallarına əlavə edilmiş “X2 LTD” tərəfindən tərtib edilmiş 05.01.2021-ci il tarixli aktdan görünür ki, “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 5 saylı NQÇS-yə məxsus ərazidə Cavabdeh tərəfindən tikinti-inşaat işləri görülməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 241.2-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 22-ci maddəsinin 5-ci bəndinə əsasən, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 3-cü bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası MM-in 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İş materiallarından göründüyü kimi, mübahisələndirilən tikili özbaşına tikili sayılır və cavabdeh həmin tikiliyə mülkiyyət hüququ əldə etməmiş, onun həmin tikiliyə dair sərəncam vermək və digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası MM-in 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 14.2.2-ci maddəsinin mənasına görə, dövlət orqanlarının və yerli özünü idarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları da mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim olunmuş sübutlardan görünür ki, Cavabdeh lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarına və qaydalarına əməl etmədən dövlətin mülkiyyətində olan sənaye təyinatlı torpaqda özbaşına tikinti işləri aparmaqla “X2 LTD” şirkətinin qanuni istifadə hüququnu pozmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilərək, “X2 LTD" Şirkətinin Azərbaycan Respublikasındakı filialının 5 saylı neft-qaz çıxarma sexinin, 39 T 407835.99 m B – 4480453.62 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa edilmiş tikili özbaşına tikili sayılaraq sökülməli və filialının istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, məhkəmə hesab edir ki, hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq, obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə, həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 5 saylı neft-qaz çıxarma sexinin 39 T 407835.99 m B – 4480453.62 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa edilmiş tikili özbaşına tikili sayılaraq sökülsün və həmin torpaq sahəsi iddiaçı “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının istifadəsinə qaytarılsın. Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçı “X2 LTD” şirkətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı və ya təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-2452/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2452/2021
03.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver