Məhkəmə qərarları › İş №2(008)-25/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-25/2025

20.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-25/2025 20.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Heydər Əliyev adına X5 Cavabdeh qarşı inşa edilmiş metal lövhələrdən quraşdırılmış hasarın sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Heydər Əliyev adına X8 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində inşa edilmiş tikililərin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Heydər Əliyev adına X7 məxsus neft məhsulu nəql olunan DŞ-500 mm neft borusu kəmərinin mühafizə zonasının 46 metrlik məsafəsində torpaq zəbt edilməklə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, (Böyük şor) E.Mehdiyev küçəsində mişar daşından 6.4 x 5.2 x 1 metr ölçüdə, 49 metrlik məsafəsində isə 7 x 3 x 1 metr ölçüdə fərdi yaşıyış evi inşa edilmişdir. Bundan başqa həmin ərazidən DŞ-500 mm neft boru kəmərinə paralel DŞ-300 mm neft boru kəməri keçir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən Heydər Əliyev adına X8 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçündə təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin olunması üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərlərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Heydər Əliyev adına X8 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Heydər Əliyev adına X4 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan DŞ-500 mm. (dizel yanacağı) və Dş-300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, «Azərkimya» İB-nin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm. (quru qaz), Dş-250 mm. (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh tərəfindən Heydər Əliyev adına X7 məxsus neft məhsulu nəql olunan DŞ-500 mm neft borusu kəmərinin mühafizə zonasının 46 metrlik məsafəsində torpaq zəbt edilməklə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, (Böyük şor) E.Mehdiyev küçəsində mişar daşından 6.4 x 5.2 x 1 metr ölçüdə, 49 metrlik məsafəsində isə 7 x 3 x 1 metr ölçüdə fərdi yaşıyış evi inşa edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən göstərilən sahə tamamilə neft kəmərinin mühafizəsində yerləşir. Hazırda iddiaçı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində inşa edilmiş tikililərin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin cavabdehin hesabına sökülməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları»nın 4.1-ci bəndinə əsasən İNBK-nın (ixrac neft boru kəmərləri) istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. “Texniki təhlükəsizlik haqqında”Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən əhali və ətraf mühit üçün təhlükə yaradan partlayışyanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən texniki təhlükəsizlik tələbləri bu qanunla, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları ilə, habelə texniki-normativ sənədlərlə müəyyənləşdirilən, mövcud qaydada qəbul olunan və texniki təhlükəsizliyi təmin edən şərtlərdən, qadağalardan, məhdudiyyətlərdən və yerinə yetirilməsi məcburi olan digər tələblərdən ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsindəəldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə qeyd edir ki, torpaq sahələrinin özbaşına tutulmasında, torpaq sahələrində qanunsuz tikintinin aparılmasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. (TM-nin 110-111-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddia olunan torpaq sahəsi Heydər Əliyev adına X6 balansında və istismarındadır, həmin torpaq sahəsinə və orada inşa edilmiş tikiliyə cavabdehin hüquqlarını təsdiq edən hər hansı sübut yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda ekspertizanın dəyəri 50 manatın yarısı iddiaçıdan, yarısı cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində inşa edilmiş tikililər özbaşına (qanunsuz) tikili hesab edilməli və tikili Cavabdehnın hesabına sökülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində tikililər özbaşına (qanunsuz) tikili hesab edilsin və və tikililər Cavabdehnın hesabına sökülsün. Ekspertizanın dəyəri 25 manat iddiaçıdan, 25 manat cavabdehdən tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi təqdim edildiyi vaxtdan 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar