Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2562/2023 11.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh 4 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı “mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 4 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı “mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-ci ildə vəfat etmiş mərhum X3nun vərəsəliyini qəbul etməsi üçün qanunla müəyyən edilmiş mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə doğulmuşdur. X3, anası isə X4 olmuşdur. Mərhum X3 9 yanvar 1970-ci il tarixli 4242 nömrəli müqavilə əsasında Pirşağı qəsəbəsində 0.5 ha bağı, 2 otaqdan ibarət 30.3 kv.m mənzili icarəyə götürmüşdür. Həmin bağ və mənzil həmin vaxtdan onların istifadəsində olmuşdur. Mərhum X3 xx.xx.1977-ci ildə vəfat etmişdir və atasının ölümündən sonra miras faktiki olaraq tərəfindən qəbul edilərək idarə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinin 1.1-ci bəndinə əsasən arvad ərin qanun üzrə 1-ci dərəcəli vərəsəsi hesab edilir. Odur ki, qanunvericiliyə əsasən mərhum X3nun vərəsəsi tanınmasını və onun adına qeydə alınmış 9 yanvar 1970-ci il tarixli 4242 nömrəli müqavilə əsasında Pirşağı qəsəbəsində 0.5 ha bağı, 2 otaqdan ibarət 30.3 kv.m mənzili olan mülkün vərəsəlik qaydasında mülkiyyətinə keçirilməsini iddia edir. O da öz növbəsində 4 saylı Bakı Cavabdehotariat ofisinə ərizə ilə müraciət edərək, xx.xx.1977-ci il tarixdə vəfat etmiş X3ndan miras qalmış əmlaka (Pirşağı qəsəbəsində 0.5 ha bağı, 2 otaqdan ibarət 30.3 kv.m mənzilə) dair qanun üzrə vərəsəlik huququ haqqında şəhadətnamənin verilməsi xahiş etmişdir. Lakin ona imtina cavabı vermişlər. İmtinanın səbəbi kimi 4 saylı Bakı Cavabdehotariat ofisində ona bildirmişlər ki, o, mirasın qəbulu üçün notariusa müraciət edərkən, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Həmçinin, notariat ofisində ona mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi izah edilmişdir. Mərhum X3 uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir. Həmin zaman onlar mərhum atalarının yoxluğundan stresə düşmüşlər. Uzun müddət depresiyadan əziyyət çəkmişdir. Bu səbəbdən də vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat ofisinə gec müraciət etmişdir. Bundan əlavə, atasına verilmiş həmin əmlakın sənədlərini itirdikləri üçün vərəsəlik üçün müraciət edə bilməmişlər. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh 4 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. -AZ-İİ seriyalı 298212 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində ölmüşdür. -İ-ИЕ seriyalı 273771 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, X3, anası X2r. -4 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 338 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1977-ci il tarixdə vəfat etmiş X7 adına V-93/2023 saylı vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Yuxarıda qeyd edilənlərə əsasən mirasın qəbulu faktı ilə bağlı məhkəməyə müraciət etməli olduğu iddiaçıya bildirilmişdir. -bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün 4242 nömrəli xx.xx.1970-ci il tarixli müqavilənin surətindən görünür ki, Pirşağı qəsəbəsində 0.25 hektar bağ, 2 otaqdan ibarət 30.3 kv.m mənzil sahəsi olan bina və köməkçi tikintilərlə birlikdə bağ sahəsi 10 il müddətinə X8 icarəyə verilmişdir. -AZ-İ seriyalı 309460 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı iddiasında mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının belə bir tələblə müraciət etməsi onun mirasın qəbulunda gecikdiyini təsdiq edir. İddiaçı izahatında bildirmişdir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirməsinin səbəbi mərhum atasının yoxluğundan stresə düşməsi, uzun müddət depresiyadan əziyyət çəkməsi, bundan əlavə, atasına verilmiş əmlakın sənədlərini itirmələri olmuşdur. İşin müəyyən edilmiş halları ilə iddiaçının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirməsinin səbəbinin üzrlü olması sübut edilməmiş, məhkəmə, iddiaçının göstərdiyi dəlilləri mirasın qanunla müəyyən edilmiş müddət ərzində qəbul edilməsinə mane olan üzrlü hal kimi qəbul etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. … Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirməsinin səbəbinin üzrlü olması halı sübut edilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh 4 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı “mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-2562/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2562/2023
11.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver