Məhkəmə qərarları › İş №2(008)-2632/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2632/2025

20.02.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2632/2025 20.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində göstərildiyi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində göstərildiyi barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə bağladığı xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi, məhkəmə iclasında ərizəni müdafiə edərək onunla əsaslandırmışdır ki, keçmiş həyat yoldaşı Maraqlı şəxs ilə nikahlarına xx.xx.2019-cu ildə xitam verilmişdir. Suraxanı Rayon qeydiyyat şöbəsi tərəfindən bununla əlaqəli AZ-İ 383044 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan olan uşaqları xx.xx.2009-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X6 onun himayəsində qalmışlar. Nikah pozulduqdan sonra uşaqların saxlanmaları maddi çətinlik yaratdığından alimentin artırılması tələbi ilə Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Keçmiş həyat yoldaşı Maraqlı şəxs ilə bağlanan xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən ata Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2009-cü il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 ümumilikdə 2024-cü ilin yanvar və fevral aylarına görə 465 manat, 2024-cü ilin mart ayının sonundan etibarən isə 560 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Hal-hazırda qarşı tərəf müxtəlif bəhanələrlə alimentin artırılmasına dair aralarında bağlanan sazişə razılığa riayət etmir. Barışıq sazişində qeyd olunan aylıq 560 manatı tam şəkildə ödəmir. Göstərilənlərə əsasən, ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul etməyərək izahatında bildirdi ki, o, hazırda heç bir yerdə işləmir, təqaüdçüdür. Hər ay 560 manat alimenti ödəməyə maddi imkanı çatmır. Qeyd edilənləri nəzərə alaraq ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri 2 saylı X1 Nurtən Ağalar qızı, Maraqlı şəxs və mediator X8 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞB/2-03879/2023 saylı barışıq sazişindən görünür ki, tərəflərin qarşılıqlı razılığına əsasən ata - Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 ümumilikdə, 2024-cü il yanvar və fevral aylarına 465 manat, 2024-cü il mart ayının sonundan etibarən 560 manat aliment ödəməyi öhdəsinə götürür. Ata-Maraqlı şəxs alimenti ana-Ərizəçi Kapital Bank kartı hesabına ödəməyi öhdəsinə götürür. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X3 xx.xx.2009-cü ildə, X7 xx.xx.2016-cı ildə və X6 xx.xx.2012-ci ildə doğulmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında bağlanmış nikaha xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.3-cü maddəsinə görə, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Beləliklə, işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini könüllü şəkildə icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları və ya tərəflərin izahatları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilərək, Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/2-03879/2023 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilməlidir:

1. Tərəflərin qarşılıqlı razılığına əsasən ata - Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 ümumilikdə, 2024-cü il yanvar və fevral aylarına 465 manat, 2024-cü il mart ayının sonundan etibarən 560 manat aliment ödəməyi öhdəsinə götürür.

2. Ata Maraqlı şəxs alimenti ana Ərizəçi “Kapital Bank” kartı hesabına ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ərizənin təmin edildiyini nəzərə alaraq, hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsə aid edilməli və ondan alınaraq ərizəçiyə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/2-03879/2023 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Tərəflərin qarşılıqlı razılığına əsasən ata - Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 ümumilikdə, 2024-cü il yanvar və fevral aylarına 465 manat, 2024-cü il mart ayının sonundan etibarən 560 manat aliment ödəməyi öhdəsinə götürür.

2. Ata Maraqlı şəxs alimenti ana Ərizəçi “Kapital Bank” kartı hesabına ödəməyi öhdəsinə götürür. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs aid edilməklə, ondan alınaraq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar