Məhkəmə qərarları › İş №2(008)-267/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-267/2024

03.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-267/2024 03.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil2, Cavavbdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 nümayəndələri (vəkilləri) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9, Cavabdeh4, 17 saylı Dövlət Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9, Cavabdeh4 və 17 saylı Dövlət Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası X7 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 8-də yerləşən 35 №-li evin 1/2 hissəsinə cavabdehlər Cavabdeh1, qardaşı Cavabdeh2, bacıları X4 və Cavabdeh4 verilmiş vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1971-ci il tarixdə doğulmuşdur, atası X8, anası Cavabdeh1 olmuşdular. Doğulan gündən 1989-cu ilədək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 8-də yerləşən 35 saylı evdə yaşamışdır. Həmin evdə babası, nənəsi və iddiaçının ailə üzvləri yaşamışlar. Atası xx.xx.2005-ci il tarixdə ölmüşdür. Həmin vaxt evdə anası, qardaşı və sonuncunun ailə üzvləri yaşamışlar. Atasının hüzr məclisi keçirilərkən qardaşı onu qovmuş və evin heç bir hüquq müəyyənedici sənədinin olmadığını bildirmişdir. Bu səbəbdən vərəsəlik şəhadətnaməsi alınması üçün müraciət etməmişdir. Yaxın vaxtlarda məlum olmuşdur ki, Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 8-də yerləşən 35 №-li evin 1/2 hissəsi atası X7, qalan 1/2 hissəsi nənəsi Bircəxanım Rza qızına və babası X5 məxsus olmuşdur. Atasının ölümündən sonra xx.xx.2006-cı il tarixdə cavabdehlər Bakı şəhəri 17 saylı Dövlət Notariat Ofisinə müraciət edərək onlara vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. İddiaçı həmin vaxt qonşu 27 №-li evdə yaşadığı halda ərizədə vərəsə kimi onun adı göstərilməmiş və vərəsəlik şəhadətnaməsi verilməmişdir. Qardaşı nənə və babanın paylarına düşən hissəni də zəbt edərək özü istifadə edir. Məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsini iş üzrə cavabdeh qismində cəlb etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 nümayəndələri (vəkilləri) Vəkil1 aşağıdakı məzmunda iddia ərizəsinə etiraz vermişdir. X3 yas mərasimində başları mərhumun dəfn və ehsan işlərinə qarışmış, miras əmlak heç kimin yadına düşməmiş, bu barədə ailə üzvləri, o cümlədən iddiaçı ilə Cavabdeh2 arasında hər hansı söhbət olmamışdır. Yalnız mərhumun yas mərasimlərini başa vurduqdan sonra miras mirasqoyanın sağlığından orada yaşayan Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Evin sənədləri X1 heç vaxt gizlədilməmiş və daim göz qabağında olmuş və atasının sağlığında qonaq kimi bu evə gəlib gedən iddiaçı həmin sənədləri dəfələrlə görmüşdür. Bundan başqa, iddiaçının atasının yas mərasimində onu “qovan” qardaşının evin sənədləri olmadığına dair bildirdiklərinə inanaraq notariusa müraciət etməməsi, eləcə də bu barədə onu “qovmayan” ailə üzvlərindən bir söz soruşmaması, həmin hal barədə ona məlumat verilməsini aidiyyəti orqandan istəməməsi ağlabatan deyil. İddiaçının evin kimlərə məxsus olduğunu özünün dediyi kimi bilmədiyi, sonradan öyrəndiyi halı, elə atasının ölümündən dərhal sonra da öyrənmək imkanı olmuşdur. İddiaçı evin sənədinin olub-olmaması barədə məlumatı almaq üçün hansı səbəbdən qeydiyyat orqanına müraciət etməyərək, onu “qovan” qardaşına inanmasını əsaslandırmamış, bu barədə ümumiyyətlə fikir bildirməmişdir. İddiaçının evin miras olub olmaması halını aydınlaşdırmaq üçün uzun müddət hər hansı hərəkət etməməsi, evin atasının paylı mülkiyyətində olmasının ona atasının sağlığından bəlli olduğunu təsdiq edir. Bundan başqa iddiaçı bu evdə yaşadığı vaxt, evə müxtəlif (qaz, işıq, su, sığorta və s. barədə) bildirişlər gəlmiş və orada evin sahibləri göstərilmişdir. İddiaçıya həmin vaxtdan evin ən azından babasına və nənəsinə məxsus olduğu bəlli olmuşdur. İddiaçı tələbində onu da əsaslandıra bilməmişdir ki, hansı səbəbdən onlardan qalmış mirası qəbul etmək üçün təşəbbüs göstərməmişdir. İddiasından görünür ki, iddiaçı hazırda da miras əmlakdan pay istəmir. Ümumiyətlə hesab edirlər ki, iddiaçı hazırkı iddianı öz təşəbbüsü ilə deyil, kimlərinsə təsiri altında vermişdir. Belə ki, mirasdan bütün ailənin xəbəri olmuş, iddiaçıdan heç nəyi gizlətməmişdilər. Evin atasının paylı mülkiyyətində olması iddiaçıya bəlli olsa da, o, miras əmlak barəsində susmuş, notariusa gedəcəklərindən də xəbəri olmuş, lakin getməmişdir. Notariusda isə evdə qeydiyyatda olanların kimlər olduğu soruşulmuş, onlar da qeydiyyatda olanlar barədə məlumatı vermişdilər. İddiaçı mirası qəbul etməmiş və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasını da tələb etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, ... MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (MM-in 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. ... Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsinin məhkəmələr tərəfindən rəhbər tutulmalı və məcburi hüquqi qüvvəsi olan qeyd edilən qərarında formalaşdırılmış hüquqi mövqeyi ondan ibarətdir ki, vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qanunda göstərilən müvafiq müddət ərzində müvafiq hərəkətləri etməmiş iddiaçı mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) itirmişdir. İddiaçı da bunu bildiyi üçün vərəsəlik şəhadətnaməsinin ləğvini tələb etsə də, miras əmlakdan özünün xeyrinə hər hansı payın verilməsinin cavabdehə həvalə edilməsini tələb etmir. MM-in 1273-1-ci maddəsinə əsasən Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Bundan başqa, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar işin hallarına uyğun olsa idi belə iddia təmin edilə bilməzdi. Belə ki, qeyd edilən hallar vərəsəlik şəhadətnaməsinin etibarsızlığına əsas olsa da, iddiaçı onun ləğv edilməsini tələb etmişdir. MM-in 424.4-cü maddəsinə əsasən Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Sənədin ləğv ediləməsi onun icra edildiyi dövrdəki nəticələrini aradan qaldırmır, yəni artıq icra edilmiş şəhadətnamənin ləğvi, qüvvədə olduğu vaxt onun əsasında aparılmış qeydiyyatın ləğvi üçün əsas ola bilməz. MM-in 19-cu maddəsinə əsasən Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bundan başqa əqdin ləğvini tələb etmək onun tərəfinin hüququ olsa da, hüquqlarına toxunan əqdin iştiraçısı olmayan şəxs onun etibarsızlığını tələb edə bilər. İddiaçı qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirməməklə atasından qalan mirasa subyektiv vərəsəlik hüququnu itirdiyindən, bununla da vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, miras əmlak barəsində hüququnu itirmiş iddiaçı üçün hüquqi nəticələrə səbəb olmadığından iddia tələbi təmin edilə bilməz. Eyni zamanda Vəkil1 ərizə təqdim edərək iddiaçı tərəfindən hazırkı tələb üzrə iddia müddəti keçirildiyindən iddia müddətinin tətbiq edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər X9, 17 saylı Dövlət Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin məhkəməyə nümayəndələrini göndərməmiş, səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə adları çəkilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçnın nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 nümayəndələri (vəkilləri) Vəkil1 etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 8də yerləşən 35 №-li evin (sonradan – mübahisəli ev) 1/2 hissəsi X6, qalan 1/2 hissəsi Bircəxanım Rza qızı və X5 məxsus olmuşdur (Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarış, kitab № 3, səhifə № 400, xx.xx.1982). X10 xx.xx.2005-ci il tarixdə ölmüşdür (AZ-İ seriyalı 166685 №-li ölüm haqqında şəhadətnamə). Cavabdehlər Cavabdeh1 (arvadı), Cavabdeh2 (oğlu), Cavabdeh4 (qızı) və X9 xx.xx.2006-cı il traixdə 17 saylı Dövlət Notariat Ofisinə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdilər. Mübahisəli evdə cavabdehlərin qeydiyyatda olmaları barəsində Sabunçu RİHB-nin Maştağa qəsəbəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli arayış notariat işi qovluğuna əlavə edilmişdir (iddiaçı qeydiyyatda olmamışdır). «Qanun üzrə vərəsəlik hüququ haqqında» xx.xx.2006-cı il tarixli Şəhadətnaməyə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9, Cavabdeh4 hər biri miras əmlakdan bərabər hissələrlə irs almışdılar (reyestrdə 2V/1-47 № ilə qeyd edilmişdir). Həmin Şəhadətnamənin əsasında cavabdehlər daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış, lakin həmin çıxarış iddiaçıda olmadığından iddiaçı tərəfindən təqdim edilməmişdir. Cavabdehlərin nümayəndələri isə həmin çıxarışı təqdim etməkdən imtina etmişdir. Elektron məhkəmə sistemindən cavabdehlərdən yalnız Cavabdeh2 adına 36,80 kv metr sahəsi olan evin və 0,207120 ha torpaq sahəsininin 1/4 hissənə dair çıxarışın olduğu görünür. Hazırda iddiaçı vərəsəlik şəhadətnaməsinin və Çıxarışın ləğvini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsini əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Münasibətlər yaranan zaman qüvvədə olan 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Münasibətlər yaranan zaman qüvvədə olan “Vərəsənin susması» adlı olan 1273-1ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Cavabdeh vərəsələr X3 ölümündən yeddi ay sonra notariat ofisinə müraciət etmiş, miras əmlakda qeydiyyatda olmaları barədə arayış təqdim etmiş, bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş, iddiaçı isə qanunda nəzərdə tutulan müddətdə notarisa müraciət etməmiş, həmin evdə nə yaşamamış, nə də qeydiyyatda olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, həmin zaman notarius hər-hansı bir qanun pozuntusuna yol vermədən qanun üzrə vərəsəlik şəhadətnaməsini cavabdehlərə vermişdir. Hazırki iddia məhkəməyə xx.xx.2023-cü il tarixdə verilmişdir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Həmin Qərarda qeyd edilmişdir ki, «qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir». Beləliklə, hazırki iddia adıçəkilən Qərarın təsiri altına düşdüyündən məhkəmə hesab edir ki, iddiaçının vərəsəlik hüququ tanınmalı, şəhadətnamə və onun əsasında verilmiş Çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. X7 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 8-də yerləşən 35 №-li evin 1/2 hissəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 və Cavabdeh4 verilmiş vərəsəlik şəhadətnaməsi və həmin şəhadətnamə əsasında verilmiş çıxarış ləğv edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar