Məhkəmə qərarları › İş №2(008)-2672/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2672/2020

12.08.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2672/2020 12.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X6, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Sabunçu rayon Qeydiyyat Şöbəsi qeyd edilməklə anası X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sabunçu rayon Qeydiyyat Şöbəsi qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1946-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 şizofreniya xəstəliyi və psixi qüsur halından əziyyət çəkir. Bu barədə Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsi 11 №-li şəhər poliklinikasının baş həkimi və psixiatrı tərəfindən xx.xx.2020-ci il tarixli arayış da verilmişdir. Anası bu xəstəlikdən ciddi əziyyət çəkir və bu xəstəliyin təsiri nəticəsində cəmiyyətə uyğunlaşa bilmir. X3 öz hərəkətlərinin və davranışının məntiqi nəticəsini anlamır və belə olan halda düşünür ki, anasının zəruri hüquqlarını həyata keçirmək üçün onun fəaliyyət qabiliyyəti olmayan hesab edilib qəyyum təyin olunması vacibdir. Maraqlı şəxs Sabunçu Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə maraqlı şəxs Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəblu edilməsini xahiş etdi. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1977-ci il tarixdə verilmiş İ-JQ seriyalı 480068 nömrəli nigah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 və X3 həmin tarixdə nikahlarını bağlamışlır. İş materiallarında olan 2 saylı Bakı «Asan Xidmət» Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 046151 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu ildə ölmüşdür. İş materiallarında olan xx.xx.1980-ci il tarixdə verilmiş Vİİ-JQ seriyalı 473358 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X4 və anası X2r. Məhkəmə müəyyən etmişdir ki, Ərizəçi X1 oğludur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 11 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 871 №-li arayışdan görünür ki, X3 yataq xəstəsi olduğuna görə xx.xx.2020-ci il tarixdə evdə müayinə olunmuş, ona şizofreniya, psixi qüsur halı diaqnozu qoyulmuş, xəstənin stasionar şəraitdə müalicə olunması məsləhət görülmüş, lakin xəstənin oğlu bundan imtina etmişdir. Sabunçu rayon məhkəməsininxx.xx.2020-cu il tarixli qərardadına əsasən xx.xx.1946-cı il tarixdə Bakı şəhərində doğulmuş X1 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X9 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1596 №-li rəyindən görünür ki, X3 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar mövcuddur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.1946-cı il təvəllüdlü X3 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosseual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1946-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1946-cı il təvəllüdlü X3 fəaliyyət qabliyyətli olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar