Məhkəmə qərarları › İş №2(008)-2674/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2674/2023

12.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2674/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, onun və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə aralarında xx.xx.2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş **********54-05301-093018 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın və həmin çıxarışı əsasında Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2995 məhəllə, ev 6, 129 nömrəli mənzil xüsusi mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” alınmış Çıxarışa əsasən yuxarıda qeyd olunan mənzil adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş üzrə cavabdehlər Cavabdeh2 nəvəsidir, Cavabdeh1 isə oğlunun keçmiş həyat yoldaşı olmuşdur. 2021-ci ilin avqust ayında Almaniyada təhsil alan nəvəsi Cavabdeh2 Bakıya gələndən sonra bir müddət onunla birlikdə qalmağa başladı. Söhbət əsnasında nəvəsi Azərbaycan vətəndaşlığından çıxmadan Almaniya dövlətinin vətəndaşlığını qəbul etmək istədiyi və bunun üçün Azərbaycanda onun adına daşınmaz əmlakının olması şərt olduğunu bildirdi. Nəvəsi Cavabdeh2 Bakıxanov qəsəbəsində olan evini Almaniyada vətəndaşlıq alana kimi müvəqqəti olaraq onun adına keçirməyi xahiş etdi. Nihad and-aman etdi ki, vətəndaşlıq məsələsi həll olunandan sonra mənzili yenidən onun adına keçirəcək və həmin vaxta qədər evin sənədləri onda qalacaq. O da bir nənə kimi nəvəsinin xahişini yerə salmayaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2995 məhəllə, ev 6, 129 nömrəli mənzili onun adına keçirməyə razılaşmışdır. Bununla bağlı Bakı şəhəri 6 saylı Notariat ofisində daşınmaz əmlakın bağışlanması müqaviləsini bağlamışdır. Bağışlanma müqaviləsi əsasında Cavabdeh2 adına **********54-05301- 093018 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Nəvəsi evin sənədlərini tərcümə mərkəzində olması bəhanəsi ilə ona verməmiş və geri Almaniyaya qayıtmışdır. Onda düşünmüşdür ki, heç nə olmaz nəvəsidir, geri qayıdanda verər. Belə də ki onsuzda razılaşmışdır ki, ev bir müddətdən sonra yenidən onun adına keçiriləcək. Bir daha nəvəsini görməmiş, onun Bakıya gəlməsindən xəbəri olmamış, onunla əlaqə yaratmağa çalışsa da uğursuz olmuşdur. 2023-cü ilin fevral ayının 2-si oğlunun keçmiş həyat yoldaşı Cavabdeh1 onunla əlaqə saxlayaraq Bakıxanovdakı evin artıq onun olduğunu bildirdi. Məhz həmin vaxtı başa düşmüşdür ki, nəvəsi onu aldadıb. Onda başa düşmüşdür ki, nəvəsi anası ilə birləşərək Almaniyada vətəndaşlıq məsələsi orta ataraq bir oyun qurublar. Dərhal notariat ofisinə müraciət etmişdir, məlum oldu ki, nəvəsi Cavabdeh2 evini anası Cavabdeh1 bağışlayıb. Evin qaytarılması ilə bağlı onlara müraciəti nəticəsiz qaldığından məcburiyyətində qalaraq məhkəməyə müraciət edir. Bir daha məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, nəvəsi Cavabdeh2 onu aldadaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2995 məhəllə, ev 6, 129 nömrəli mənzilini öz adına keçirməyə nail olmuşdur. Məlumat üçün bildirir ki, aralarında bağışlanması müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlansa da həmin vaxtdan hazırki vaxta qədər nə nəvəsi özü, nə də ki anası ona məxsus olmuş evdə ümumiyyətlə yaşamamışlar. 2023-cü ilə qədər evin bütün kommunal xərclər tərəfindən ödənilib. Onuda əlavə etmişdir ki, Cavabdeh1 oğlundan çoxdandı boşanıb. Belə şəxsə ev bağışlamaq qeyri-mümkündür. Atdığı addım yalnız nəvəsinə görə onun Almaniyada vətəndaşlıq məsələsini həl etmək üçün müvəqqəti olmuşdur. Cavabdeh2 ilə arasında xx.xx.2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş **********54-05301- 093018 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın və həmin çıxarışı əsasında Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir. Sonrdan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh2 ilə aralarında xx.xx.2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş **********54-05301-093018 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, həmin çıxarışın əsasında Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini və yazılını izahata əlavəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O eyni zamanda bildirmişdir ki, İddiaçı mübahisəli mənzildə bugünədək yaşamamışdır. Həmn mənzili kirayəyə verərək, ondan gəlir əldə etmişdir. 2023-cü ilin əvvəlində cavabdeh Natavan gəlib mənzillin həyətində mühafizəçiyə artıq mənzilin ona məxsus olduğunu bildirdikdən sonra, onun məlumatı olmuşdur ki, Nihat mənzili anasına bağışlanmışdır. Əgər o Nihata mənzili birdəfəlik bağışlamaq isdəsəydi həmin mənzililin komunal haqqlarını 20223-cü ilin əvvəlinə kimi ödəməzdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir və eyni zamanda izahat verərkən iddiaçı tətəfin vermiş olduğu suala cavab olaraq bildirmişdir ki, bəli Kərimov X8 FR-nın vətəndaşlığını 2021-ci ildə dəqiq xatırlamadığı tarixdə qəbul etmişdir. Lakin Almaniyada vətəndaşlığın qəbulu üçün şəxsin adına daşınmaz əmlakın olmasına dair heç bir şərt yoxdur. O 2023-cü ilin əvvəlində həmin mənzilin yerləşdiyi binaya yaxınlaşaraq artıq mənzilin ona aid olduğunu bildirmiş və bundan sonra həmin mənzildə təmir işləri görərək orada yaşamağa başlamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəməyə xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi ilə müraciət edərək bildirişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Nənəsi İddiaçı 2021-ci ilin yaz ayında ona zəng edib ona təntənəli tonda “Niko, sənə sürprizim var, sənin üçün ev almışam” bildirərək ona yuxarıda qeyd olunan mənzili onun adına keçirmək istədiğini bildimişdir. Bunu ona, o Avgust aylarında Azərbaycana gələndə də bir daha bildirdi və sentyabrda birinci onu “ASAN” xidmətə apanb (qeyd etmişdir ki, o uzun illərdir ki təhsilini Birləşmiş Krallıq, ABŞ da və Almaniyada başa çatdırmış deyə, Bakını yaxşı tanımır) onu ilk növbədə yuxarıda qeyd olunan mənzilə qeydiyyata salıb, sonra ona həmin günü dedi ki ona yeni nəsil şəxsiyyət vəsiqəsi çıxartmaq lazımdır ki, sonradan notariusa gedib məzili onun adına keçirsin. Şəxsiyyət vəsiqəsini aldıqdan sonra onlar nənəsinin dediyi ve istədiyi kimi notariusa gedib bağışlama müqaviləsi bağlamışlar. Notarius hətta nənəsinə çoxlu suallar verdi. Nənəsi heç bir şərt qoymadığını söylədi və mənzili ona hədiyyə etməsini istədiyini notariusa bir neçə dəfə bildirmişdir. Yanında hətta şahid kimi dövlət işinin əməkdaşı tanışı belə var idi. O bele bunları təsdiq edə bilər. ASAN xidmətə getdiyi gün belə nənəsi onu notariusa aparmışdı, lakin bütün sənədlər yanında olmadıqdan həmən gün bağışlanma müqaviləsi bağlaya bilməmişlər. Onun nənəsi məhkəmə işlərində çox təcrübəli və savadlı qadındır. O da Almaniyada hüquqşünas və o, Azərbaycanda olanda nənəsi ilə axşamlar oturub hüquqi mövzular haqqında və Azerbaycanın mülki ve cinayət məcəllələri haqqında maraqlı söhbətlər aparırmışlar. Burada sual yaranır ki əgər nənəsi ona mənzili bağışlamaq və ya şərt altında bağışlamaq isteyirdisə, niyə görə bunu notariusa bildirməyib? Və yuxarıda qeyd etdiyi kimi mənzili bağışlamamışdan əvvəl də nənəsi onu ASAN xidmətə aparıb bağışlanma müqaviləsi bağlamaqa cəhd göstərmişdir. Buradan açıq aydın bilinir ki, nənəsi heç bir təzyiq altında olmadan, öz istəyi ilə və heç bir şərt qoymadan mənzili ona bağışlamaq niyyətində idi və bunu öz istədiyi kimi də etdi. Elavə etmişdir ki, bu nənəsinin bağışlanma müqaviləsi ilə olan ilk məhkəmə ərizəsi deyil. Nənəsi eyni səbəblər ilə doğma qızı Cavadova Lalə ilə de neçə ildir ki, məhkəmə davaları aparır. Nənəsinin evində Azərbaycan Respublikasının qanunlarına dair kitabları belə var və qanunlardan çox gözəl xəbərdardır. Nənəsinin onun anası X1 həmişə məlum idi. X7 az yaşlı bacısı ata evində bir neçə ailə üzvləri ilə böyüdürdü. Anası işsiz qadındır və anasının atası 2021- ci ilin dekabr ayında rəhmətə getdikdən sonra bacıma baxmaqda çətinlik çəkir. Babası gilin evində iki yeniyetmə dayısının oğulları böyüyür ve bacisına qarşı münasibətləri heçdə yaxşı deyil. O bir qardaş ve oğul olaraq əlbətdəki bunu gözə ala bilməyərək yuxanda qeyd olunan mənzili anasına hədiyyə etmək gərarına gəlişmişdir. Nənəsi İddiaçı bundan xəbər tutduqdan sonra dərhal məhkəməyə müraciət edib, anasi sevmədigi üçün onunla prinsip aparmağa başlayıb. İddiaçı iddia ərizəsinə etirazını qəbul edib iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə 2595, ev 6, mənzil 129 (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 26, M12, 10 saylı mənzilin mülkiyyətçisi xx.xx.2020-ci il tarixdən etibarən İddiaçı olmuşdur. - xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə 2595, ev 6, mənzil 129 (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 26, M12, 10 saylı mənzili Cavabdeh2 mülkiyyətinə vermişdir. - xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə 2595, ev 6, mənzil 129 (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 26, M12, 10 saylı mənzili Cavabdeh1 mülkiyyətinə vermişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 611925 nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə 2595, ev 6, mənzil 129 (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 26, M12, 10 saylı mənzilin mülkiyyətçisi xx.xx.2022-ci il tarixdən etibarən Cavabdeh1dır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-8474/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə 2595, ev 6, mənzil 129 (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 26, M12, 10 saylı mənzili Cavabdeh2 ilə bağlanmış Salyan Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu M.M.Hüseynov tərəfindən təsdiqlənmiş 4Ə-969 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - C74HVRFY9 nömrəli pasportdan görünür ki, xx.xx.1999-cu il tarixdə doğulmuş X2 Braun Niko Maximilian kimi xx.xx.2022-ci il tarixdən Almaniya FR-nın vətəndaşı kimi qeydiyyata alınmışdır. - Salyan Rayon Qeydiyyat Şöbəsinin AZ İ seriyalı, 298912 nömrəli nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, X9 ilə Cavabdeh1 xx.xx.2018-ci il tarixdə 99 nömrəli akt qeydi ilə nikahları pozulmuşdur. Life Company MMC-ə İddiaçı tərəfindən ödənilən 969702 və 835873 nömrəli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixlərində 94.50 manat və 191.25 manat mənat məbləğində mənzil-kamunal xidməti üçün kamunal xərclər ödənmişdir. Mülki işin matrialarına iddiaçı tərəfindən əlavə edilmiş Cavabdeh2 məxsus səs yazısı olan diskdə iş üçün əhəmiyyətli olan hər hansı bir məlumatı əks etdirilməmişdir. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X5 ifadəsində bildirmişdir ki, o, iddiaçının qızıdır. Qardaşı ailəsindən ayrıldıqdan sonra Cavabdeh2 onlarla yaxın olmamışdır. Sonrdan 2021-ci il tarixdə təxminən 1 ay müddət ərzində Bakıda olan zaman ona məxsus evdə anası İddiaçı ilə qalmışdır. Nihad həmin 1 ay ərzində anasını inandırmışdır ki, onun Almaniyada ikili vətəndaşlıq almaq üçün burada adına əmlak olmalıdır. Nənəsi isə nəvəsinə kömək məqsədi ilə sözügedən əmlakı bağışlamış, lakin çıxarışın və bağışlama müqaviləsinin ona veriləcəyini bildirmişdir. Nihad və anası onun evində qaldığından o onların ikisinin bütün söhbətlərinə şahid olmuşdur. Cavabdeh2 bunula razılaşmış, lakin bəhanələrlə vaxtı uzadaraq nə çıxaırşı, nə də ki bağışlama müqaviləsini nənəsinə verməmişdir. Bundan sonra o özü Cavabdeh2la əlaqə saxlanmış Cavabdeh2 isə Azərbaycana qayıtdıqda qaytaracağına söz vermişdir. Bundan sonra isə nə çıxarışı, nə də ki bağışlama müqaviləsini qaytarmamışdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın; Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsi nəzərdə tutur ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsız hesab olunur (Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələri). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə iddia tələbinin ilkin hissəsinə Cavabdeh2 ilə iddiaçı aralarında xx.xx.2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi-hissəsinə münasibə bildirərək qeyd edir ki, tərəflərin vermiş olduğu izahatlardan habelə mülki işin matriallarına əlavə edilmiş mənzil kamunal xidmətlərin ödənilməsinə dair qəbzlərdən də görünür ki, iddiaçı öz xüsusi mülkiyyətindəki evi xx.xx.2021-ci il tarixdə nəvəsi Cavabdeh2 bağışlasa da Cavabdeh2 və onun ailə üzvülərindən heç kim Cavabdeh2 ila digər cavabdeh arasında bağışlama müqaviləsi bağlanadək sözügedən mənzildə yaşamamış, mülkiyyətçi kimi mənzilə dari hər hansı bir aktiv hərəkətlər icra etməmişdirlər, əksinə 2022-ci ilin dekabr ayınadək-yəni iddiaçının ikinci bağışlanma müqaviləsinin olmasından məlumatı olandək mənzilə dair kamunal xərclər məhz iddiaçı tərəfindən ödənmişdir. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, mülki işin matriallarına əlavə edilmiş C74HVRFY9 nömrəli pasportdan da görünür ki, Cavabdeh2 Almaniyada vətəndaşlığ alması məhz onunla iddiaçı arasında bağışlama müqaviləsi bağlandığı tarixdən ikinci bağışlama müqaviləsi bağlandığı tarix aralığında yəni xx.xx.2022-ci il tarixdə olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh2 mübahisəli mənzildə yaşamaması, mübahisəli mənzilə dair münasibətdə heç bir aktiv hərəkət etməməsi, həmin dövr ərzində iddiaçıya məxsusu kirayəçilərın orada yaşaması və kamunal xərclərin iddiaçı tərəfindən ödənməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış bağışlama müqaviləsinin hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olduğuna əsas verdiyindən iddia tələbi ilkin hissədə əsaslı hesab edilərək təmin edilməlidir. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bundan sonra məhkəmə iddia tələbinin “həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş **********54-05301-093018 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehlər arasında xx.xx.2022-ci il tarixdə bağışlama müqaviləsi bağlanaraq cavabdeh X6 adını yeni çıxarış verilərkən Cavabdeh2 adına verilmiş çıxarış artıq ləğv edildiyindən iddia tələbinin bu hissədə təmin edilməsi zərurəti aradan qalxmışdır. Bundan başqa məhkəmə iddia tələbinin-“Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi” hissəsinə münasibət bildirərərk qeyd edir ki, nə qədər ki, ilkin bağlanmış müqavilə məhkəmə tərəfindən etibarsız hesab edilmişdir, həmin müqavilədən sonra bağlanmış əqdlər (xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi) də həmçinin etibarsız hesab edilməli və onun hüquqi nəticələri (X3 adına verilmiş xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış) ləğv edilməlidir. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsini xahiş etsədə, hazırki mülki işdə müqavilənin ləğv əsasları deyildə etibarsızlığ əsasları mövcud olduğundan iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi və Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin, Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar