Məhkəmə qərarları › İş №2(008)-2701/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2701/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2701/2023 16.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "941,34 manat məbləğində pul tələbi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "xx.xx.2021-ci il tarixli MAS-3663 nömrəli "Daxili lizinq müqaviləsi"nə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 539,04 manat gecikdirilmiş əsas borc, 127,68 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 274,62 manat dəbbə pulu, ümumilikdə 941,34 manat borcun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2021-ci il tarixli MAS-3663 nömrəli "Daxili lizinq müqaviləsi" ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmədiyinə görə iddiaçıya borcu yaranmışdır. İddiaçı və cavabdeh məhkəməyə ayrı-ayrılıqda ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etdiklərinə görə məhkəmə baxışı onların iştirakı olmadan keçirildi. Eyni zamanda, hazırlıq icraatı zamanı Cavabdeh məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə verərək, iddiaçıya həqiqətən 941,34 manat borcunun olduğunu, borcu ödəməkdən imtina etmədiyini, lakin hal-hazırda maddi imkanının buna uyğun olmadığını və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində deyilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə deyilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Sadalanan normalardan göründüyü kimi, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən o halda qəbul edilə bilər ki, etiraf qanuna zidd olmasın və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasın. Ona görə də məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, muəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İşdə olan, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli MAS-3663 nömrəli "Daxili lizinq müqaviləsi"ndən görünür ki, Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, "Khazar LX minik" markalı **-PY-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800818 ban nömrəli, ağ rəngli avtomobil 13900 manat məbləğinə "xxxx" MMC-nin mülkiyyətinə alınmış və Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İşdə olan, "Daxili lizinq müqaviləsi"nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlindən (Əlavə № 3) görünür ki, Cavabdeh illik 23 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 418,06 manat, ümumilikdə isə 18151 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-3663 nömrəli "Daxili lizinq müqaviləsi" üzrə xx.xx.2022ci il tarixə 539,04 manat gecikdirilmiş əsas borcu, 127,68 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 274,62 manat dəbbə pulu, ümumilikdə 941,34 manat borcu vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edldi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3663 nömrəli "Daxili lizinq müqaviləsi"nə əsasən, Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, "Khazar LX minik" markalı **-PY-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800818 ban nömrəli, ağ rəngli avtomobil 13900 manat məbləğinə "xxxx" MMC-nin mülkiyyətinə alınmış və Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "Daxili lizinq müqaviləsi"nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən, Cavabdeh illik 23 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 418,06 manat, ümumilikdə isə 18151 manat məbləğində pulu "xxxx" MMCnin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan həmin məbləğin 13900 manatı əsas məbləğ təşkil edir. Göstərilən müqavilə üzrə Cavabdeh xx.xx.2022-ci il tarixə 941,34 manat gecikmə borcu yaranmışdır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Belə olan halda, iddianın etiraf olunması məhkəmə tərəfindən qəbul edilməli və iddiaçının irəli sürdüyü tələblər təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcləri cavabdehə aid edilməli və iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 539,04 manat gecikdirilmiş əsas borc, 127,68 manat gecikdirilmiş mükafat, 274,62 manat dəbbə pulu, 30 manat dövlət rüsumu, cəmi 971,34 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar