Məhkəmə qərarları › İş №2(008)-2772/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2772/2025

13.08.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2772/2025 13.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclasının katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı “X2 LTD” Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X2 LTD” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X2 LTD” Şirkəti Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X2 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı neftqazçıxarma sexinin, 39 T 410502.12 B-4479370.95 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa olunmuş tikilinin özbaşına tikili sayılaraq, sökülməsi və zəbt olunmuş torpaq sahəsinin filialın istifadəsinə qaytarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), "xxxx" Ortaq Neft Şirkəti (ONŞ) arasında 03 iyun 2010-cu il tarixdə bağlanmış “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə müvafiq olaraq Balaxanı blokunda neft və qaz əməliyyatlarının aparılması səlahiyyəti kontraktla İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialına verilmişdir. Hal-hazırda istifadəsində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması onların qanunla qorunan hüquqlarını pozur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə şifahi xəbərdarlıq etsə də, cavabdehlər onların haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. xx.xx.2025-ci il tarixdə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı neftqazçıxarma sexinin, 39 T 410502.12 B-4479370.95 m C koordinatlar üzrə yerləşən ərazidə özbaşına tikinti aşkarlanmışdır. Tikintini aparan şəxs, vətəndaş Cavabdeh nə torpaq sahəsinə, nə tikintiyə dair heç bir sənəd təqdim etməmişdir. Belə ki, dərhal Cavabdeh tikintinin qanunsuz olduğu izah edilərək, mübahisə qanuni yolla həll olunana qədər tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda qeyd edək ki, İddiaçı şirkətinin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşir. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi texnikayla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Cavabdehin zəbt etdiyi mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahəsidir. Cavabdehin hər hansı bir hüquq müəyyən edici sənədi yoxdur. Mübahisəli tikili isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və lazımı layihə-smeta sənədləri tərtib edilmədən inşa edilmiş qanunsuz tikilidir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X2 LTD” Şirkətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını və ərizə ilə müraciət edərək mütəxəsis rəyinin verilməsi üçün iş üzrə ödənilmiş 300 manat xərcin Cavabdeh tutulmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. -İş materiallarında olan X4 və Ekspertiza Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli 33 nömrəli rəyindən görünür ki, “X2 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı NQÇS-nin 39 T 410502.12 m B–4479370.95 m C kordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh inşa etdiyi tikili (fərdi yaşayış evi) “X2 LTD” şirkətinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, X2 LTD” Şirkəti tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Kapital Bank ASC-nin xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, X2 LTD” Şirkəti tərəfindən mütəxəssis rəyinin verilməsi üçün 300 manat məbləğində pul vəsaitinin mütəxəssis rəyi üçün ödənilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən Dövlət mülkiyyətində olan torpaqlara dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları daxildir. Həmin Məcəllənin 46-cı maddəsinin 2-ci hissəsinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativhüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən “X2 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı neft-qaz çıxarma sexinin 39 T 410502.12 m B – 4479370.95 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa edilmiş tikili özbaşına tikinti sayıldığından və mövcud neft quyularının istismarında, yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda geoloji-texniki tədbirlərin həyata keçirilməsi işlərində iddiaçı üçün maneə yaratmaqla onun maraqlarına toxunduğundan, həmin tikili özbaşına tikili sayılaraq, cavabdehin hesabına sökülməli və sahə iddiaçının istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcələsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia qaldırılması üçün iddiaçı “X2 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 300 manat ekspertiza xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən “X2 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı neft-qaz çıxarma sexinin 39 T 410502.12 m B – 4479370.95 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində tikilmiş tikili özbaşına tikili sayılmaqla sökülsün. Həmin ərazi “X2 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filalının qanuni istifadəsinə qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və rəyin verilməsi üçün ödənilmiş 300 (üç yüz) manat məhkəmə xərci Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar