Məhkəmə qərarları › İş №2(008)-2786/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2786/2024

20.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2786/2024 20.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə və maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə və maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, onun Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Dadaşov küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinə köçürülməsi, həmin fərdi yaşayış evindən istifadə etməsinə yaradılmış maneələrin qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, iddia ərizəsində qeyd olunan ünvanı "ünvan 1ağınızı və həmin ünvana köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o cavabdeh X3 ilə xx.xx.1992-ci il tarixində nikahı rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan yetkinlik yaşına çatmayan 20 dekabr 2009-cu il təvəllüdlü X2 adlı bir uşağ doğulmuşdur. Hazırda onunla bağlanmış nikaha Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xitam verilmişdir. Onun Bakı şəhəri, Sabunçu qəsəbəsi, B.Dadaşov küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinə istifadə hüququ 27 oktyabr 2005-ci il tarixindən tanınmışdır və o vaxtdan 2023-cü ilin ortalarına qədər olan müddətdə birlikdə fasiləsiz olaraq həmin mənzildə yaşamışdılar. Əri və onun mərhum valideynləri ilə həmin evdə yaşayaraq, birgə təsərrüfat aparmışdı. İstifadə hüququ tanınarkən qarşısında həmin evdə yaşamağı, yardımçı tikililərdən və həyətyanı torpaq sahəsindən istifadə etməyi ilə bağlı hər hansı bir qeyd-şərt qoyulmamış, hazırda özünə aid olan bütün cehiz və digər şəxsi əşyalarını da həmin mənzilə aparmışdı. Cavabdeh ilə nikahları pozulduqdan sonra cavabdeh fərdi yaşayış evinin ona məxsus olduğunu səbəb göstərərək, onu həmin mənzildən qovmuşdur. Cavabdeh tərəfindən həmin evdən qovulsa da, həmin evdən istifadəyə məhdudiyyətlər yaradılsa da, mütəmadi olaraq, övladı ilə görüşməyə oraya gedir və təmizlik işləri aparırdı. Ona məxsus şəxsi əşyaların yerləşdirilmiş otağın qapısını bağlamış və açarlar onun özündə qalmışdı. Lakin yenidən cavabdehlə arasında mübahisə yaranmış və onun uşağı ilə görüşməyə imkan verməyərək onu məcburən həmin evdən qovdular. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə еdərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ev 2001-ci il tarixdə alınıb, 1992-ci ildə ailə həyatı qurublar. Nikah pozulduğdan sonra kirayədə qaldığını, oğlunun atası ilə qaldığını, qızlarının isə ərə getdiyini bildirmişdir. Bundan başqa, evə köçsə, orada yaşayacağını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək aralarında sözsöhbət olduğunu, dəfələrlə barışmaq istədiyini, lakin alınmadığını bildirmişdir. O, birlikdə yaşamaqlarını təklif etsə də, bu mümkün olmamışdır. Əlavə olaraq bildirdi ki, atasının evini satdıqdan sonra və nikahda olan zaman bu evi almışlar. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikanın Daxili İşlər Nazirliyin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı 27 oktyabr 2005-ci ildən Baki şəhəri, ünvan 3 ünvanında qeydiyyatdadır. - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3399/2023 nömrəli xx.xx.2022ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh və Mehrəliyeva (Aslanova) Xalidə Şamil qızı arasında Gəncə şəhər Kəpəz Rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1992-ci ildə bağlanmış nikah pozulması, birgə nikahıdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 boşanmadan sonra atası Cavabdeh himayəsində qalması, xx.xx.2023-cü il dən başlayaraq, İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin aylıq qazancının (başqa qəlirlərin) 1/4 hissəsində aliment məbləği tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. - "Azəriqaz" İB-nin xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Baki şəhəri, ünvan 5 ünvanında olan qaz sayğacı cavabdehin adınadır. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Baki şəhəri, ünvan 5 ünvanında olan su sayğacı cavabdehin adınadır. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Baki şəhəri, ünvan 5 ünvanında olan elektrik sayğacı cavabdehin adınadır. Müəyyənləşdirilmiş hallar ondan ibarətdir ki, Baki şəhəri, ünvan 5 ünvanında olan yaşayış evi özbaşına tikilidir. Tərəflər arasında 1992-ci ildə nikah bağlanmışdır. İddiaçı mübahisəli evdə xx.xx.2005-ci ildən qeydiyyatdadır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflər arasında nikah 2023-cü ildə pozulmuşdur. Bundan sonra aralarında olan gərgin münasibətə görə iddiaçı həmin evdə yaşamamışdır. Hazırkı iddia ilə İddiaçı Baki şəhəri, ünvan 5 ünvanında olan fərdi yaşayış evinə köçürülməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə görə, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur və iddiaçı mübahisəli evə köçürülməlidir. Belə ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. İddiaçı həmin evdə yaşamaq hüququ olduğu üçün o, mübahisəli evə köçürülməlidir. Belə ki, cavabdehin sözügedən özbaşına tikiliyə hansı hüququ varsa, iddiaçının da eyni əsaslarla orada yaşamaq hüququ var. Beləliklə də iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə 8567 nömrəli mədaxil qəbzi ilə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Dadaşov küçəsində yerləşən 9A nömrəli fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar