Məhkəmə qərarları › İş №2(008)-2941/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2941/2023

11.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2941/2023 11.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 4 saylı Bakı «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinə qarşı "mirasın qəbul edilməsi müddətinin uzadılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh 4 saylı Bakı «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinə qarşı "mirasın qəbul edilməsi müddətinin uzadılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsi 60D saylı sahədə yerləşən 0,01 ha torpaq sahəsinə dair mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, X4 onun həyat yoldaşıdır. Həyat yoldaşı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsi 60D saylı sahədə yerləşən 0,01 ha torpaq sahəsi həyat yoldaşına məxsusdur. Həyat yoldaşı vəfat etdikdən sonra onun qanun üzrə vərəsəsi kimi miras qalmış torpaq sahəsini faktiki qəbul edərək idarə etmişdir. Lakin başı ailə işlərinə qarışdığından və hüquqi savadsızlıqdan mirasın qəbul edilməsi üçün vaxtında notariat kontoruna ərizə ilə müraciət edə bilməmişdir. 4 Saylı Bakı Cavabdehotariat Ofisinə həyat yoldaşından miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etmişdir. 4 Saylı Bakı Cavabdehotariat Ofisinin xx.xx.2023-cü il tarixli, 433 saylı məktubuna əsasən, mirasın qəbul edilmə müddətini ötürüldüyü bildirilmiş və mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Cəbyarıl Rayon VVADQ Şöbəsinin Vİ-ЖГ seriyalı, 432251 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında xx.xx.1973-cü il tarixdə, 95 nömrəli nikah akt qeydi bağlanmışdır. - 4 saylı Bakı “ASAN Xidmət” X3 xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X4 qızı xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - 4 saylı Bakı “ASAN Xidmət” X3 xx.xx.2023-cü il tarixli, 433 nömrəli imtina məktubdan görünür ki, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna qol verilmədiyindən, mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müarciət edilməsi tövsiyə edilmişdir. - 19.08.2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.01 ha olan torpaq sahəsi X2 mülkiyyətindədir. - İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 100 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cu maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır; Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-cı maddəsinə əsasən Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-cı maddəsinə əsasən mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında eyni zamanda göstərilmişdir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Beləliklə işin mübasəsiz halı ondan ibarətdir ki, X4 ilə hazırki mülki iş üzrə iddiaçı ər arvad olmuşlar. X4 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Və onun ölümündan sonra ünvan 2 ünvanda yerləşən qalan 0.01 ha torpaq sahəsi miras əmlakı kimi vərədələrinə qalmışdır. İddiaçı yalnız miras qoyan öldükdən 2 ilə yaxın müddətdən sonra vərəsəlik haqqında şəhadətnamə almaq üçün 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə müraciət etsə də, lakin notariat orqanı tərəfindən imtina edilərək, məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Belə olan halda iddiaçı məhkəməyə müraciət edərək müddətin ötürülməsini üzürlü hesab edilərək bərpa edilməsini məhkəmədən xahiş etmiş olsa da, üzürlü səbəbləri təsdiq edəcək möhtəbər sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi təmin edilə bilməz. bunu təsdiq edə Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında iştirak edən iddiaçı sözügedən miras əmlakının arvadı öldüyü gündən onun faktiki sahobliyində olduğunu bildirmişdir. Belə olan halda iddiaçı gələcəkdə möhtəbər sübutlar olduğu təqdirdə miras əmlakının faktiki sahibliyində olması faktı ilə məhkəməyə müraciət etmək hüququ mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh 4 saylı Bakı «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə tələb təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar