Məhkəmə qərarları › İş №2(008)-3047/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3047/2021

10.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3047/2021 10.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ləyaqətsiz vərəsə kimi tanınma və miras əmlakdan məcburi pay almaq hüququndan məhrumetmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ləyaqətsiz vərəsə kimi tanınma və miras əmlakdan məcburi pay almaq hüququndan məhrumetmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ləyaqətsiz vərəsə kimi tanınması, onlara məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar Massivində yerləşən evdən və torpaq sahəsindən məcburi pay almaq hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar 05.05.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ləyaqətsiz vərəsə kimi tanınması, halhazırda iddiaçılara məxsus olan və bundan sonra olacaq, istənilən əşya və əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar Massivində yaşadıqları ev onlara məxsusdur. Cavabdeh onun doğma oğludur. Hal- hazırda Hollandiyada yaşayır. Cavabdeh Azərbaycanda yaşadığı müddətdə, yəni Hollandiyaya köçməmişdən əvvəl onlarla yaxşı münasibətdə olmuş, aralarında heç bir problem yaşanmamışdır. Lakin o, 2017-ci ildə Azərbaycandan köçüb Avropada yaşamağa başlayandan bir müddət sonra xasiyyəti də, xarakteri də, onlara olan münasibəti də tamamilə dəyişdi və oradan dövlətin əleyhinə çıxış etməyə başladı. Bu hal onlara məlum olduqdan sonra o da, qardaşı Emin də və digər qohumları da onun bu hərəkətinin səhv olduğunu və üzr istəyərək bir daha belə hallara yol verməyəcəyi barədə söz verməsini ondan xahiş etmişlər. Bir nəticə əldə etmədikdə bu hərəkətlərini təkrar etməməsini tələb etmişlər. Lakin cavabdeh nə iddiaçıları, nə də digər qohumlarını eşitmək istəmişdir. İddiaçı1 hal-hazırda bir neçə xəstəlikdən əziyyət çəkir. Cavabdehin bu hərəkətləri, öz ailəsinə, eyni zamanda, dövlətinə qarşı etdiyi bu cür saymamazlığı, nankorluğu onu çox incidir və narahat edir. Onlar öz əllləri zəhməti ilə yaşayan, dövlətlərinə və onun rəhbərinə sadiq olan, daima Prezidenti dəstəkləyən bir ailə olmuşlar və indi də həmin əqidə ilə yaşayırlar. Cavabdeh isə öz hərəkətləri ilə bunun əksinə olduğunu, onlarla əks mövqedə dayandığını birbaşa sübut edir. Görünür oğlu yad ölkədə dövlətə qarşı düşmən mövqedə olan insanların təsiri altına düşüb. İddiaçılar isə minlərlə kilometr onlardan uzaqda olan, onları eşitmək istəməyən bir insana təsir etmək imkanları hal-hazırda mümkünsüzdür. Bütün bu səbəblərdən, oğlu olsa belə, cavabdehin onların vərəsəsi olmasını və onlarla hər hansı əlaqəsinin olmasını istəmirlər. Cavabdehin onlara qarşı etdikləri bu nalayiq əməllərdən sonra, onun onlara məxsus əmlakdan gələcəkdə də məcburi pay almaq hüquqlarından məhrum edilməli olduğu qənaətinə gəlmişlər. Buna görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə prosesində iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıların vəkillinin izahatını dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan 05.05.2021-ci il tarixli vəsatətlə birlikdə təqdim olunmuş diskdən görünür ki, Cavabdeh siyasi fəaliyyəti əks etdirən video materiallar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1138-ci maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Həmin Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. İşin araşdırılan halları ilə müəyyən edilir ki, Cavabdeh o halda ləyaqətsiz vərəsə hesab edilə bilər ki, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş olsun və bu hallar məhkəmə tərəfindən təsdiq edilmiş olsun. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən bu halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də Cavabdeh Cəbraıl oğlunun ləyaqətsiz vərəsə kimi tanınması tələbinə dair iddia ərizəsi həmin hissədə təmin edilə bilməz. Bundan əlavə məcburi pay almaq hüququndan məhrumetmə vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olmadığından iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ləyaqətsiz vərəsə kimi tanınma və miras əmlakdan məcburi pay almaq hüququndan məhrumetmə” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi günddddən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar