Məhkəmə qərarları › İş №2(008)-3124/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3124/2023

23.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3124/2023 23.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "xxxx" Firması müstəqil tələb irləi sürməyən üçüncü şəxs qismində cəlb edilməklə təsis müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "xxxx" Firması müstəqil tələb irləi sürməyən üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Firmasının yaradılması ilə bağlı 15 oktyabr 2002-ci il tarixli təsis müqaviləsinin İddiaçı ilə bağlı hissədə qismən etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin aprel ayının sonlarında iddiaçıya Bakı Kommersiya Məhkəməsindən məhkəmə bildirişi gəlmiş və o, həmin məhkəmənin icraatında olan e-2-2(113)-44/2021 №-li iş üzrə cavabdeh qismində məhkəmə iclasına çağırılmışdır. Məhkəmə iclasında iştirak edən vəkil məhkəmə iclasından sonra məlumat vermişdir ki, Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu "xxxx" Firmasına, Cavabdeh2 Əbdiiləli oğluna, Cavabdeh1 və iddiaçıya - İddiaçı qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin "xxxx" Firmasının təsisçiləri olan Cavabdeh2, Cavabdeh1 və İddiaçı məxsus əmlaklara yönəldilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. iddiaçı "xxxx" Firması adında hüquqi şəxs barədə heç bir məlumatının olmadığını, belə bir firmanın yaradılmasında iştirak etmədiyini, onun təsisçisi olmadığını, kredit götürmədiyini bildirmiş və həmin sənədlərin surətini tələb etmişdir. "xxxx" Firmasının təsis sənədləri ilə tanış olanda görmüşdür ki, həqiqətən təsis müqaviləsində və nizamnamədə onun adı qeyd olunub. Amma nə təsis müqaviləsində, nə də nizamnamədə olan imzalar ona məxsus deyil. Onun adının qarşısındakı imza saxtalaşdırılaraq icra edilib və onun məlumatı və iradəsi olmadan adı firmanın təsisçisi kimi göstərilib. Eləcə də həmin işə aid olan kassasiya şikayətinin surətindən görünür ki, guya iddiaçı Bakı Apellyasiya Məhkəməsinin 02 iyul 2013-cü il tarixli qərardadından kassasiya şikayəti vermiş və şikayəti imza etmişdir. Bütün bunlar tam yalan və uydurmadır. Qeyd etdiyi kimi, bankın tələbindən bu ilin aprel ayında xəbər tutmuşdur. Amma onun adından kassasiya şikayəti 2013-cü ildə tərtib olunmuşdur. İddiaçı elə bir kassasiya şikayəti imzalamamışdır və bundan xəbəri yoxdur. Beləliklə də ona məlum olmuşdur ki, "xxxx" Firmasının yaradılması ilə bağlı iddiaçının adından imzalanan 15 oktyabr 2002-ci il tarixli təsis müqaviləsi tam saxta müqavilədir və əhəmiyyətsizdir. Eləcə də firmanın nizamnaməsi də saxta və əhəmiyyətsizdir. Üçüncü şəxs "xxxx" Firması məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə üçüncü şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili X2 məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək qeyd etdi ki, təsisçi Cavabdeh2 ölmüşdür, həqiqətən İddiaçı adıçəkilən təsis müqaviləsini imzalamamış, o, "xxxx" Firmasının təsisçilərindən biri olmamışdır. Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək, İddiaçı bir təsisçi kimi tanımadığını və onun təsisçilərin siyahısından çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə elektron sistemindən Cavabdeh2 ölümü barədə rəsmi məlumatın yerləşdirilməsi müəyyən edilməmiş, onun ölümü barədə məhkəməyə sənəd təqdim edilməmişdir. Odur ki, məhkəmə onun barəsində işin icratına xitam verməmiş və ona qarşı işə baxmışdır. Məhkəmə cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Cavabdeh2, Cavabdeh1 və İddiaçı tərəfindən xx.xx.2002-ci il tarixdə bağlanmış təsis müqaviləsinə əsasən "xxxx" Firmasının yaradılmış, 0102-A1-992 №-li şəhadətnamə ilə nizamnaməsi həmin tarixdə dövlət qeydiyyatına aldırmışdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 45-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340-cı maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 220.4-cü maddəsinin son cümləsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsini göstərə bilər. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, cavabdeh iddianı etiraf etmiş, məhkəmə bu etirafı qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. "xxxx" Firmasının yaradılması ilə bağlı 15 oktyabr 2002-ci il tarixli təsis müqaviləsi qismən, İddiaçı ilə bağlı hissədə etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar