Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3125/2023 15.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən ona məxsus xx/xx-9235/9236 nömrəli və 7/8-9231/9232 nömrəli bağ sahəsində cavabdehlər tərəfindən inşa olunan qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsinin, iddia verilərkən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 0,10 ha torpaq sahəsindən ibarət xx/xx-9235/9236 nömrəli və 0,10 ha torpaq sahəsindən ibarət 7/8-9231/9232 nömrəli bağ sahələri onun mülkiyətindədir. Bağ sahəsində yaşamamalarından istifadə edən cavabdehlər ona məxsus torpaq sahəsini zəpt edərək, orada özbaşına olaraq tikinti işləri aparmışlar. Cavabdehlərin qanunsuz hərəkətləri barədə Sabunçu RPİ-nin 15-ci polis bölməsinə müraciət etsələr də, cavabdehlər barəsində cinayət işinin başlanması rədd edilmiş, onlara mülki mübahisə ilə əlaqədar məhkəməyə müraciət etmələri izah edilmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Rüspublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışların surətlərindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, xx/xx-9235/9236 nömrəli bağ sahəsinin və 7/8-9231/9232 nömrəli bağ sahəsinin mülkiyyətçisi İddiaçıdır. Sabunçu RPİ 15-ci PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında təhquiqat materiallarında müəyyən edilir ki, cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq hasarlamışlar. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin AR DİN Sabunçu rayon Polis İdarəsinin baş təhqiqatçısı Anar Kərimova ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən bağ sahəsinə dair çıxarışın doğruluğu barədə məlumat və mütəxəssisin iştirakı ilə bağlı, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, digər fiziki şəxslər tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsi qanunsuz olaraq hasarlanmışdır. İddiaçının ərazisi üç ayrı-ayrı torpaq sahəsinin daxilində yerləşir. Vahid elektron kadast baza məlumatlarına əsasən ümumi ərazidə hasarlama plan-ölçüyə uyğun aparılmamışdır. Qeyd olunan halların aydınlaşdırılması ilə bağlı Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş sənədlərin doğruluğunun müəyyən edilməsi məqsədilə Bələdiyyəyə sorğu verilmiş 7073 nömrəli və 7070 nömrəli bağ sahələrinin həmin şəxslərin xüsusi mülkiyyətində olmaması, qeyd olunan sahələrin sənədləşməsi barədə Kürdəxanı Bələdiyyəsində hər hansı məlumat olmaması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması mübahisəsiz qaydada təstiq olunduğundan, həmin torpaq sahəsi ilə əlaqədar Bələdiyyə orqanları tərəfindən verilmiş hər hansı bir aktın və yaxud başqa məzmunlu sənədin heç bir hüquqi qüvvəsi yoxdur. Kürdaxanı Bələdiyyəsi tərəfindən cavabdehlərə torpaq sahəsinin ayrılması məhkəmə iclasında təstiqini tapmamışdır. xx.xx.2023-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kürdəxanı Bələdiyyəsinin nümayəndəsi X1 izahatında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər hansı torpaq sahəsinin ayrılmadığını və qeyd olunan ərazinin bələdiyyənin mülkiyyətində olmadığını bildirmişdir. Şərh olunanlardan göründüyü kimi Cavabdeh2 və Cavabdeh1 Ləhiş bağ sahəsində hasarladıqları torpaq sahəsinin onlara məxsus olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmiş əksinə onlar tərəfindən İddiaçı mülkiyyətində olan bağ sahəsinin özbaşına tutulmaqla orada qanunsuz hasar inşa olunması müəyyən edilmişdir. Bununla da cavabdehlər İddiaçı mülkiyyət hüququnu pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən-sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111.3-cü maddəsinə əsasən Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, xx/xx- 9235/9236 nömrəli Ləhiş bağ sahəsində və Bakı şəhəri, Sabunçu rayonu, 7/8-9231/9232 nömrəli Ləhiş bağ sahəsində inşa edilən qanunsuz tikililər cavabdehlərin hesabına sökülməli, iddiaçının pozulmuş hüquqları bərpa olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. İddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, xx/xx-9235/9236 nömrəli Ləhiş bağ sahəsində və Bakı şəhəri, Sabunçu rayonu, 7/8-9231/9232 nömrəli Ləhiş bağ sahəsində tikilən qanunsuz tikililərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülsün. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilsin. 50 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq dövlət hesabına (X2, kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-3125/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3125/2023
15.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver