Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3196/2024 25.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Bakı şəhəri 16 saylı notariat ofisinin, Bakı şəhəri 17 saylı notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərildiyi Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsızlığı və birgə nikah dövründə əldə edilmiş əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri 16 saylı notariat ofisinin, Bakı şəhəri 17 saylı notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərildiyi Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsızlığı və birgə nikah dövründə əldə edilmiş əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 16 saylı notariat ofisində və Bakı şəhəri 17 saylı notariat ofisində aparılmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilərək cavabdehlə birgə nikah dövründə əldə edilmiş əmlakdan ½ hissədə payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Cavabdeh ilə xx.xx.1989-cu ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Cavabdehlə rəsmi nikahda olduğu dövürdə, yəni 1990-cı ilin mart ayında əvvəlki adı Lenin rayon olan (Sabunçu) İcraiyyə Komitəsinin qərarı əsasında 2 nəfərdən ibarət gənc ailəyə fərdi yaşayış evi tikmək üçün Zabrat 2 qəsəbəsinin Şimal Qərb hissəsində 11-ci kavrtalda 6 saylı 1200 kv.m-dən ibarət torpaq sahəsi ayrılmışdır. Bundan sonra 2011-ci ildə cavabdehlə birgə nikah dövründə əldə etdiyikləri əmlak DƏDRX tərəfindən cavabdehin mülkiyyəti kimi rəsmi qeydiyyata alınaraq onun adına çıxarış verilmişdir. Qeyd edir ki, həmin dövrdə dövlət idarəsində işləməklə yanaşı, işdən sonrakı asudə vaxtlarında fərdi əməklə məşğul olaraq onlara ayrılmış fərdi torpaq sahəsində yaşamaq üçün 11 il ərzində öz əllərinin qabarı ilə hazırkı evi tikərək həmin evdə yaşamaqla təsərrüfatı birgə idarə etmişlər. 2012-ci ildə həyat yoldaşının xəyanətini sübuta yetirdikdən sonra onunla birgə yaşayışın qeyri-mümkün olduğunu cavabdehə, övladlarına və cavabdehin qohumlarına bəyan etmişdir. Bundan sonra ona cavabdehin qardaşları və oğlu tərəfindən təzyiqlər olmağa başlamışdır. Onlar müxtəlif vasitələrlə onu susdurmağa çalışmışlar. Bu mümkün olmadığı halda, ona müxtəlif şər və böhtanlar ataraq onu döyərək evdən qomağa çalışmışlar. Ziyalı olduğu üçün baş vermiş münaqişənin sülh və qarşılıqlı razılaşma yolu ilə həll edilməsini və övladlarının gələcəyi naminə dövlət qrumlarına rəsmi müracətlər edərək köməklik istəmişdir. Qeyd edir ki, cavabdehin bacı və qardaşlarının təhriki ilə övladını öyrədərək onunla mübahisəyə təhrik etməsi səbəbindən xx.xx.2012-ci ildə işdən evə qayıdan zaman oğlu ilə arasında münaqişə yaranmışdır. Uzun müddət ailədə olan psixoloji gərginlik səbəbindən əsəblərini cilovlaya bilməmiş, affekt vəziyyətində cinayət törətmişdir. Nəticədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasının əvvəli xx.xx.2012-ci ildən hesablanmaqla 8 il 5 ay 7 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Həbsdə olduğu müddətdə cavabdeh bundan sui-istifadə edərək əvvəlcədən planlaşdırılmış şəkildə aidiyyatı üzrə 2013-cü ildə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Qeyd edir ki, 2022-ci ildə cavabdeh tərəfindən hər hansı bir notariat hərəkətlərinin aparılması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə rəsmi müraciət etmişdir. Nazirliyin xx.xx.2022-ci il tarixli rəsmi məktubunda göstərilmişdir ki, xx.xx.2012-ci ildən xx.xx.2021-ci illər ərzində cavabdeh tərəfindən heç bir notariat əməliyyatları aparılmamışdır. Lakin sonradan məlum olmuşdur ki, rəsmi nikahları pozulduqdan sonra cavabdeh Bakı şəhəri 16 və 17 saylı notariat ofislərinə müraciət edərək onun razılığı və xəbəri olmadan birgə nikah müddətində əldə etdiyi torpaq sahəsini başqa şəxslərə alğı-satqı yolu ilə satmışdır. Bunulada cavabdeh və Ədliyyə Nazirliyi tərəfindən onun bütün hüquqlarını kobud surətdə pozulmuşlar. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bununla belə, Cavabdeh xx.xx.2024-cü il tarixli etiraz ərizəsi ilə müraciət edərək ərizəsində qeyd etmişdir ki, İddiaçı iddia edir ki, guya o, 2013-cü ildə iddiaçı həbsdə olduğu dövrdə onunla nikah pozulandan sonra qeyri-qanuni torpaq satmışdır. Qeyd edilən torpaq sahəsi 1990-cı ildə Sabunçu Rayon İcra Hakimiyyətinin göstərişi ilə Zabrat qəsəbəsi Sovetliyi tərəfindən Zabrat qəsəbəsi sakinlərinə pay torpağı kimi paylanmışdır. Həmin torpaq sahəsini valideynləri ona hədiyyə etmiş, yəni alğı-satqı yolu ilə alınmamışdır. İddiaçı ona qarşı əmlak tələbi Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 3793/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə rədd olunmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilən Bakı şəhəri 16 saylı notariat ofisi və Bakı şəhəri 17 saylı notariat ofisinin nümayəndələri ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə, iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6624/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı və Cavabdeh arasında xx.xx.1989-cu il tarixdə bağlanmış, 351 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. - xx.xx.2023-cü il tarixdə verilmiş Bakı şəhəri Sabunçu rayon qeydiyat şöbəsinin arayşına əsasən, İddiaçı və Cavabdeh xx.xx.1989-cu il tarixdə bağlanmış və 351 nömrə ilə qeydə alınmış nikahın pozulması xx.xx.2014-cü il tarixdə 95 nömrəli akt qeydi ilə qeydə alınmışdır. - Daşınmaz əmlakın xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.098994 ha olan torpaq sahəsinin 0.0353 ha hissəsi 19.000 manat qiymətində tam mülkiyyət üzrə alıcı X2 mülkiyyətinə verilmişdir. - Daşınmaz əmlakın xx.xx.2014-cü il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.118994 ha olan torpaq sahəsini 13.000 manat qiymətində tam mülkiyyət üzrə alıcı X1 mülkiyyətinə verilmişdir. - ******* nömrəli MA seriyalı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 11-ci kvartal, 6 saylı sahədə yerləşən ümumi sahəsi 0.118994 ha olan torpaq sahəsi xüsusi mülkiyyət növü olaraq xx.xx.2011-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. - ******* nömrəli RX seriyalı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 11-ci kvartal, 6 saylı sahədə yerləşən ümumi sahəsi 0.118994 ha olan torpaq sahəsi xüsusi mülkiyyət növü olaraq xx.xx.2014-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. - ******* nömrəli RX seriyalı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1n yerləşən ümumi sahəsi 0.098994 ha olan torpaq sahəsi xüsusi mülkiyyət növü olaraq xx.xx.2015-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2005-ci ildən ünvan 2 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi notariat idarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, İddiaçı iştirakı ilə “elektron notariat” informasiya sistemində xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixdək olan dövr ərzində notariat hərəkətləri aparılmamışdır. Bununla yanaşı, Aida Məmmədovanın adından notariat notariat hərəkətləri aparılmadığı müəyyən edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3793/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə iddiası rədd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (Mülki Məcəllənin 140-cı maddəsi). Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinatlar, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak aiddir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35 və 36.1-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ərarvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında qeyd olunur ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ərarvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ərarvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Həmçinin Plenum qərarında qeyd olunur ki, ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.1989cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və aralarındakı nikah Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6624/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikahın pozulması xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. Mübahisə predmeti olan əmlaklar - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 11-ci kvartal, 6 saylı sahədə yerləşən ümumi sahəsi 0.118994 ha olan torpaq sahəsi xüsusi mülkiyyət növü olaraq xx.xx.2014-cü il tarixdə, ünvan 1ndə yerləşən ümumi sahəsi 0.098994 ha olan torpaq sahəsi xüsusi mülkiyyət növü olaraq xx.xx.2015-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Yəni qeyd olunan daşınmaz əmlaklar birgə nikah dövründə deyil, tərəflər arasında nikah pozulduqdan sonra Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Həmin əmlakların birgə nikah dövründə əldə edilməsi, həmçinin birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq və əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri 16 saylı notariat ofisinin, Bakı şəhəri 17 saylı notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərildiyi Cavabdeh qarşı “alğı-atqı müqaviləsinin etibarsızlığı və birgə nikah dövründə əldə edilmiş əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki- Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, məhkəmə xərcləri ilə bağlı qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bakı şəhəri 16 saylı notariat ofisi, Bakı şəhəri 17 saylı notariat ofisinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərildiyi Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsızlığı və birgə nikah dövründə əldə edilmiş əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-3196/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3196/2024
25.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver