Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-32/2024 14.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi X4, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Qaz İxrac» İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti «Qaz İxrac» İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «Qaz İxrac» İdarəsinin Abşeron Magistral X5 balans və istismarında olan 219 mm diametrli «Zabrat-1 qolu» yüksək təzyiqli (12 atm) yeraltı magistral qaz kəmərinin mühavizə zonasında, Bakı şəhəri Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Süleyman Rəhimov küçəsindən keçən hissəsində 39 T 040900; ******* koordinatı üzrə həmin magistral qaz kəmərinin 2,5 metrliyində Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və çardağın onun hesabına sökülməsi, kəmərin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları təhlükəsizlik tədbirləri Qaydaları”-nın tələbləri pozularaq Socar “Qaz İxrac” İdarəsi Abşeron magistral X5 balans və istismarında olan 219 mm diametrli, “Zabrat-1 qolu” yüksək təzyiqli (12 atm) yeraltı magistral qaz kəmərinin 2,1ci km-də mühafizə zonasında, Sabunçu rayonu Zabrpat-1 qəsəbəsi, Süleyman Rəhimov küçəsindən keçən hissəsində 39 E 0409000; ******* koordinatı üzrə həmin magistral qaz kəmərinin 2,5 metrliyində daş hasar və çardaq inşa olunmuşdur. X7 Kəmərləri sahəsi tərəfindən Sabunçu Rayon İcra Hakimiyyətinə və qeyd edilən tikililərlə bağlı müvafiq tədbirlər görülməsi üçün xx.xx.2018-ci il tarixli AA-01/1172 saylı məktubla rəsmi poçtla müraciət edilmiş və müraciətə xx.xx.2018-ci il tarixli 1/1781 saylı məktubla cavab olaraq bildirilmişdir ki, qeyd olunan ərazidə baxış keçirilmiş və həqiqətən də vətəndaş Cavabdeh tərəfindən tikinti işlərinin aparıldığı təsdiqlənmişdir. Eyni zamanda qeyd olunan tikintilərlə bağlı müvafiq tədbirlər görülməsi üçün tərəflərindən Sabunçu rayon Polis İdarəsinə xx.xx.2018-ci il tarixli AA-01/1171 saylı və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tiktintidə X3 Agentliyinə xx.xx.2018-ci il tarixli AA-01/1177 saylı məktubla rəsmi müraciətlər edilmişdir. xx.xx.2018-ci il tarixdə 219 mm diametrli «Zabrat-1 qolu» yüksək təzyiqli (12 atm) yeraltı magistral qaz kəmərinin mühavizə zonasında, Bakı şəhəri Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Süleyman Rəhimov küçəsindən keçən hissəsində 39 T 040900; ******* koordinatı üzrə həmin magistral qaz kəmərinin 2,5 metrliyində Cavabdeh tərəfindən daş hasar və çardaq inşa olunması ilə bağlı 4 saylı Xətt İstismar Xidmətinin əməkdaşları tərəfindən Akt tərtib edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərərk iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından əörünür ki, Sabunçu rayonu Zabrpat-1 qəsəbəsi, Süleyman Rəhimov küçəsində yaşayan Cavabdeh tərəfindən 219 mm diametrli, (12 atm) təzyiqli “Zabrat-1 qolu” magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 2,5 metr məsafədə daş hasar və çardaq inşa edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh inşa etdiyi çardağın ləğv edilərək magistral qaz kəmərindən 50 metr kənarlaşdırılması barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarix məktublardan görünür ki, X7 Kəmərləri Sahəsi tərəfindən yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında inşa edilən çardaq barəsində tədbir görülməsinə köməklik göstərilməsi üçün Sabunçu rayon Polis İdarəsinə, Sabunçu Rayon icra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə rəsmi müraciət edilmişdir. İş materiallarında olan Sabunçu Rayon icra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli cavab məktubundan görünür ki, məsələ ilə əlaqədar Sabunçu Rayon icra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyi ilə birlikdə qeyd olunan əraziəyə baxış keçirilmiş və Cavabdeh tərəfindən tikinti işlərinin aparılması müəyyən edilməklə, tikinti işlərinin aparılması dayandırlmış, Zabrat qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən nəzarətə götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2018-ci il tarixli cavab məktubundan görünür ki, “Zabrat-1 qolu” yeraltı qaz kəmərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindən keçən hissəsində, kəmərin mühafizə zolağında yerləşən torpaq sahəsinin Cavabdeh tərəfindən özbaşına zəbt olunması və aparılan qeyri-qanuni tikinti işlərinin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi məqsədi ilə «Qaz İxrac» İdarəsindən daxil olmuş materiallar aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq İdarəsi və Təhqiqat İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tədim edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən vahid elektron kadastr baza materiallarına əsasən göstərilən ərazi bütövlükdə neft kəmərinin mühafizəsində yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/1-10/6666 №-li xx.xx.2024-cü il tarixli rəyinə əsasən vahid elekeron kadastr baza məlumatlarına əsasən tək koordinatla verilmiş sahə Magstral qaz kəmərinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. “Texniki təhlükəsizlik haqqında”Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən əhali və ətraf mühit üçün təhlükə yaradan partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən texniki təhlükəsizlik tələbləri bu qanunla, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları ilə, habelə texniki-normativ sənədlərlə müəyyənləşdirilən, mövcud qaydada qəbul olunan və texniki təhlükəsizliyi təmin edən şərtlərdən, qadağalardan, məhdudiyyətlərdən və yerinə yetirilməsi məcburi olan digər tələblərdən ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsindəəldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə qeyd edir ki, torpaq sahələrinin özbaşına tutulmasında, torpaq sahələrində qanunsuz tikintinin aparılmasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. (TM-nin 110-111-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddia olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Qaz İxrac» İdarəsinin istismarındadır, həmin torpaq sahəsinə və orada inşa edilmiş tikiliyə cavabdehin hüquqlarını təsdiq edən hər hansı sübut yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Qaz İxrac» İdarəsinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Qaz İxrac» İdarəsinin Abşeron Magistral X5 balans və istismarında olan 219 mm diametrli «Zabrat-1 qolu» yüksək təzyiqli (12 atm) yeraltı magistral qaz kəmərinin mühavizə zonasında, Bakı şəhəri Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Süleyman Rəhimov küçəsindən keçən hissəsində 39 T 040900; ******* koordinatı üzrə həmin magistral qaz kəmərinin 2,5 metrliyində Cavabdeh tərəfindən qeyriqanuni inşa edilmiş daş hasar və çardaq onun hesabına sökülsün və kəmərin mühafizə zonasından çıxarılsın. İş üzrə ödənimiş 10 manat dövlət rüsumu Cavabdeh iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Qaz İxrac» İdarəsinin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE********************) köçürülsün Qətnamədən onun rəsmi təqdim edildiyi vaxtdan 1 ay üddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-32/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-32/2024
14.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver