Məhkəmə qərarları › İş №2(008)-32/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-32/2025

25.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-32/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor Dş-200 mm-lik yerüstü neft kəmərinin 0.7-ci km-də 39 T 0409151; ******* saylı koordinatlar üzrə, kəmərdən 22 metr aralı məsafədə, 2-ci sırada, kəmərin mühafizə zonasında Sabunçu rayonu Şəhər şossesi 2-ci mədən döngə 6 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və yeni ev tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor Dş-200 mm-lik yerüstü neft kəmərinin 0.7-ci km-də 39 T 0409151; ******* saylı koordinatlar üzrə, kəmərdən 22 metr aralı məsafədə, 2-ci sırada, kəmərin mühafizə zonasında Sabunçu rayonu Şəhər şossesi 2-ci mədən döngə 6 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və yeni ev tikilisi faktları aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər”. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Sabunçu-Böyükşor DŞ-200 mm-lik yerüstü neft kəmərinin 0.7-ci km-də 39 T 0409151; ******* saylı koordinatlar üzrə, kəmərə perpendikulyar, 2-ci sırada, kəmərdən təqribən 22 metr aralı məsafədə özünü 2-ci Qarabağ müharibəsinin qazisi kimi təqdim edən Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, qismən hasarlanmış, içərisində yaşayış olan evin həyətyanı sahəsində 8 metr enində, 9 metr uzunluğunda və 1 metr hündürlüyündə yeni tikinti (ev) işlərinin aparılması aşkar edildi. Mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu ev sahibinə izah edilərək, görülən işin dayandırılması, həmçinin, sökülməsi tələb edilmiş, lakin o, edilən xəbərdarlığa məhəl qoymayaraq, işi dayandırmayacağını bildirmişdir. Faktla bağlı Sabunçu rayon icra nümayəndəsinə və DİN-nin 102 zəng xidmətinə məlumat verilmiş, polis və icra nümayəndəsi əraziyə gəldikdən sonra ev sahibi tikintini müvəqqəti dayandıracağını və icazə aldıqdan sonra davam etdirəcəyini bildirmişdir. Qeyd olunanlarla əlaqədar əlavə işlərin aparılmaması üçün həmin şəxsə yazılı şəkildə xəbərdarlıq təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Sabunçu-Böyükşor DŞ-200 mm-lik yerüstü neft kəmərinin 0.7-ci km-də 39 T 0409151; ******* saylı koordinatlar üzrə, kəmərə perpendikulyar, 2-ci sırada, kəmərdən təqribən 22 metr aralı məsafədə özünü 2-ci Qarabağ müharibəsinin qazisi kimi təqdim edən Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, qismən hasarlanmış, içərisində yaşayış olan evin həyətyanı sahəsində aparılan tikinti işlərinin davam etdirilməsi aşkar edildi. Faktla bağlı DİN-nin 102 xidmətinə məlumat verilmişdir. Sözügedən ünvanda aparılan tikinti işləri xx.xx.2022-ci il tarixdə aşkar edilərək Sabunçu rayon icra nümayəndəsinə və DİN-nin 102 zəng xidmətinə məlumat verilmiş, polis və icra nümayəndəsi əraziyə gəldikdən sonra ev sahibi tikintini müvəqqəti dayandıracağını və icazə aldıqdan sonra davam etdirəcəyini bildirmişdir. Qeyd olunanlarla əlaqədar əlavə işlərin aparılmaması üçün həmin şəxsə yazılı şəkildə xəbərdarlıq təqdim edilmiş, lakin ev sahibi tikinti işlərini davam etdirmiş və işini saxlamayacağını bildirmişdir. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, neft kəmərinin mühafizə zonasında tikinti işlərinin aparılmasının qanunazidd olması barədə Cavabdeh yazılı xəbərdarlıq edilmiş və sonuncu xəbərdarlığı imzalamışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Sabunçu- Böyükşor DŞ-200 mm-lik yerüstü neft kəmərinin 0.7-ci km-də, X-409151, Y-4477902 saylı koordinatlar üzrə, kəmərə perpendikulyar, 2-ci sırada, kəmərdən təqribən 22 metr aralı məsafədə Cavabdeh tərəfindən yaşayış evi inşa edilmişdir. Torpaq sahəsinə dair sənəd təqdim edilməyib. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Balaxanı OC). Sahə tamamilə neft kəmərinin mühafizə zonasında yerləşir. Sahədən 12 m aralı məsafədə ləğv edilmiş 24070 saylı, 42 m aralı məsafədə isə işlək 24076 saylı neft quyusu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/1108 nömrəli ekspert rəyindən görünür ki, Sabunçu-Böyükşor DŞ 200 yerüstü neft kəmərinin 0.7-ci km-də X-409151, Y- 4477902 saylı koordinatlar üzrə, kəmərə perpendikulyar, 2-ci sırada kəmərdən təqribən 22 m aralı məsafədə, Cavabdeh tərəfindən yaşayış evi inşa edilmişdir. Torpaq sahəsinə dair sənəd təqdim edilməyib. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Balaxanı OC). Sahə tamamilə neft kəmərinin mühafizə zonasında yerləşir. Sahədən 12 m aralı məsafədə ləğv edilmiş 24070 saylı, 42 m aralı məsafədə isə işlək 24076 saylı neft quyusu vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinə əsasən övlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2-ci maddəsinə əsasən fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.7-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Boru kəmərlərinin mühafizə zonalarında partlayış işlərinin aparılmasına yazılı icazə, ancaq Dövdağtexnəzarət Komitəsi tərəfindən təsdiq edilmiş partlayış işlərinin təhlükəsiz aparılmasının vahid qaydalarına uyğun olaraq həmin işləri aparan müəssisə (təşkilat) tərəfindən tələb olunan materiallar təqdim edildikdən sonra verilməlidir. İşin faktiki halları ilə müəyyən olundu ki, Cavabdeh tərəfindən Sabunçu rayonu Şəhər şossesi 2-ci mədən döngə 6 ünvanında, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Sabunçu-Böyükşor DŞ-200 mm-lik yerüstü neft kəmərinin 0.7-ci km-də 39 T 0409151; ******* saylı koordinatlar üzrə, kəmərdən 22 metr aralı məsafədə, 2ci sırada, kəmərin mühafizə zonasında fərdi yaşayış evi inşa edilmişdir. Həmin tikili neft kəmərinin mühafizə zonasında yerləşməklə, qanunsuz tikili hesab olunur. İddiaçı, mübahisəli ünvanda hasarın və yeni ev tikilisinin mövcud olduğunu iddia edərək, həmin hasarın və yeni ev tikilisinin sökülməsini tələb etsə də, ekspertiza tədqiqatı zamanı həmin ərazidə hasar və yeni ev tikilisi aşkar edilməmiş, iş materiallarında olan fotoşəkillərlə də həmin tikililərin mövcud olması öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə, hasarın və yeni ev tikilisinin sökülməsi hissəsində iddia tələbini əsassız hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Sabunçu- Böyükşor DŞ-200 mm-lik yerüstü neft kəmərinin 0.7-ci km-də 39 T 0409151; ******* saylı koordinatlar üzrə, kəmərdən 22 metr aralı məsafədə, 2-ci sırada, kəmərin mühafizə zonasında Sabunçu rayonu Şəhər şossesi 2-ci mədən döngə 6 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, Cavabdeh 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat isə tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Sabunçu- Böyükşor DŞ-200 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasında 0.7-ci km-də 39 T 0409151; ******* saylı koordinatlar üzrə, kəmərdən 22 metr aralı məsafədə, 2-ci sırada, Sabunçu rayonu Şəhər şossesi 2-ci mədən döngə 6 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə ödənilsin. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçındən və Cavabdeh müştərək qaydada tutulsun, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar