Məhkəmə qərarları › İş №2(008)-3246/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3246/2025

02.04.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3246/2025 02.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Cavabdeh iştirakları ilə, Ərizəçi Cavabdeh maraqlı şəxs qismində cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Cavabdeh maraqlı şəxs qismində cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesinin nəticəsində Cavabdeh ilə Ərizəçi arasında MŞB/18/2024-00647 №-li, xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, aralarında bağlanmış xx.xx.2021-ci il tarixli 4694 nömrəli nikahın əlavə vaxt verilmədən pozulması, birgə nikahdan dünyaya gələn xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək ananın himayəsinə verilməsi, birgə nikahdan dünyaya gələn xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 2024-cü ilin avqust ayından hər ay 200 manat aliment məbləğinin ödənilməsi, onun tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2021- ci il tarixdə, 4694 nömrəli akt qeydi ilə 5 saylı Bakı şəhəri “ASAN Xidmət” Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X5 adlı övladı dünyaya gəlmişdir. Bir müddət mehriban yaşasa da, sonradan cavabdehin ailəyə olan münasibəti dəyişdiyindən münasibətləri pisləşmiş, ailə münasibətlərinə son qoyulmuşdur. Bildirir ki, mediasiya prosesi dövründə aralarında xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Həmin sazişə əsasən, tərəflər onlar arasında bağlanmış nikahın məhkəmə qaydasında, barışıq üçün əlavə vaxt verimədən pozulmasına razıdırlar, tərəflər qarşılıqlı razılığa ldilər ki, Cavabdeh birgə nikahdan dünyaya gələn övladları xx.xx.2022-ci il təvəllüdlü X1 onun (ananın) yanında (himayəsində) qalmasına razıdır, tərəflər qarşılıqlı razılığa gəldilər ki, Cavabdeh birgə nikahdan dünyaya gələn xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2024-cü ilin avqustu tarixdən etibarən ona 200 (iki yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzrinə götürdüyü öhdəliklə və bu vəsaiti X3 məxsus bank kartına ödəniləcəyi ilə razıdır. tərəflər qarşılıqlı razılığa gəldilər ki, Ərizəçi birgə nikahdan dünyaya gələn xx.xx.2022-ci il təvəllüdlü X1 uşağın təhsilinə və sağlamlığına zərər vurmamaqla şərti ilə, öncədən anasını xəbərdar etməklə, İ tərəfin yəni Cavabdeh uşaqla ünsiyyətinin məhduddiyyət qoyulmadan təşkil olunmasına razıdır. İlkin mediasiya xərci (60 manat) və tam mediasiya xərcini (100) manat İ tərəf ödəyir. Bildirir ki, aralarında barışıq sazişi bağlanılmasına baxmayaraq cavabdeh tərəfindən üzərinə düşən öhdəliklər icra edilməmişdir. Odur ki, hazırda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, barışıq sazişi bağlandıqdan sonra aliment hissəsi icra edilməmişdir. Qarşı tərəf cəmi iki dəfə aliment ödəmişdir, odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Cavabdeh izahatında bildirmişdir ki, stresdə olduğu üçün bir müddət işləməmiş və nəticədə alimenti ödəyə bilməmişdir. Uşağın ondan olmasına şübhə edir və ananın yanında qalmasına etiraz etmir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mediasiya prosesi nəticəsində Cavabdeh ilə Ərizəçi arasında bağlanmış MŞB/18/2024-00647 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə dair ərizə “birgə nikahdan dünyaya gələn xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək ananın himayəsinə verilməsi, birgə nikahdan dünyaya gələn xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2024-cü ilin avqust ayından hər ay 200 manat aliment məbləğinin ödənilməsi” hissəsində təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. - AZ-İİ seriyalı 468435 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 xx.xx.2021-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 4694 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Musaxanova soyadı verilmişdir. - AZ-İV seriyalı 717881 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası Ərizəçidır. - Ərizəçi və Cavabdeh arasında Bakı 18 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00647 №-li barışıq sazişinə əsasən:

1. Tərəflər onlar arasında bağlanmış nikahın məhkəmə qaydasında, barışıq üçün əlavə vaxt verilmədən pozulmasına razıdırlar.

2. İ Tərəf onların birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 İİ Tərəfin yanında qalmasına razılıq verir.

3. İ Tərəf uşağın saxlanılması üçün avqust 2024-cü il tarixdən başlayaraq uşaq yetkinlik yaşına çatana qədər hər ay 200 (iki yüz) manat məbləğində alimenti İİ Tərəfə məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür.

4. İİ Tərəf-Ərizəçi uşağın təhsilinə və sağlamlığına zərər vurmamaq sərti ilə, öncədən ananı xəbərdar etməklə, İ Tərəfin, yəni Cavabdeh uşaqla ünsiyyətinin məhdudiyyət qoyulmadan təşkil olunmasına razıdır.

5. İlkin mediasiya xərci (60 manat) və tam mediasiya xərcini (100 manat) İ Tərəf ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında ailə mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə Bakı 18 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlanmışdır. Lakin maraqlı şəxs qanunvericiliklə müəyyən edilmiş müddət ərzində barışıq sazişini aliment tələbinə dair hissədə könüllü icra etməmişdir. Bu səbəbdən Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, barışıq sazişini, qanunvericiliyin tələblərini nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi və Cavabdeh arasında Bakı 18 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00647 №-li barışıq sazişinin bir hissəsi aşağıdakı kimi təsdiq edilməlidir:

2. İ Tərəf - Cavabdeh onların birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 İİ Tərəfin - Ərizəçi yanında qalmasına razılıq verir.

3. İ Tərəf - Cavabdeh uşağın saxlanılması üçün avqust 2024-cü il tarixdən başlayaraq uşaq yetkinlik yaşına çatana qədər hər ay 200 (iki yüz) manat məbləğində alimenti İİ Tərəfə - Ərizəçi məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən, Cavabdeh 100 manat dövlət rüsumu tutularaq Ərizəçi ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi və Cavabdeh arasında Bakı 18 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00647 №-li barışıq sazişinin bir hissəsi aşağıdakı kimi təsdiq edilsin:

2. İ Tərəf - Cavabdeh onların birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 İİ Tərəfin - Ərizəçi yanında qalmasına razılıq verir.

3. İ Tərəf - Cavabdeh uşağın saxlanılması üçün avqust 2024-cü il tarixdən başlayaraq uşaq yetkinlik yaşına çatana qədər hər ay 200 (iki yüz) manat məbləğində alimenti İİ Tərəfə - Ərizəçi məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 100 manat dövlət rüsumu tutularaq Ərizəçi ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar