Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-327/2022 27.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X7, İddiaçı, X1 iştirakları ilə, İddiaçı Cavabdeh X3 qarşı qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı çəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov keçəsində yerləşən 6 saylı binanın 1 saylı mənzilinin qarşısında inşa edilmiş ümumi uzunluğu 7,7 metr, hündürlüyü 0,8 metr və uzunluğu 3,3 metr hündürlüyü 1,25 metr olan hasarın və onların üzərindəki talvarın cavabdeh tərəfindən sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanın pəncərəsinin qarşısında qonşu X6 tərəfindən qanunsuz olaraq karantin rejimi dövründə otaq tikilərək mənzilini yararsız hala salmış, təbii işığın və təbii hava axınının qarşısını almışdır, bununla bağlı dəfələrlə şikayət ərizəsi ilə müraciət etmişdir. Bu günədək heç-bir tədbir görülməmiş, korrupsiya idarəsi bununla bağlı heç bir araşdırma aparmamış və şikayətinə faktiki olaraq baxılmır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2020-ci il tarixli xx/xx-1289 saylı məktubu ilə yerində baxış keçirdikləri və mənzilimin qarşısında tikinti işlərinin aparılması müşahidə olunduğunu, həmçinin bununla əlaqədar müvafiq akt tərtib olunmasını, təxirə salınmaz tədbirlərin görülməsi üçün sənədlərin Sabunçu rayon İcra Hakimiyyətinə göndərilməsinə və görülən işlər barədə komitəyə məlumat təqdim edilməsinə dair, Bakı ıəri İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2020-ci il tarixli F-32-151 saylı Sabunçu rayon İcra Hakimiyyətinə göndərilmiş məktubda qanunsuz olaraq inşa edilmiş tikilinin sökülməsinə dair müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. İlk müraciətində Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatından xx.xx.2020-ci il tarixli F-32/4-151/4 saylı cavab məktubunda həmin qanunsuz inşa edilmiş tikilinin sökülməsinə dair müvafiq tədbirlər görülməsi əks olunmuşdur. Düşünür ki, bir vətəndaş kimi konstitusion hüquqlarının bərpa olunması vacibdir və aidiyyətı orqanların bu məsələyə laqeyd yanaşması həm iddiaçının haqqınının tapdalanmasına gətirib çıxarır, həm də ailəsinin sağlamlığına öz mənfi təsirini göstərir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə elektron məhkəmə sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarındakı ünvana, eyni zamanda bağ evinin ünvanına bildirişlər göndərilməklə məlumat verilmiş, o, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin və tələbini dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı və cavabdeh qonşudular. Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 (ümumi sahəsi 28 kv metr) İddiaçı mülkiyyətindədir (DƏDRX tərəfindən verilmiş ******* №-li Çıxarış, daşınmaz əmlaık reyestr nömrəsi **********97-05101-093028, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il). Həmin binanın 35,35 kv metrdən ibarət 1B mənzilinin mülkiyyətçisi cavabdeh X4r (elektron məhkəmə sistemindən əldə edilmiş məlumat). İddiaçının xx.xx.2020-ci il tarixdə Sabunçu rayon İcra Hakimyyəti Mənzil- Kommunal Təsərrüfatı 44 saylı MKİS-ə etdiyi müraciətin araşdırılması nəticəsində aşağıdakılar müəyyən edilmişdir. İddiaçının mənzilinin mətbəx hissəsində olan pəncərəsinin qabağının digər 1B saylı mənzildə yaşayan sakinlər tərəfindən uzun illər bundan qabaq qeyri-qanuni olaraq zəbt edilərək hasarlandığı, hal-hazırda həmin mənzilin sahibi X3 edilmiş xəbərdarlığa baxmayaraq, onun mənzili bu vəziyyətdə aldığına görə hasarı sökməkdən imtina etməsi barədə məlumat verilmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Sabunçu rayon İcra Hakimiyyətinin başçısına ünvanlanmış xx.xx.2020-ci il tarixli xx/xx-1289 №-li məktubda qeyd edilmişdir ki, Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən binanın 1 nömrəli mənzilinin pəncərələri önündə inşa edilən qanunsuz tikilinin sökülməsi barədə İddiaçı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli müraciəti əsasında keçirilən monitorinq nəticəsində həmin binanın 1A nömrəli mənzilinin qarşısında tikinti işləri aparılması müşahidə olunmuş, bununla əlaqədar olaraq, rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə müvafiq Akt tərtib edilmiş, sənədlər təxirəsalınmaz tədbirlərin görülməsi üçün Sabunçu rayon İcra Hakimiyyətinə göndərilmişdir. Sabunçu rayon İcra Hakimiyyətinin başçısının 1-ci müavini tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda X6 tərəfindən aparılan yeni tikililərin Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının iştirakı ilə sökülərək ərazidən yığışdırıldığı, sökülməsi tələb edilən köhnə tikililərlə əlaqədar məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya məxsus mənzilə və söküntüsü tələb edilən tikintiyə baxış keçirilmişdir. Baxış zamanı 1B mənzilin zəngi məhkəmə tərəfindən çalınsa da, qapını açan olmamışdır. Məhkəmə tərəfindən iş üzrə tikinti-texniki ekspertiza təyin edilmişdir. Azərbaycan Resupblikası Ədldiyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 10/612 №-li, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, Bakı çəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov keçəsində yerləşən 6 saylı binanın 1 saylı mənzilinin qarşısında inşa edilmiş ümumi uzunluğu 7,7 metr, hündürlüyü 0,8 metr və uzunluğu 3,3 metr hündürlüyü 1,25 metr olan hasarın tikintisi zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1. bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalan"nın tələblərinə riayət olunmadığı müəyyən edilmiş, tədqiq olunan tikililərin iddiaçının evinə təbii işığın düşməsinə və havalandırmasına təsir göstərib-göstərməməsinin müəyyən edilməsi tikinti ekspertizasının predmetinə aid olmadığından həmin sual üzrə tədqiqt aparılmamışdır. Ekspert rəyi məhkəməyə təqdim ediləndən sonra məhkəmə iddiaçının mənzilinə və sökülməsi tələb edilən tikintiyə baxış keçirmişdir. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş tikili faktiki olaraq mətbəx üçün nəzərdə tutulan avadanlıqlar yerləşdirimişdir. İddiaçıya məxsus mənzilin mətbəxinin pəncərəsi birbaşa həmin inşa edilmiş mətbəxə açılır. Yəni, tikilidən öncə iddiaçının mətbəxi açıq havaya açıldığı halda hazırda qonşunun mətbəxinə açılır. Hazırda iddiaçı həmin tikililərin sökülməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia qanuni və ə saslıdır. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün tikililərin qanunsuz olması və həmin tikililərin iddiaçının hüququnu pozması elemetləri mövcud olmalıdır. Məhkəmə ekspert rəyinə əsasən tikililərin qanunsuz olduğunu, yerli baxış zamanı isə tikililərin iddiaçının hüquqlarını pozduğunu müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində ümumi sahəsi 28 kv metr olan sıxlaşdırılmış mənzilin mətbəxinin pəncərsi önündə inşa edilmiş tikili iddiaçının aşağıdakı hüquqlarını pozur: iddiaçı müxtəlif qoxulara dözməyə məruz qalır; iddiaçının mətbəxinə (xüsusilə təmiz hava axınına zərurət olan mənzilin sahəsinə) təmiz hava axını kəsilmişdir. Beləliklə, cavabdeh qanunsuz yolla öz yaşayış şəraitini iddiaçının yaşayış şəraitinin pisləşməsi yolu ilə yaxşılaşdırmışdır, bu hal da yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Odur ki, məhkəmə hesab edir ki, Bakı çəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov keçəsində yerləşən 6 saylı binanın 1 saylı mənzilinin qarşısında inşa edilmiş ümumi uzunluğu 7,7 metr, hündürlüyü 0,8 metr və uzunluğu 3,3 metr hündürlüyü 1,25 metr olan hasar və onların üzərindəki talvar X2 hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı çəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov keçəsində yerləşən 6 saylı binanın 1 saylı mənzilinin qarşısında inşa edilmiş ümumi uzunluğu 7,7 metr, hündürlüyü 0,8 metr və uzunluğu 3,3 metr hündürlüyü 1,25 metr olan hasar və onların üzərindəki talvar X2 hesabına sökülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-327/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-327/2022
27.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver