Məhkəmə qərarları › İş №2(008)-3330/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3330/2021

27.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3330/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi X2, Cavabdeh vəkili və nümayəndəsi X11 qızının iştirakları ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı vərəsəlikdən imtina barədə ərizənin ləğv edilmiş sayılması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində 23.09.2020-ci il tarixli 8İ-5308 Reysetrlə qeyd edilmiş vərəsəlikdən imtina barədə ərizənin ləğv edilmiş hesab edilməsi və ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X7 01.04.2020-ci il tarixdə ölmüş və ondan qalan daşınar və daşınmaz əmlakların vərəsə kimi qəbulundan yanlışlıqla imtina barədə ərizə vermişdir. Aldadıldığını başa düşdükdə notariusdan vərəsəlikdən imtina ərizəsinin etibarsız sayılmasın istəmiş, sonuncu isə bunun mümkün olmadığını bildirmişir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (arvadı) X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qeyd etdi ki, iddiaçı mirasdan bacısı Cavabdeh xeyrinə imtina etmiş, o, bacısı tərəfindən aldadılmışdır, odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi X11 qızı iş üzrə izahat verərək qeyd etdi ki, cavabdehin atasının sağlığında ona baxmış, xəstə qardaşına da daimi o, qulluq etmiş, iddiaçı spirtli içki düşğünüdür. O, orta təhsillidir, yazmağı, oxumağı bilir və fəaliyyət qabilliyətlidir. O, ərizəni oxuyub dərk etdikdən sonra imzalamışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırkı işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı və cavabdeh qardaş-bacıdırlar. X1 01.04.2020-ci il tarixdə ölmüşdür. Mərhumdan qalan bütün daşınar və daşınmaz əmlaklara dair İddiaçı tərəfindən rəsmiləşdirilmiş 8İ-5308 reyestrli vərəsəlikdən imtina haqqında ərizə 7 saylı xüsusi notariat ofisində təsdiqlənərək, notarius tərəfindən ona Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsi, yəni imtinanın hüquqi nəticələri və həmin ərizənin geri götürülməsinin mümkünsüzlüyü izah edilmişdir (7 saylı xüsusi notariat ofisinin notariusu X6 tərəfindən məhkəməyə ünvanlanmış 26.04.2021-ci il tarixli, D(62) №-li məktubu). Cavabdeh iddiaçının xeyrinə mirasdan imtina etmişdir. Hazırda iddiaçı həmin vərəsəlikdən imtina barədə ərizənin ləğv edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin rədd olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1151.1-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (əri), valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1261-c maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr arasından başqa şəxslərin xeyrinə imtina edə bilər; 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz; 1268.2-ci maddəsinə əsasən əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi əsasında verilir; 1272-ci maddəsinə əsasən mirasdan qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şçxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Göründüyü kimi, iddiaçının nə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli olmasına dair, yaxud yanılma nəticəsində imtina verməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddiaçı İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində 23.09.2020-ci il tarixli 8İ-5308 Reysetrlə qeyd edilmiş vərəsəlikdən imtina barədə ərizənin ləğv edilmiş hesab edilməsi və ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar